Paytaxtın əsas mətbuat yayımı firması olan “Qasid” Açıq Səhmdar Cəmiyyətinin bir çox qəzetə xeyli məbləğdə borcu var. Oktyabrın 21-də “Media forum” saytı “Qasid”in borclu olduğu bəzi qəzetlərin rəhbərlərini danışdırıb.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, “Qasid”in redaksiyaya 45 min manata yaxın borcu var və pulu ala bilmirlər: “Qəzetimiz təsərrüfat hesablıdır. Bizim qəzetin həm normal fəaliyyəti, həm də işçilərin güzəranı məhsulun satışından gələn gəlirdən asılıdır. İndiki mətbuat bazarında o qədər də ürəkaçan mənzərə yoxdur. Həm abunəçilər, həm də qəzet köşkləri azalıb. Elektron mediadan insanların operativ informasiya almaq imkanları isə bu gün qəzeti və qəzet kollektivini yaşatmağı daha da çətinləşdirir. Biz məhsulumuzu istehsal edib yayım təşkilatına veririk. Firmadan bizə qəzet qaytarılmır, amma satılan nüsxələrin pulu da verilmir. “Azərbaycan” rəsmi dövlət qəzeti olsa da, biz digər qəzetlərlə eyni problemi yaşayırıq.
“Qasid”in bizə olan borcu 45 min manata yaxındır və bu vəziyyət iki ildən çoxdur ki, davam edir. Hesab edirəm ki, bu, ümidsiz bir borca çevrilib. Çünki dəfələrlə firmanın rəhbərliyi ilə söhbət eləmişik. Bizə bildirirlər ki, imkan olan kimi borcu qaytaracağıq. Çıxılmaz vəziyyətdə qalmışıq. İstəyirik oxucular qəzetimizi oxusunlar. Bu səbəbdən qəzetimizi firmaya veririk. Ancaq yenə qəzetin satılan nüsxələrinin hamısının pulu bizə gəlib çatmır. İlbəil borc artır. Yəqin ki, yeni ildə borc 50 min manata qalxacaq.
Biz heç vaxt verdiyimiz malın dəyərindən keçmək, onu kiməsə bağışlamaq fikrində deyilik. Halal malımızın pulunu almalıyıq. “Qasid”in yaşadığı problemlər isə firmanın özünə aiddir”.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyevin sözlərinə görə, “Qasid”in redaksiyaya borcu 70 min manatı keçib. Borcu almaq üçün “Azadlıq”ın kollektivinin dəfələrlə “Qasid”in ofisi qarşısında aksiya keçirdiyini xatırladan Rahim Hacıyev qeyd edib ki, aksiyalar davam edəcək: “Çünki redaksiyamız çox ağır maliyyə böhranı içindədir. Qəzetimizin maddi vəziyyəti çox pisdir. “Qasid”in bizə olan borcu kollektivi və redaksiyanı xilas edə biləcək qədər böyük bir məbləğdir. Amma borcumuzu ala bilmirik. Sənədlər hazırlanır. Yaxın müddətdə məhkəməyə müraciət edəcəyik”.
“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov bildirib ki, “Qasid”in redaksiyaya 20 min civarında borcu var: “Borcu ödəmirlər. Düşünürük ki, “Qasid”i məhkəmə verək. Bizim pulumuzu heç kim mənimsəyə bilməz. Borcumuzu necə olsa alacağıq. Bizim buna haqqımız çatır”.
“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmlinin dediyinə görə, “Qasid”in redaksiyaya borcu 30 min manat həcmindədir: ”Məhkəməyə müraciət etsək də, müsbət bir nəticə yoxdur. Bizə deyirlər ki, firmanın əmlakı satışa çıxarılanda pulunuzu ala bilərsiz. Artıq “Qasid”ə qəzet verməyi dayandırmışıq”.
Bu ilin sentyabr ayından “Qasid” pərakəndə satış şöbəsinin fəaliyyətini dayandırıb və qəzet-jurnalı yalnız abunə sistemi üzrə yaymağı qərara alıb.