“Elə bir vəziyyətə salınmışam ki, erməni əsirliyində olan soydaşlarımız Dilqəm və Şahbaza həsəd aparıram”
İlkin Rüstəmzadə İşçi Qrupu tənqid edən yazısından sonra təcridxanada başına gələnləri danışdı
NIDA-çılar barəsində məhkəmə hökmü dəyişdirilmədən qüvvədə saxlanıldı
NIDA-çı fəallar – Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Ilkin Rüstəmzadə, Məmməd Əzizov və Şahin Novruzlunun apelyasiya şikayəti üzrə məhkəmə yekunlaşdı. Hakim Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may tarixli hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar verdi.
Qeyd edək ki, adları çəkilən gənclərdən Şahin Novruzlu, eləcə də bu cinayət işi üzrə təqsirləndirilən və birinci instansiya məhkəməsində onlarla mühakimə olunan Bəxtiyar Quliyev oktyabr ayında dövlət başçısının əfv sərəncamı ilə azadlığa buraxılıb. Dünənki məhkəmə iclasında Şahin Novruzlu da iştirak edirdi. Hakim Həsən Əhmədov ondan apellyasiya şikayətindən imtina edib-etmədiyini soruşdu. Şahin Novruzlu bildirdi ki, apelyasiya şikayətini müdafiə edir.
Məhkəmə nəzarətçisinin kobudluğuna görə qalmaqal düşdü
Qərar elan olunmamışdan əvvəl məhkəmə iclasında bir sıra maraqlı olaylar yaşandı. Ilkin Rüstəmzadə özü ilə bağlı bir məsələni hakimlərin diqqətinə çatdırmaq istəyirdi. Həmin vaxt məhkəmə zalında var-gəl edən nəzarətçilərin səsi deyilənlərin eşidilməsinə mane olurdu. Bu səbəbdən Ilkin Rüstəmzadə nəzarətçidən sakitliyə riayət olunmasını istədi. Nəzarətçinin kobud cavabı isə digər NIDA-çı fəalların da etirazına səbəb oldu. Sözügedən nəzarətçinin NIDA-çılardan birinə “ağzını cıraram” deməsi vəziyyəti daha da gərginləşdirdi. Nəticədə yoldaşları həmin nəzarətçini zaldan çıxartdı.
“Vətəndaşın başına bu cür oyun açmağın adı nədir?”
Ilkin Rüstəmzadə hökumət nümayəndələri və bir sıra QHT rəhbərlərindən ibarət Işçi Qrup haqda yazısından sonra təcridxanada məruz qaldığı təzyiqlərdən danışdı. Dedi ki, xeyli vaxtdır Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında ona qarşı, hətta erməni əsirliyində olan soydaşlarımızdan da qəddar davranırlar: “Mən hazırda Apelyasiya Məhkəməsinin icraatında olan məhkum olduğuma görə özümlə bağlı müəyyən məsələləri də məhkəmənin nəzərinə çatdırmaq istəyirəm. Ictimaiyyətə də məlum oldu ki, məni Işçi Qrupla bağlı yazıma görə 1 həftəlik karserə saldılar. Noyabrın 25-dən ailə üzvlərimlə görüşlərimə və telefon danışığına qadağa qoyulub. Elə bir vəziyyətə salınmışam ki, erməni əsirliyində olan soydaşlarımız Dilqəm və Şahbaza həsəd aparıram. Ermənistandan onlara heç olmasa, ailə üzvlərilə ünsiyyət imkanı yaradılır. Mən Bakının mərkəzindən cəmi 10 kilometr kənarda olan Kürdəxanı təcridxanasından ailəmdən xəbər tuta bilmirəm. Azərbaycan vətəndaşına qarşı bu cür davranış heç bir çərçivəyə sığmır.
Mən Işçi Qrup haqda bir yazı yazdım. Mən o yazıda heç kimi təhqir eləməmişəm. Eləmişəmsə də, üzr istəyirəm. Bir yazıya görə Azərbaycan vətəndaşının başına bu qədər oyun açmağın adı nədir?
Sabunçu Rayon Polis Idarəsindən bildiriş daxil olub ki, mənimlə bağlı təhqiqat aparılır. Həbsdə olduğum 19 ayda elə hadisələr baş verib ki… Gözləyirəm ki, bu işlərin axırı necə olacaq. Azərbaycanın müstəqilliyi tarixində mənə qarşı ən absurd ittiham irəli sürülüb. Ikinci absurd ittihamı da irəli sürməyə hazırlaşırlar. Cinayət işi başlanmayıb, amma ola bilər ki, başlasınlar. Kürdəxanıda mənə qarşı davranıldığı kimi heç əsirlikdə olanlarla davranmırlar. Deyirlər ki, dünya Qarabağla bağlı haqsızlığa hələ də susur. Susacaq da… Siz burada öz vətəndaşlarınıza divan tutursuz. Təcridxana rəhbərliyinə də dedim ki, əgər düşmənçilik aparırsınızsa, bunu açıq deyin. Mən ailə üzvlərimin səhhətindən narahatam”.
“Bu işdə cinayət, ittiham yoxdur, qərəz var, hikkə var…”
Daha sonra NIDA-çı fəalların vəkilləri hüquqlarını müdafiə etdikləri şəxslərə bəraət verilməsini istədilər. Vəkillərdən Nemət Kərimli, Namiq Hacıyev bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə gənclərə qarşı ittihamların sübuta yetirildiyi yazılsa da, bu fikir qətiyyən əsaslandırılmayıb. Hökmü oxuyanda açıq-aşkar görünür ki, əksinə, ittihamlar sübuta yetirilməyib.
Müdafiəçilərdən Əsabəli Mustafayev çıxışında hakimlərdən qərar verərkən xüsusən Şahin Novruzlugilin evindən aparılan 94 min 100 manat və 750 dollar vəsaitlə bağlı məsələyə diqqət yetirilməsini istədi: “Hökmdə göstərilib ki, Şahin həbs olunarkən evlərindən götürülən bu pul müsadirə olunub. Amma yazılmayıb ki, niyə müsadirə olunur? Bu puldan hansı cinayətdə, hansı məqsədlə istifadə olunub? Seyfdən o vəsaitlə yanaşı, həmin pulların kimlərə məxsus olduğu siyahı da götürülüb. Həmin siyahıda adları olan qohumlar da birinci instansiya məhkəməsində dindirilib. Məlumdur ki, Şahinin atası rəhmətə gedib. Şahin atasının ölümündən iki gün sonra buraxıldı. Həmin pulların sahibi bu ailədən borcu tələb edir. Bu ailənin vəziyyəti çox ağırdır. Bu səbəbdən məhkəmədən xahiş edirəm ki, o pulla bağlı epizoda xüsusi diqqət yetirilsin. O pul sahiblərinə qaytarılsın. Ittihama gəlincə, əlbəttə ki, mən də digər həmkarlarım kimi, təqsirləndirilən şəxslərin 7-nə də bəraət verilməsini xahiş edirəm. Çünki onların əməlində cinayət tərkibi yoxdur. Ittihamlar da sübuta yetirilməyib”.
Vəkil Yalçın Imanov da çıxışında ittihamların sübuta yetirilmədiyini vurğuladı: “89 səhifəlik hökmdə giriş var, nəticə var, amma əsaslandırma yoxdur. Aylarla davam edən məhkəmənin nəticəsi olaraq çıxarılan hökmdə nəinki ədalət görünmədi, ümumiyyətlə, ədalət sürgün edildi”.
Digər müdafiəçi Elton Quliyevin də çıxışı maraqlı oldu: “Bu cür məhkəmələrdə hüquqi çıxışa ehtiyac olmur. Ittiham uydurmadır. Həmin uydurma ilə də gəlib bu məhkəməyə çıxmışıq. Cinayət işinin materialları arasında cəmi 1-2 cild verilən ittihama aiddir. Əslində, o biri cildlərin toplanmasının məqsədi başqa idi – buradakı adamları ləkələmək, düşmən kimi təqdim etmək. Bu adamlar həbs olunduqları ilk günlərdə onları cəmiyyətə cinayətkar kimi təqdim etməklə, faktiki, onların təqsirsizlik prezumpsiyası hüququ birtərəfli qaydada pozulub. Cinayət işinin materialları arasında ittihamın əsasında dayanan bircə dənə də sağlam sənəd yoxdur. Ümumiyyətdə, bu işdə cinayət, ittiham yoxdur, qərəz var, hikkə var. Bu cinayət işi ilə nəyə nail olmaq istəyirdilərsə, ona nail olublar – bu adamlar 1 il 9 aydır ki, həbsxana rejimində saxlanılır.
Gerçəklikləri hamımız bilirik. Ona görə də heç olmasa, iki məsələnin bu məhkəmədə həll olunmasını istərdim. Bunların birincisi, Şahin Novruzlunun ailəsinə vurulmuş ziyanla bağlıdır. Guya, həmin pul müsadirə olunub, dövlətə verilib. Dövləti idarə eləyənlər də deyirlər ki, bizim ölkəmiz zəngindir, pulumuz çoxdur. Odur ki, qaytarın bu ailənin pulunu. Təkidlə xahiş edirik ki, bu məsələ həll olunsun. Ikinci bir məsələ Ilkin Rüstəmzadəyə verilən xuliqanlıq ittihamının çıxarılmasıyla bağlıdır. Məsələn, ola bilsin ki, bizim Nəlbəki rəqsi hansısa başqa ölkədə biədəb rəqs sayılsın. “Harlem-Shake” rəqsi də belədir. Bu, bütün dünyada yayılmış rəqsdir. O musiqi ilə çəkilmiş video-klipə görə adama ittiham vermək biabırçılıqdır. O klipi çəkən də, yayan da zaldadır (prosesi izləməyə gələn blogger Mehman Hüseynovu göstərir-red.), özü də birinci instansiya məhkəməsində dedi ki, mən çəkmişəm, mən yaymışam. O rəqsə görə xuliqanlıq ittihamı vermək ayıbdır. Heç olmasa, Molotov kokteyli, kütləvi iğtişaş kimi ciddi ittihamların yanına bunu yaraşdırmayın. Bu işdə ittihamları sübut edən dəlillərdən 30 dəfə çox o ittihamları təkzib edən dəlillər var. Ona görə də bu adamların hamısına bəraət verilməsini xahiş edirəm”.
Vəkillərdən sonra çıxış edən dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını istədi. Elə məhkəmənin qərarı da prokurorun istəyinə uyğun oldu…
Xatırladaq ki, sözügedən hökmə əsasən, Ilkin Rüstəmzadə, Rəşadət Axundov və Zaur Qurbanlı 8 il, Məmməd Əzizov və Rəşad Həsənov 7 il, Üzeyir Məmmədli və Bəxtiyar Quliyev 7 il, Şahin Novruzlu isə 6 il azadlıqdan məhrum edilmişdi.
***
Vəkil Elton Quliyev Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarının qanunsuz və əsassız olduğunu bildirib. Müdafiəçi qeyd edib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək. Əgər bu instansiyada da ədalətli nəticə əldə olunmasa, NIDA-çıların işi Avropa Məhkəməsi müstəvisinə çıxarılacaq.
Aytən Məmmədova