Elnur Rəsulov Lamiyə Quliyevanın uşağının atası olduğunu inkar etdi
«Elnur deyir ki, başqa qadından uşağı yoxdur, ona şər atırlar»
Son günlər Azərbaycan mətbuatının gündəmindən düşməyən məhkum Lamiyə Quliyevanın uşağının atası Elnur Rəsulov haqda ilginc məlumat yayılıb. Azvizion.az saytının yaydığı məlumata görə, məlum Lamiyə olayı Elnur Rəsulovun ailəsinə təsirsiz ötüşməyib. Rəsulovun həbsxanada ata olması onun ailəsində etirazla qaşılanıb. Mətbuat vasitəsilə məsələdən xəbər tutan Rəsulovun həyat yoldaşı və anası mənəvi “ata”dan bu olaya aydınlıq gətirməsini tələb edib.
Həbsxanadan ailəsinə telefon açan Elnur Rəsulov Lamiyənin uşağının ondan olmadığını, bu hadisədə günahsız olduğunu deyib.
Elnur Rəsulovun qohumları sayta bildirilib ki, Lamiyə Quliyeva ona şər ataraq özünü günahsız göstərmək istəyir: “Artıq Elnurun ailəsi də hər şeyi bilir. Onların ailəsində narazılıq baş verib. Onlar Elnurun yanına getmirlər. Elnur isə bu xəbərlərin yalan olduğunu söyləyir. Deyir ki, başqa bir qadından uşağı yoxdur, ona şər atırlar”.
Qohumları bildirib ki, Elnur Rəsulov rəsmi formada evlidir və bir uşağı var: “Elnurun ailəsi, həyat yoldaşı, uşağı var. Onun uşağı qızdır. Birinci sinifə gedir. Elnur ailəsini sevir. Onun qardaşı da rəhmətə gedib. Qızı atasının yolunu gözləyir. Hər dəfə atasını soruşur ki, nə vaxt gələcək. Elnur həyat yoldaşını sevib ailə qurub”.
“Lamiyə işi”ndə qaranlıq məqamların olması barədə dəfələrlə yazmışıq. Həm Lamiyənin öz açıqlamaları, həm də Elnur Rəsulovun qohumlarının dedikləri yazdıqlarımızı təsdiq edir. Xatırladaq ki, Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsi faktı ictimailəşəndən sonra çətin vəziyyətə düşən rəsmi qurumlar uşağın atasının Elnur Rəsulov adlı məhkum olduğunu bəyan etdilər. Lakin bu zaman ortaya sual çıxdı ki, Elnur Rəsulovla Lamiyə Quliyevanın Kürdəxanı Təcridxanasında canlı təması necə baş tutub? Rəsmi qurumlar vəziyyətdən çıxmaq üçün süni mayalanma iddiası ilə çıxış etdilər. Ictmaiyyətin bu iddianı gülüşlə qarşılamağını bir kənara qoyaq. Lamiyə Quliyevanın özü bunu yalan adlandırdı və bəyan etdi ki, təcridxanada onunla Elnur Rəsulovun canlı təmasına şərait yaradılıb. Indisə Elnur Rəsulov ona şər atıldığını deyir. Belə iddialar var ki, Lamiyə Quliyevanın hamilə qaldığı müddətdə Penitensiar Xidmət məsələdən xəbər tutub. Hətta uşağın atasının kimliyi də xidmətə məlum olub. Lakin faktın ictimailəşməməsi üçün cəhd göstərilib. Məsələ ictimailəşəndən sonra Lamiyə Quliyeva ilə qiyabı tanışlığı olan Elnur Rəsulov irəli sürülüb. Iddia olunur ki, Elnur Rəsulovla bu barədə danışıqlar aparılıb. Rəsmi qurumların uşağın atasının kimliyi barədə uzun müddət susmasının səbəbi də bu olub. Görünür, Elnur Rəsulov razılaşmasa belə uşağın atası kimi onun adının açıqlanması qərara alınıb.