Daxali işlər naziri Ərşad Ibrahimlinin həbsindəki qaranlıq məqamları araşdıracaqmı?
Kəlbəcərdən məcburi köçkün, 11 il azadlıqdan məhrum edilmiş jurnalist Ərşad Ibrahimlinin qardaşı Taryel Ibrahimov daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciətin bir surəti də “Azadlıq”a daxil olub. Tariyel Ibrahimovun müraciətində deyilir:
“Qardaşım Ərşad Ibrahimli barəsində bir neçə ay öncə Gəncə Şəhər Baş Polis Idarəsinin müstəntiqləri Yadigar Sadıqovla Samir Rüstəmovun Kəlbəcər rayon təhsil şöbəsinin sabiq müdiri və bir neçə gün öncə barəsində Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən həbs e-dilən Bağırov Məhəmməd tərəfindən ələ alındığı barədə təkzibedilməz sübutlar olduğu üçün həmin polis zabitləri barəsində qanuni tədbirlər görməyinizi xahiş edirəm.
Hörmətli Ramil müəllim!
Istintaq materiallarının bu hissəsiylə qısaca tanışlıqdan sonra qurulan oyunların mahiyyəti və xahişimin səbəbi aydın olacaq: “Ibrahimov Ərşad Kəlbəcər rayon təhsil şöbəsinin müdiri işləmiş Bağırov Məhəmməd Yusif oğlunun Ələkbərova Fərqanəyə cinsi əlaqədə olması müqabilində onun bütün maddi ehtiyaclarını ödəyəcəyini vəd verməsi ilə bağlı həqiqətə uyğun olmayan müsahibə alıb. Məhəmməd Bağırovdan külli miqdarda, yəni 30 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmək barədə Ələkbərova Fərqanə ilə razılığa gəldikdən sonra Ələkbərova Fərqanədən müsahibə almasını səhnələşdirmişdir və həqiqətə uyğun olmayan sözlərlə videoçəkiliş etmişdir”.
Cənab nazir!
Ərşad Ibrahimlinin Fərqanə Ələkbərovadan müsahibə götürməsindən bir neçə ay öncə sonuncunun prezident Ilham Əliyevə yazdığı və Prezident Adminstrasiyasının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə Iş Şöbəsinə 02.04.2013-cü ildə daxil olmuş 2192 saylı ərizədə Məhəmməd Bağırovun onu aldadaraq namusuna təcavüz etməsi barədə tükürpədici faktlar əksini tapmış məktubu bu iddiaları alt-üst edir. Maraqlıdır ki, bu müraciət əsasında dərhal Məhəmməd Bağırov barəsində cinayət işi başlanılması üçün həmin ərizə prokurorluğa göndərilmək əvəzinə Kəlbəcər rayon Icra Hakimiyyətinə göndərilib. Bundan ürəklənən Məhəmməd Bağırov Fərqanə Ələkbərovanı hansısa şirnikləndirici təkliflər müqabilində ələ alaraq öz tərəfinə çəkməyə nail oldu və nəticədə Fərqanə qardaşım Ərşad barəsində Gəncə prokurorluğuna şikayət etdi. Ancaq Gəncə Şəhər prokurorunun köməkçisi Tamerlan Baqiyev araşdırma apardıqdan sonra Fərqanə Ələkbərovanın ərizəsi əsasında CM-nin 182.1 maddəsiylə cinayət işi başlamaqdan rəddetmə qərarını 07.05. 2013-cü ildə şəxsən Ərşad Ibrahimliyə təqdim edib. Amma Məhəmməd Bağırov Ərşada şəxsən deyib ki, səndən əl çəkən deyiləm və nəyin bahasına olur-olsun səni dama basdıracam. Elə buna görə üstündən bir neçə ay keçdikdən sonra Məhəmməd Bağırovun şikayəti əsasında bu dəfə Gəncə Şəhər Polis idarəsinin istintaq və təhqiqat şöbəsində CM-nin 182.3.2 maddəsiylə cinayət işi başlanılır. Aylarla Məhəmməd Bağırovun sifarişləri əsasında aparılan cinayət işi tamamlanaraq qardaşım barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 11 il azadlıqdan məhrumetmə cəzası verilir.
Bu qədər Allahsızlıq olarmı? Əgər doğrudan da Fərqanə Ələkbərovanın birinci ərizəsi əsasında Ərşadla bağlı cinayət işi başlanması rədd edilmişdisə, niyə Fərqanəyə qarşı başqasına böhtan atma maddəsiylə cinayət işi başlamaq Gəncə polisinin yadından çıxıb? Çünki Məhəmməd Bağırov işi aparan polisləri ələ almağı bacarıb. Bundan başqa ikinci dəfə təkcə Ərşad haqqında cinayət işi başlanılanda ittiham aktında yuxarıda da qeyd edildiyi kimi yazılır ki, o Fərqanəylə əlbir olaraq Məhəmməd Bağırovdan külli miqdarda pul qoparmaq üçün belə bir oyun qurub. Elə isə niyə Fərqanə haqqında da cinayət işi başlanılmadı? Çünki ortada əlahəzrət Məhəmməd Bağırov faktı var və o Fərqanəni göstərdiyi xidmətləri müqabilində qorumağa söz verdi və hələlik buna nail oldu…
Hörmətli Ramil müəllim, ona görə hələlik yazdım ki, hələ də qardaşımın heç bir təqsiri olmadığı barədə məhkəmələrin ədalətli qərar çıxaracağına ümidimizi üzməmişik. Artıq Məhəmməd Bağırovun korrupsiya cinayətləri törətdiyi sübuta yetirilib və o dəmir barmaqlıqlar arxasındadır. Ona görə də Fərqanənin törətdiyi cinayəti sübuta yetirmək bu işlə maraqlanan istintaqçılara çətin olmaz. Əgər Gəncə polisinə bu işi araşdırmağı tapşırsanız Fərqanə bu günə qədər etdiyi pislikləri kimin sifarişi ilə həyata keçirdiyini bülbül kimi oxuyacaq. O zaman Ərşadın günahsızlığı üzə çıxmış olacaq.
Hörmətli Ramil müəllim!
Biz yetim uşaqlarıq və Kəlbəcərdən didərgin düşdükdən az sonra ata-anamızı cavan yaşlarında itirmişik. Hal-hazırda Goranboy rayonunun Xoylu kəndində keçmiş kolxoza məxsus olmuş tövlədə məskunlaşmışıq. Qardaşım Ərşad isə həbs olunanadək Gəncə Aluminum Gil-Torpaq zavodunun yataqxanasındakı 15 kv.metrlik otaqda məskunlaşmışdı. Əgər M. Bağırovun iddia etdiyi kimi Ərşad rüşvət alan olsaydı bir minik maşını, yaxud 3 sot torpağı və ya yaşayıb ailə qurmağa birotaqlı evi olardı. Diqqətinizə çatdırım ki, M.Bağırov yenicə həbs olunsa da barəsində hələ aylar öncə cinayət işi başlanılmasında Ərşadın topladığı və baş prokurorluğa təqdim etdiyi faktların, sənədlərin rolu olmuşdu. Elə buna görə də o qisas hisssiylə qardaşımı ləkələdi və törətmədiyi cinayət əməlinə görə ağılasığmaz cəzaya məhkum edildi.
Cənab nazir, bütün bunları nəzərə alaraq yuxarıda adlarını çəkdiyim polis zabitlərinin və Fərqanə Ələkbərovanın cinayət məsuliyyətinə cəlb olunmaları üçün tərəfinizdən nazirliyin müvafiq strukturlarına göstəriş verməyinizi xahiş edirəm. Əvvəlcədən minnətdarlığımı bildirirəm.”