Məcburi köçkünlərin evini sökdürmək istəyən məmurlar ciddi müqavimətlə üzləşdi
Dekabrın 10-da saat 11.30 radələrində Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon Icra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərib.
Gəncədəki mənbədən Moderator.az-a daxil olan məlumata görə, Gəncə şəhər Nizami rayonunun polis əməkdaşları məcburi köçkünlərin aksiyasının qarşısı almağa çalışıb. Bu isə məcburi köçkünlərlə polislər arasında qarşıdurmaya səbəb olub. Qarşıdurma zamanı köçkünlərdən biri – Ceyhun Səmədov polis tərəfindən ağır xəsarət alıb. Onun Gəncədəki 3 saylı xəstəxanaya yerləşdirildiyi bildirilir.
Yaranmış vəziyyətdən narahatlıq keçirən rəsmilər isə guya kəlbəcərlilərin hakimiyyət təmsilçilərinə qarşı zor tətbiq etdiklərini, avtomobilin şüşəsinin sındırılmasını rəsmiləşdirərək cinayət işi qaldırıblar, beləliklə, diqqəti əsas məsələdən yayındırmağa çalışıblar. Kəlbəcərlilər isə deyir ki, ağır vəziyyətdə olan Ceyhun Səmədovu gecə ilə xəstəxanadan çıxarıb naməlum istiqamətə aparıblar. Bəzi məlumatlara görə, Ceyhun Səmədov polisə aparılıb. Kəlbəcərlilər hadisədən bərk qəzəbləniblər və onlara qarşı şəhərin icra strukturlarının atdığı bu addıma görə ölkə başçısından məsələyə müdaxilə etməsini xahiş edirlər. Onların bildirdiyinə görə, məcburi köçkünlərə qarşı zor tətbiq edənlər cəzalandırılmasa Prezident Administrasiyasına üz tutacaqlar.
Qeyd edək ki, DIN-in bu hadisə ilə bağlı yaydığı məlumatda Gəncə Şəhər Baş Polis Idarəsinin 5 əməkdaşının və orada olan rayon icra hakimiyyətinin başçısı və müavininin xəsarət aldığı, habelə Gəncə Şəhər Baş Polis Idarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələrinin sındırıldığı bildirilir.
Məlumatda deyilir ki, xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxş olub, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla əlaqədar Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.
“Hazırda başçının səhhəti yaxşıdır. O, həkim nəzarəti altındadır. Yaxın günlərdə xəstəxanadan təxliyə olunacaq”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Gəncə Şəhər Icra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev döyüldüyü iddia edilən Nizami rayonunun icra başçısı barədə deyib. Naqif Həmzəyev baş verənlərlə bağlı isə lent.az-a bunları bildirib: “Orada sakinlərə dəllalar tərəfindən qanunsuz olaraq torpaqlar satılıb. Sakinlər də indi onlardan pulunu tələb edirlər. Yəni hadisə həmin dəllallar tərəfindən törədilib. Həmin hadisəni törədən şəxslər də həbs edilib”.
Icra başçısının müavini vurğulayıb ki, orada yalnız qanunsuz hasarlar sökülüb: “Məcburi köçkünlər üçün qəsəbələr salınıb. Dünən insident yaşanan ərazidə olan tikililərdə yaşayış olmayıb”.
Naqif Həmzəyevin sözlərinə görə, Gəncə Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev hadisədən bir gün öncə Kəlbəcər sakinləri ilə görüş keçirib: “Sakinlər görüşdən razı qalmışdı”.
Kəlbəcər rayon Icra Hakimiyyətinin Əbülfəz Mehdiyev isə lent.az-a deyib ki, həmin tikililərin qanuni sənədi yoxdur: “Lakin qışın soyuğunda insanların tikililərini sökmək doğru deyil. Onlar orada 1993-cü ildən məskunlaşıblar”.