Yaxud Eldar Əzizovun komandası qışa necə hazırlaşır
Sumqayıtdan sahibkarlar “Azadlıq” qəzetinə maraqlı bir xəbər yollayıblar. Xəbər şəhər rəhbərliyinin qışa hazırlığı barədədir. Xəbərdən görünür ki, Sumqayıtın icra başçısı Eldar Əzizov və komandası bu qışdan həm də babat pulla çıxmağın qayğısına qalmağa başlayıb.
İlk tədbir şəhərdəki irili-xırdalı obyektləri qar təmizləmək üçün taxta kürəklərlə təchiz etmək olub. Deyə bilərsiniz ki, burda pul gətirəsi hansı əməliyyat imkanı ola bilər, əksinə, yəqin şəhər rəhbərliyi xərc çəkib, müəyyən sayda taxta kürəklər düzəltdirib. Əlbəttə, burada bir qədər həqiqət payı var. Həqiqətən də şəhər rəhbərliyi taxta kürəklər düzəltdirib. Amma onu obyekt sahiblərinə paylamayıb. Heç könüllü şəkildə almağı da təklif etməyib. Məcburən satdırmaqla məşğuldur. Almaq istəməyənlər hətta obyektlərinin bağlanacağı ilə hədələnirlər.
Bəs obyekt sahibləri bu kürəkləri niyə almalıdırlar? Əgər şəhərə qar yağsa, hər obyekt sahibi öz obyektinin qarşısını məhz bu taxta kürəklə təmizləməlidir. Başqa imkanları və hətta qarın onu kürəklə təmizləməyə zərurət yaranmayacaq miqdarda yağa biləcəyi ehtimalını da Eldar Əzizovun komandası yaxına buraxmır.
Kimlər üçünsə məsələnin bu tərəfi də adi görünə bilər. Hər halda “bura Azərbaycandır”, biz də “qılınc müsəlmanı” – bir işi zorla gördürməsən və o işdə müəyyən “çax-çux” olmasa olmaz.
Amma sumqayıtlı sahibkarlara zorla gördürülən işin mümkün “çax-çuxu” onu adilikdən çıxarır. Sahibkarları bizə üz tutmağa vadar edən də görünür, elə bu səbəbdir. Onlar şəhəri qardan niyə özlərinin və niyə məhz şəhər rəhbərliyinin satdığı taxta kürəklərlə təmizləməli olduqları, şəhər təsərrüfatına cavabdeh texnikaların və işçi heyətin hara yox olduğu kimi suallar barədə düşünə bilmirlər. Onların beynini məşğul edən bircə sual var: “bu qiymətə də taxta kürək olar?”. “Neçəyə?” deyib soruşursuz? Özünüzü möhkəm tutun, qiymət açıqlanır – 10 manat!
Bəli, bəli, Sumqayıt rəhbərliyi bir ədəd taxta kürəyi bir obyektə 10 manata satır. Bizə həmin taxtsa kürəklərdən birinin fotosunu da göndəriblər. Baxın, sumqayıtlı sahibkarlar bu iki taxta parçasına 10 manat ödəməlidirlər. Ödəməsələr…
Əşi, ödəyərlər, məgər Azərbaycanda yaşamırlar?!
Akif