Aslan İsmayılov
“Bizlərə doğma vətəndaşları kimi baxırlarsa mədəniyyətimizi təbliğ edən bu şənliklər hakimiyyət tərəfindən dəstəklənməlidir”
“Borçalı” cəmiyyətinin sədri, şəxsiyyətinə hörmət bəslədiyim, uzun illər dürüst insan kimi tanıdığım Zəlimxan Məmmədlinin Gürcüstan rəsmilərinə və ictimaiyyətinə ünvanladığı müraciəti ürək ağrısı ilə oxudum. Gürcüstanı ikinci doğma Vətəni sayan, onun müstəqilliyinə, uğurlarına doğma Azərbaycanı kimi sevinən bir ziyalının, Gürcüstan müstəqilliyinə təhlükə törədəcək bir şəxs kimi, ölkəyə girişinə qadağa qoyulması Gürcüstan məmurlarının ən ağılsız addımı və ilk növbədə Gürcüstan müstəqilliyinə vurulmuş bir zərbə kimi qiymətləndirirəm. Uzun illər Gürcüstanın Qardabani rayonunda yaşamış bir şəxs kimi qətiyyətlə bildirirəm ki, Gürcüstanda yaşayan azərbaycanlılar onun müstəqilliyinə heç də gürcü xalqından az sadiq deyillər. Yazdığım sadəcə bir yığın söz deyil. Bir çox gürcüstan kökənli azərbaycanlıların Gürcüstanın müstəqil, inkişaf etmiş ölkə olması üçün əllərindən gələni etmələrinin şahidi olmuşam. “Borçalı” cəmiyyətinin iclaslarından birində, tez-tez Gürcüstanda yaşayan azərbaycanlılara və ermənilərə eyni münasibət bəslənmədiyini mətbuatda işıqlandırdığıma görə, tədbirdə iştirak edən Gürcüstan səfirliyinin nümayəndəsi az qala məni də bir separatçı kimi qələmə verməyə çalışmışdı. Sonralar Rusiyanın Gürcüstana təcavüzünə münasibətimi görən və məni yaxından tanıyan ölkə rəsmiləri qeyri-rəsmi görüşlərdə buna görə üzrxaqlıq etmişdirlər.
Bu məqamda özümlə bağlı bir hadisəni ilk dəfə olaraq mətbuata açıqlayıram. Bu yazını oxuyan Gürcüstan rəsmiləri asanlıqla dediyim halı araşdıra bilərlər. 1987-1988-ci illər Gürcüstanda kompakt yaşayan azırbaycanlıları bir çox qüvvələr muxtariyyət almağa, yaşadıqları torpaqların Azərbaycana birləşdirilməsi uğrunda mübarizə aparmağa səsləyirdilər. Həmin bölgələrdə bu yöndə bir neçə tədbirlər də keçirilmişdi. O dövrlər Rusiyanın Stavropol diyarında məhkəmə sədri işləsəm də hadislərlə maraqlanırdım. Səhv etmirəmsə 1988-ci ilin sonunda, yaxud 1989-cu ilin əvvəlllərində tanıdığım bir nəfər mənim Qorbaçovun yaxın ətrafı ilə əlaqələrimdən istifadə edib Gürcüstanda yaşayan azərbaycanlıların muxtariyyət tələbini özündə əks etdirən məktubu ona çatdırmağımı xahiş etdi. Həmin şəxsə bunun yalnış addım olduğunu və mənim elə imkanımın olmadığını bildirdikdən bir neçə gün sonra yenidən yanıma gəldi. Əvvəllər Stavropol diyar partiya komitəsində katib işləmiş, o dövrdə isə SSRİ Kommunist partiyasının Mərkəzi Komitəsində kimya şöbəsinin müdiri işləyən Veniyamin Afonini tanıdığımı və məktubun ona çatdsırılmasını xahiş etdi. Həmin şəxsə qətiyyətlə rədd cavabı verdim və bir daha bu tip işlərlə məşğul olmamasını tövsiyyə etdim. O dövrlər və sonralar da tanıdığım şəxslərin hamısı azərbaycanlıların Gürcüstanda hər hansı separat hərəkətlərə qoşulmağının əleyhinə idilər.
Sonrakı hadisələr də göstərdi ki, Gürcüstanın müstəqil dövlət olmasında, sonralar müstəqilliyinin qorunmasında gürcüstanlı azərbaycanlıların və Azərbaycan hakimiyyətinin müstəsna rolu oldu və bu gün də həmin yanaşma mövcuddur. Bu istiqamətdə atılmış addımları sadalamaq istəmirəm, çünki hesab edirəm ki, yalnız bu yanaşma düzgündür. Gürcüstanın keçdiyi son ağır illər ərzində qonşu dövlətlərin ciddi cəhdlərinə baxmayaraq, orada yaşayan azərbaycanlılar və Azərbaycan hakimiyyəti bir dəfə də olsun problem yaratmadı, əksinə dayaq oldu. Ermənistan dövləti və orada kompakt yaşayan ermənilər isə bu gün də Gürcüstan müstəqilliyi üçün təhlükədir.Bütün bunlara baxmayaraq bu gün də Gürcüstanda yaşayan azərbaycanlılara ögey münasibət mövcuddur. Bunu görməmək isə mümkünsüzdür. Kifayətdir ki, azərbaycanlıların və ermənilərin kompakt yaşadıqları ərazidə hakimiyyət strukturlarındakı təmsilçiliyə fikir verəsən. Ermənilərin yaşadıqları Cavaxetiya bölgəsində bütün vəzifələrdə erməni millətindən olanlar təmsil olunurlar. Azərbaycanlıların yaşadıqları Kvemo Kartli bölgəsində isə bir neçə ikinci dərəcəli vəzifələrdə azərbaycan millətindən olan şəxslər var. Çoxlu sayda problemləri sadalamaqla münasibətləri gərginləşdirmək istəmirəm. Hesab edirəm ki, Gürcüstan inkişaf etdikcə olan problemlər də aradan qalxacaq. Ancaq bizlərə ikinci növ insanlar kimi yanaşılmasını heç cür qəbul etmirəm və hesab edirəm ki, xoş münasibətlər də ikitərəfli olmalıdır. Sözdə bir əməldə başqa cür olmamalıdır.
“Borçalı” cəmiyyətinin fəaliyyətinə bələd olan şəxs kimi qətiyyətlə deyirəm ki, nə cəmiyyət, nə də ki, onun sədri Zəlimxan Məmmədli heç vaxt Gürcüstan dövlətinin təhlükəsizliyinə mane ola bilməzlər. Əksinə atılmış addım uydurma, bilərəkdən, yaxud bacarıqsızlıqdan münasibətlərin gətginləşməsinə xidmət edir və təcili aradan qaldırılmalıdır. “Borçalı” cəmiyyətinin son dövrlər keçirdiyi Elat Bayramı isə hakimiyyət təmsilçilərində qıcıq yaratmamalı, əksinə əgər bizlərə doğma vətəndaşları kimi baxırlarsa mədəniyyətimizi təbliğ edən bu şənliklər hakimiyyət tərəfindən dəstəklənməlidir.