Ekspertlər hesab edir ki, hökumət itkiləri benzinin qiymətini sabit saxlamaqla kompensasiya etmək istəyir
Neftin qiymətinin düşməsi ilə əksər ölkələrdə benzinin də qiymətində enmə müşahidə olunub. “The Wall Street Journal” qəzeti yazır ki, hazırda ABŞ-da parakəndə satışda benzin 15 faizdən çox ucuzlaşıb və orta hesabla bir qallonu 3,17 dollara satılır. Bir qallon 3,8 litrə yaxındır və bu göstərici ilə hesablayanda ABŞ-da benzinin litri 83 sentə, yaxud Azərbaycan valyutası ilə hesablayanda cəmi 65 qəpiyədir. Avropa ölkələrində də benzin ucuzlaşıb. Lakin Azərbaycanda benzinin qiyməti sabit qalıb. Məlumat üçün deyək ki, ən ucuz benzinin litri hazırda 70 qəpikdir, 95 oktanlı benzin isə 1 manata yaxındır.
Iqtisadçı ekspert Qadir Ibrahimli bildirir ki, ABŞ və Avropa ölkələrində benzinin ucuzlaşması bu ölkələrdə iqtisadiyyatın çoxşaxəli olması ilə bağlıdır: “Bu ölkələrin iqtisadiyyatı neftdən asılı deyil. Ona görə də bu ölkələrdə neftin qiymətinə uyğun olaraq benzinin qiymətini tənzimləyir. Azərbaycanda isə hər şey neftdən asılıdır. Büdcə gəlirləri, xarici ticarətin həcmi, sənayenin istehsal səviyyesi, bir sözlə iqtisadiyyatın təxminən 60-70 faizi neftin dünya baxarındakı qiymətindən asılıdır”.
Qadir Ibrahimli bildirib ki, “qara qızıl”ın ucuzlaşması Azərbaycan kimi iqtisadiyyatı neftdən asılı olan ölkələrdə vəziyyətin daha acınacaqlı olmasına gətirib çıxarır: “Çünki neft gəlirləri azaldıqca büdcədə boşluq yaranır. Büdcə kəsiri sürətlə artmağa başlayır. Bu halda hökumət məcbur olur ki, benzinin qiymətini sabit saxlamaqla itkiləri kompensasiya etsin. Belə vəziyyətdə hətta benzinin bahalaşması da istisna olunmur. Əgər neft kəskin ucuzlaşmaqda davam edəcəksə, onda yaxın aylarda benzinin qiyməti arta da bilər. Təbii ki, bu Azərbaycan kimi ölkələrə aiddir. Nəhayət, Azərbaycanda benzin emalı və satışı dövlət inhisarındadır. Yəni, SOCAR həm neftin hasilatçısı, həm nefti emal edən, həm də satışı ilə məşğul olan qurumdur. Bu SOCAR-a imkan verir ki, neft ucuzlaşdığı təqdirdə benzinin qiymətini sabit saxlamaq və ya artırmaqla itkiləri konpensasiya etsin. Müqayisə üçün deyək ki, Gürcüstanda benzinin topdan satışı ilə bir neçə özəl şirkət məşğul olur. Bu rəqabət o həddə gəlib çatıb ki, nefti, qazı olmayan Gürcüstanda bu ilin əvvəlində benzinin qiyməti nisbətən ucuzlaşıb”.