Deputat parlamentdə qrantların məkrli niyyətli adamlara verildiyini iddia etdiyi vaxtda nazirlik bunun əksini sübut edən hesabat yaydı
Milli Məclisin dünənki iclasında deputat Zahid Oruc “Qrant haqqında” qanun layihəsinin müzakirəsi zamanı maraqlı çıxış edib. Deputat deyib ki, Azərbaycan gerçəkliyində qrant müqaviləsi bağlayan tərəflər bunu 3-cü tərəfə yönəldərək bir növ məsuliyyəti boynundan atmağa çalışır.
O, iddia edib ki, qrant alanların əksəriyyəti partiyaların ətrafındakı adamlardır: “Bu isə o deməkdir ki, qrantlar partiyaları maliyyələşdirir. Hansısa beynəlxalq qurum məsələn, ”Şuşaya qayıtmaq istəyən birinin istəyi” ilə bağlı qrant layihəsini maliyyələşdirməyib. Qrantları daha çox məkrli niyyəti olan şəxslər alırlar”.
Zahid Oruc çıxış edən dəqiqələrdə Ədliyyə Nazirliyi ötən il Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsi məqsədilə xarici ölkələrin səfirlikləri tərəfindən ayrılan qrantlarla bağlı hesabatını açıqlayıb. Nazirliyin məlumatına görə, 2013-cü ildə Azərbaycanda 11 layihə xarici ölkələrin səfirlikləri tərəfindən maliyyələşdirilib. Səfirliklər tərəfindən layihələrin həyata keçirilməsinə ümumilikdə 668 min 992 dollar vəsait ayrılıb.
Həyata keçirilən layihələrin bir neçəsinə diqqət yetirək. Yaponiyanın Azərbaycandakı səfirliyi “Gənc Liderlər” Təhsil, Təlim və Inkişaf ictimai birliyinə Samux rayonu Qırmızı Samux kənd həkim məntəqəsinin yenidən tikilməsi ilə bağlı 122 min 98 dollar; “Şəki Ekologiya və Təhsil Mərkəzi” Gənclərin ictimai birliyinə Şəki Texniki-Peşə məktəbinin təmiri ilə bağlı 122 min 513 dollar; “Yerli Idarəetməyə Yardım” ictimai birliyinə Göyçayda məktəb gigiyenasının təkmilləşdirilməsi məqsədilə 123 min 342 dollar; “Sivil Cəmiyyət” Inkişafa Dəstək Ictimai Birliyinə Ismayıllının Mirac kəndində uşaq bağçasının inşasına 123 min 50 dollar; “Davamlı Inkişafa Doğru” ictimai birliyinə “Saatlı rayonunun Məzrəli və Naharlı kəndlərində su təchizatı sisteminin yenidən qurulması” məqsədi ilə 123 min dollar vəsait ayırıb.
Almaniyanın Azərbaycandakı səfirliyi isə “Kapelhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyinin binasında istilik sisteminin qurulmasına 22 min 500 manat maliyyə vəsaiti ayırıb.
ABŞ-ın Azərbaycandakı səfirliyi “Kamil Vətəndaş” maarifləndirmə mərkəzinə Gəncədə təhsil məsləhəti fəaliyyətinin inzibati xərclərinin həyata keçirilməsinə yardım məqsədilə 2500 dollar; “Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin Inkişafına Dəstək ictimai birliyinə “Seçim proseslərində təhlükəsiz gənclik” adlı layihə ilə bağlı 13 min 245 dollar vəsait ayırıb.
Beləliklə, Zahid Orucun dediklərilə Ədliyyə Nazirliyinin açıqladığı hesabatı müqayisə edin. Nə vaxtdan həkim məntəqəsinin yenidən tikilməsi, Şəki Texniki-Peşə məktəbinin təmiri, Göyçay şəhərində məktəb gigiyenasının təkmilləşdirilməsi, Ismayıllıda uşaq bağçasının inşası, Saatlının kəndlərində su təchizatı sisteminin yenidən qurulması məkrli niyyət hesab olunur? Məktəb tikintisi kiməsə ziyan vurmaqdır?
Yəqin ki, Zahid Oruc öz çıxışından sonra Ədliyyə Nazirliyinin yaydığı hesabata diqqət yetirəcək və bir az düşünəcək…
Ramin DEKO