1 saatlıq qar 22 illik «analoqsuz inkişaf»ı darmadağın etdi
Ölkədə elə bir vəziyyət hökm sürür ki, sevdiyimiz şeyləri arzulamağa da qorxuruq. Qışın ən gözəl tərəfi qar yağmasıdır. Amma bu ölkədə o qədər “analoqsuz inkişaf” gedib ki, ağ qarın yağması, qara günlərin başlaması kimi qiymətləndirilir. 2 gün öncə ölkəmizə qar yağdı və bütün ölkə iflic vəziyyətinə düşdü.
Bəli, hamı qara lənət oxuyurdu, hamı tezliklə havanın dəyişməsini arzulayırdı. Ona görə ki, Ilham Əliyevin müşavirələrdəki optimizimindən, vədlərindən əsər-əlamət yox idi. Hər dəfə müşavirələrdə iddia edilirdi ki, ölkəmiz qışa hazırdı, bütün zəruri tədbirlər görülüb. Amma bir neçə saatlıq qar kifayət etdi ki, nəinki qışa, qışın bir saatına da hazır olmadığımız sübuta yetirilsin.
Son günlər ölkədə iki sahədə dəyişiklik edildi. Saleh Məmmədov “Azəryolservis”ə yeni sdər təyin edildi, Baba Rzayev isə “Azərişıq”ın sədri oldu. Adətən yeni təyinatlar, yeni yaranmış strukturlar özlərini təsdiq etməyə, müsbət nümunə göstərməyə çalışırlar. Amma 2 gün öncə yağan qar ölkəni zülmətə, yoları bataqlığa çevirdi. Bəli, Ilham Əliyevin yeni “ssenari”ləri özünü pis tərfdən göstərdi. Bəzi əyalət rayonlarının, demək olar, ölkə ilə əlaqəsi kəsildi. Bakının isə əksər rayonları işıqsız qaldı. Yəni qışın ilk və kövrək həmləsi kifayət etdi ki, ölkə iflic vəziyyətinə düşsün, vətəndaşlar zəruri ehtiyaclardan məhrum olsunlar.
Bəs, bu 20 illik inkişaf hara gedib, nəyi inkişaf etdiriblər. Neftin qiymətinin düşməsi kifayət etdi ki, iqtisadiyyatın sıfır olduğu təsdiqlənsin. Qarın yağması kifayət etdi ki, yol sistemindən tutmuş, enerji sektoruna qədər bütün sahələrin bərbad olduğu üzə çıxsın. Eyni zamanda o da müşahidə olundu ki, BŞIH-in də fəaliyyətinin olmadığı görünsün. Ilham Əliyevin “manat sabit qalacaq” vədi kimi “qışa hazırıq” vədi də əridi.
Təsəvvür edək ki, 2 gün öncə yağan qar 2-3 gün davam edir. Nəticəni qiymətləndirmək çətin deyil. Ölkənin dünya ilə əlaqəsi kəsiləcək, işıq, su, qaz arzuya çevriləcək, çörək tapmaq müşkül olacaq və milyardlar hesabına salınmış yollar “qeyb”ə çəkiləcək. Bütün bunlar ona görə baş verəcək ki, hakimiyyət heç vaxt ölkənin real inkişafı üçün çalışmayıb və bütün sahələrin “şikəst” olması hesabına şəxsi ciblərə milyardlar axıb. Ən faciəlisi isə budur ki, ölkəyə milyardlar axan dövrdə bu zəruri işlər görülməyibsə, krizis dövründə bu işləri görmək mümkün olmayacaq.
Müxtəsər, ötən dövr və müşahidə etdiklərimiz onu deməyə əsas verir ki, hakimiyyət bu illər ərzində yalnız xalqı aldatmağa hazır olub. Görünür, yalana hazırlaşmaq, qışa hazırlaşmaqdan daha sərfəli və daha asandır. Bəlkə də hakimiyyət təmsilçiləri utanmasalar “bu qar xarici qüvvələrin təzyiqidir, bu qar bizə qarşı ikili standartlar tətbiq edir” deyərdilər. Çünki, 1 saatlıq qar 22 illik analoqsuz inkişafı darmadağın etdi.
Akif