Bu işdə prezident Ramazan Abdullatipova Abbas Abbasov köməklik edir
“Dərbənd əhalisinin sayı 150 min nəfərə yaxındır. Bunun da 60 faizini azərbaycanlılar təşkil edir. İndi isə bizlərə “buranı tərk edin” deyənlər meydana çıxıb. Yüz illərdir ki, Dağıstanın, eləcə də Dərbəndin yerli əhalisi azərbaycanlılar olub. 32 xalq yaşayır, onlanrdan 14-nün adı Konstitusiyada var. Azərbaycanlılar da əsas xalqlardan biridir. Biz niyə dədə-baba yurdumuzu tərk etməliyik? Heç yerə gedən deyilik” – bunu Dərbənddə yaşayan azərbaycanlılar deyir.
Azərbaycanlıları sıxışdırırlar
Söhbət etdiyimiz sakinlər deyirlər ki, sözügedən ünvanda vəziyyət ürəkaçan deyil. Azərbaycanlılar sıxışdırılır, onların buradan köç etməsini istəyirlər.
Dərbənd şəhər sakini Maqomed Əliyevin sözlərinə görə, son zamanlar azərbaycanlılara qarşı ayrı-seçkilik var: “Ötən ilin aprelində şəhərin mərkəzində ucaldılan Nizami Gəncəvinin heykəli sındırılıb. Bu il oktyabrın əvvəlində isə Böyük Vətən Müharibəsi zamanı şücaət göstərərək həlak olan Sovet İttifaqı qəhrəmanı, milliyyətcə azərbaycanlı olan Şəmsulla Əliyevin heykəli onu adını daşıyan parkdan götürülərək zibilxanaya atılıb. İndi də Dağıstanın prezidenti Dərbəndi tamamilə öz inhisarına almaq istəyir”.
Şəhərdə ən çox müzakirə olunan mövzu ötən ilin sentyabrında Dağıstan prezidenti seçilən Ramazan Abdullatipovla Dərbənd rayonunun Bələdiyyə Şurasının (icra hakimi) rəhbəri olan milliyyətcə azərbaycanlı Qurban Qurbanov qarşıdurmasıdır.
Məlumat üçün qeyd edək ki, Qurban Qurbanov hazırda ev dustağıdır. Onun ev dustaqlığı ilə sonuclanan bu qarşıdurmanın yaranmasına prezident Abdullatipovun məsuliyyətsiz və qanunsuz çıxışı səbəb olub. O, Dağıstan sakinləri ilə “Açıq hakimiyyət” layihəsi çərçivəsində birbaşa efirdə keçirilən ünsiyyət zamanı “Biz Dərbənd rayon rəhbərliyini tezliklə dəyişəcəyik. Orada olduqca uzun müddətdir ki, hakimiyyət dəyişməyib. Hesab edirəm ki, rəhbərliyin dəyişməsi ancaq işin xeyrinədir” deməsi olub.
Dağıstanın şimalında reallaşmayan planlar Dərbənddə həyata keçirilir
Bu qarşıdurmanın kökündə nə dayanıb? Bu suala cavab tapmaq üçün şəhər sakinlərinin bir neçəsiylə söhbət etdik.
Şəhər camaatının dediyinə görə, Dərbənd rayonunun Bələdiyyə Şurasının rəhbəri olan Qurban Qurbanov bu rayona 1998-ci ildə birbaşa seçki yolu ilə seçilib. Ondan əvvəl isə 25 il Dərbəndə onun atası Səid Qurbanov başçılıq edib. Q.Qurbanovun Dərbəddə seçkilərdə qalib gəlməsi də təsadüfi deyil. Əvvəldə də qeyd etdiyimiz kimi azərbaycanlılar burada çoxluq təşkil edir.
Dərbənd camaatı onu da bildirdi ki, Abdullatipov Dağıstanın şimalında həyata keçirə bilmədiyi istəklərini cənubda – Dərbənddə reallaşdırmaq qərarına gəlib.
Şəhər sakini Ramazan Hüseynəliyev deyir ki, Dərbənd Şampan Şərabları zavodunun direktoru, milliyyətcə avar olan Məhəmməd Sədullayevlə Rusiyanın 5 ən böyük şərab istehsalçılarından biri olan Kizlyar Konyak Kombinatını özəlləşdirmək istədilər: “Ancaq şimalda yaşayan kazaklar buna etiraz etdilər. Bütün Rusiya bu etirazdan xəbərdar oldu. Abdullativov qorxub onları siçovul adlandırdı. Kazaklar onları təhqir etdiyinə görə Abdullatipovu məhkəməyə verdilər. Bundan qorxuya düşən Abdullatipov şimaldan çəkildi”.
Başqa bir sakin isə deyir ki, Abdullatipovun əsas məqsədi Qurbanovu uzaqlaşdırıb öz adamını Dərbənd rəhbərliyinə gətirmək və 2015-ci ildə planlaşdırılan özəlləşdirmə zamanı rayondakı əsas gəlir mənbələrinə sahib olmaqdır.
“Dərbənd çox strateji nöqtədir. Buradan dağlıq zonada yerləşən 12 rayona yol keçir. Dərbəndə nəzarət, həm də Mahaçqalaya nəzarət etmək deməkdir. Abdullatipov öz şəxsi maraqlarını güdür. Azərbaycanlıları özəlləşdirmədən kənarda saxlamaq istəyir. O, Dərbənddə olan Şəmsulla Əliyev adına olan aqrokombinatını, Russiyada üzümçülük üzrə lider kolxoz olan TATlar aqrokombinatını, Dövlət Unitar Müəssisəsi olan üzümçülük kompleksini, Qedjux üzümçülük kompleksini və çoxsaylı belə komplekslərə əl qoymaq niyyətindədir. Dərbənddə Dağıstanda ildə yığılan üzümün yarısı, tərəvəzin 30 faizi yetişdirilir. Çoxsaylı sosial-mədəni obyektlər var. Bütün bunlara nəzarət etmək istəyir” – deyə Vahid Hüseynov bildirir.
Abbasovla Abdullatipovun iş birliyi
Dağıstanın prezidentinə bu işdə köməklik göstərən də var. Baş nazirinin keçmiş birinci müavini, Rusiya Azərbaycan Təşkilatları İttifaqının rəhbəri Abbas Abbasov Abdullatipovla həmrəydir. Deyilənlərə görə, onların maraqları üst-üstə düşür.
“Abbasov lobbiçiliyini etdiyi Abdulatopovun əli ilə büdcədən böyük pul götürmək istəyir. O, guya Dərbənddə 5 min nəfərin işlədiyi fabrik işə salacağını söyləyib. Qəzetlər yazır ki, bu sadəcə büdcədən böyük pul qoparılması üçün uydurulan bir layihədir. Digər tərəfdən də özəlləşmədə böyük yağlı tikələrə sahib olmaq istəyirlər. Abbasov-Abdullatipov cütlüyü Sadvalı, Ləzgi Milli təşkilatını, Avar Milli təşkilatını da araya qatıblar. Bu müharibədə daha çox bu millətçi təşkilatlar görünür. Bunların hazırki siyasəti budur ki, azərbaycanlılar Dağıstanın yerli əhalisi deyil. Bizlər buradan köçməliyik”, – deyə sakinlər qeyd edir.
Hikmət Raxmemmedov fikrincə Qurban Qurbanovun səyləri nəticəsində Dağıstanın Dərbənd rayonunu dağıdıb sökə bilməyiblər: “Hazırda Dağıstanda rəhbər vəzifədə olan iki azərbaycanlıdan biri – Azadi Rəhimovu ədliyyə naziri vəzifəsindən azad ediblər. Qurban Qurbanova qarşı da faktiki məhkəmələrlə vasitəsi ilə təzyiq-təqib kampaniyası aparılır”.
***
Dərbənddə yaşayan azərbaycanlılar sona qədər mübarizə aparacaqlarını bildirirlər: “Bu bizim haqqımızdır. Əsrlər boyu yaşadığımız yerdən nə bizi qova, nə də hüquqlarımızı əlimizdən ala bilərlər”.
Ramin DEKO
Dərbənd