Nəsimi rayon məhkəməsində tanınmış ziyalı, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevə qarşı proses başlayıb. Eldəniz bəyi daxili işlər naziri Ramil Usubov xüsusi ittiham qaydasında məhkəməyə verib.
Nazir Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılmasını istəyir. İddiaya səbəb isə Eldəniz Quliyevin yol polisinin qanunsuz əməlləri barədə yazdıqları olub. Kinodramaturq bir müddət əvvəl “facebook” səhifəsində Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə diqqət çəkən Eldəniz Quliyev naziri məlum problemin həlli istiqamətində konkret addımlar atmağa səsləyib.
Məhkəməni izləməyə gedən əməkdaşımız xəbər verir ki, proses kiçik zalda keçirilir. İştirak etmək istəyənlər zala yerləşməyib. O cümlədən jurnalistlər çöldə qalmalı olub.
Proses zamanı hakim Eldəniz Quliyevin məhkəmə çəkişməsinə səbəb olan facebook qeydinin ekspertizadan keçirildiyini bildirib və ekspertlərin hazırladığı rəyi səsləndirib. Rəyə görə, Eldəniz Quliyevin yol polisləri haqqında facebook səhifəsində yazdığı, sonradan moderator.az saytında yayımlanan qeydində təhqir elementləri var.
Rəy tərəflərə təqdim olunub.
Müdafiə tərəfi bildirib ki, rəy onlara prosesdən əvvəl təqdim olunmalı idi. Hakim vaxt azlığından bunu edə bilmədiklərini deyib. Müdafiə tərəfi isə rəylə tanış olmaq üçün vaxt verilməsinə dair vəsatət qaldırıb və vəsatət təmin olunub.
Müdafiə tərəfin ikinci vəsatəti Eldəniz Quliyevin daimi yaşayış yerini tərk etməməklə bağlı qətimkan tədbirinin müvəqqəti dəyişdirilməsi barədə olub. İttiham tərəfi bunu mümkünsüz sayıb. Prokuror deyib ki, nə qanunvericilikdə belə hal nəzərdə tutulub, nə də praktikada belə hal olub.
Vəkil ərizəyə düzəliş edərək, qətimkan tədbirinin, ümumiyyətlə dəyişdirilməsini istəyib. Məhkəmə müşavirədən sonra vəsatətin təmin olunmadığını elan edib.
Bundan sonra proses təxirə salınıb. Növbəti proses oktyabrın 20-i, saat 14:00 təyin edilib.