Qurumun rəsmisi məlumatların əsassız olduğunu desə də, işçilər onlara bu barədə xəbərdarlıq olduğunu iddia edir
“Bakı Metropoliteni” QSC “Azadlıq”ın yaydığı xəbərə münasibət bildirib. Qeyd edək ki, qəzetin dünənki sayında neft uculaşması səbəbindən “Bakı Metropoliteni”ndə yeni stansiyaların tikintisinin dayandırılması barədə məlumat dərc edilmişdi. Məlumatda deyilir ki, tikinti idarəsinin 1500 işçisindən 900 nəfəri öz hesabına məzuniyyətə göndərilib. 600 nəfər isə sadəcə görüntü üçün saxlanılıb. Iddialara görə, metropolitendə ixtisarlar da nəzərdən keçirilir.
“Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat katibliyinin rəisi Nəsimi Paşayev isə APA-ya bildirib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil:
“Yayılan məlumatlar həqiqətən uyğun deyil. ”Bakı Metropoliteni” QSC-də heç bir ixtisarlar aparılmır”.
O, əlavə edib ki, neftin ucuzlaşması səbəbindən “Bakı Metropoliteni”nin həyata keçirdiyi infrastruktur layihələrin dayandırılması ilə bağlı yayılan xəbərlər də əsassızdır: “Yeni metro stansiyalarının tikintisi dayandırılmayıb. Tikinti işləri əvvəlki templə davam edir”.
Lakin bu məlumatı “Azadlıq”a verən adının çəkilməsini istəməyən metropoliten işçisi isə israr edir ki, metropolitendə ixtisarlar planlaşdırılır. “1500 işçidən 900 nəfəri öz hesabına məzuniyyətə göndərilib. Onlara bildirilib ki, tikinti işləri dayandırılıb. Yanvarın 1-dən isə ixtisarlar olacağı deyilib”, – deyə mənbə iddia edib.