Kifayət Quliyeva: “Gün o gün olsun Vüqarın da qapısı açılsın; Günahsızca çox zülmlər, çox təzyiqlər oldu bizə”
Bu gün Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılan Lamiyə Quliyevanın anası Kifayət Quliyeva jurnalistlərə açıqlama verib. O, qərardan çox sevindiyini və bütün günahsız dustaqlara azadlıq arzuladığını deyib.
“Əlbəttə ki, çox sevindim. Bütün günahsız yatan dustaqlar azadlığa çıxsın, anaların gözləri yollardan çəkilsin. Qızıma köməyi dəyən hər kəsə bir ana kimi, öz təşəkkürümü bildirirəm. Sizdən bir xahişim var, efirə material verəndə heç kimi təhqir eləməyin. Mirşahinə demək istəyirəm ki, o, təkcə mənim uşağımı yox, həm də məni təhqir eləyib. Bütün Şəmkir camaatı bilir ki, mən necə namuslu qadınam, necə ailədən çıxmışam. Bizə çox zülm oldu. Eləyən də əlbəttə ki, Aslan müəllim idi. Əgər o, vaxtında övladına tərbiyə versəydi, belə peşmançılıq olmazdı, bu qədər adam bədbəxt olmazdı. Bir də demək istəyirəm ki, gün o gün olsun, Vüqarın da qapısı açılsın. O, ömürlük həbsdədi, onun da valideynləri çox zülmlər çəkir. Günahsızca çox zülmlər, çox təzyiqlər oldu bizə. Bacımın oğluna heç bir günahı olmadan yeddi il iş oxudular, mənim özümü də həbs eləmişdilər. Qohum-əqrəbaya çox zülmlər elədilər. Hamı bilir ki, bizə qarşı nələr olub, heç olmasa, bundan sonra ədalətli olsunlar, günahsızları buraxsınlar”, – deyə o, bildirib.