Vəkillər bəyanat yaydı; AXCP İlham Əliyevə məsuliyyətini xatırlatdı
Hüquq müdafiəçisi Leyla Yunus saxlandığı Kürdəxanıdakı istintaq təcridxanasında döyülüb. Bu barədə Leyla Yunusun müdafiəçiələri bəyanat verib:
24 sentyabr 2014-cü ildə müdafiəçilərindən vəkil Fariz Namazlı və Cavad Cavadov növbəti dəfə Leyla Yunusun yanına getmişlər. Nəhayət üçüncü cəhdə vəkillər Leyla xanımla görüşə biliblər. Leyla xanımın bildirdiyinə görə, son günlər havalar soyuq keçdiyindən və isti su olmadığından o, soyuq su ilə yuyunmalı olmuş, bunun nəticəsində bərk soyuqlamışdır. Bir neçə gün qızdırmalı yatmalı olmuşdur. Bu durumuna baxmayaraq, ona heç bir tibbi yardım göstərilməmişdir.
Leyla xanım qızdırmalı yatdığı halda, bazar günü onun kamerasında “şmon” keçirilmiş və nəzarətçilər ciddi şəkildə hər hansı yazılar axtarmışlar. Axtarışdan sonra Leyla xanımın yaxınları ilə telefon ünsiyyət hüququna bir aylıq qadağan qoyulmuşdur. Leyla xanımın bildirdiyinə görə, bu həftənin 1-ci və 2-ci günü bərk qızdırması olduğundan və yeriməyə halı olmadığından vəkillər Xalid Bağırov və Elçin Qəmbərovla görüşə çıxa bilməmişdir.
Leyla xanım onu da bildirmişdir ki, dünən günün ikinci yarısı Bakı İstintaq Təcridxanasının əməkdaşı mayor Yaqubov kamerasına gəlmiş, onun qolunu buraraq kameradan çıxarıb, kənarda olan boş kameraya aparmış, orada saçından tutub yerə yıxmış və yerdə sürümüşdür. Bu zaman ona “ağıllanmırsan da sən” deyə bağırmışdır. Böyründən zərbələr endirmişlər. Saçının yolunmuş olmasını vəkillər də müşahidə etmişlər.
Leyla Yunusun vəkilləri olaraq bu yaranmış durumun biabırçılıq və yolverilməz olmasını bildirir və aidiyyəti orqanlardan bununla bağlı təxirəsalınmadan araşdırma aparmasını, təqsirli şəxslərin cəzalandırılmasını və Leyla Yunusa təcili müvafiq yardım göstərilməsini tələb edirik. Beynəlxalq Qırmızı Xaçın Bakıdakı nümayəndələrindən Leyla Yunusa Təcridxanada yoluxmalarını rica edirik.
Elçin Qəmbərov
Fariz Namazlı
Cavad Cavadov
Xalid Bağırov
Əlayif Həsənov
24.09.2014
***
AXCP hüquq müdafiəçisi Leyla Yunusun istintaq təcridxanasında başına gətirilənlər, siyasi məhbus Mövsüm Səmədovun karsa salınması və Naxçıvanda döyülmüş hüquq müdafiəçisi İlqar Nəsibovun özünə cinayət işinin açılması ilə bağlı etiraz bəyanatı verib. Bəyanatı təqdim edirik:
Hüquq müdafiəçisi Leyla Yunus saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında fiziki zorakılığa məruz qalıb. Bu barədə sentyabrın 24-də onun vəkillərinin yaydığı bəyanatda deyilir. Bəlli olur ki, sentyabrın 23-də təcridxananın Yaqubov soyadlı, mayor rütbəli məsul şəxsi hüquq müdafiəçisinin qolunu buraraq öz kamerasından başqa, boş kameraya keçirib və orada onun saçından tutub yerdə sürüyüb, üstünə qışqırıb və böyrünə zərbələr endirib.
Leyla Yunus bundan bir-iki gün qabaq istə təcridxanadakı şəraitsizlik üzündən xəstələnib və hətta vəkillərilə görüşə getmək üçün yataqdan qalxmağa taqəti olmayıb. Bu o deməkdir ki, Leyla Yunusa qarşı fiziki zorakılıq üstəlik onun səhhətinin tam zəif, müqavimət imkanının tükəndiyi vaxta həyata keçirilib.
Çiyinlərində mayor ulduzu gəzdirən bir kişinin qadına, üstəlik zəif, xəstəlikdən yenicə qalxmış qadına əl qaldırmağa ləyaqəti necə yol verib, bu başqa mövzudur, lakin təcridxana rəisinin buna şərait yaratması təkcə insanlıqdan kanar yox, həm də cinayətdir.
Leyla Yunus təcridxanda artıq uzun müddətdir ki, mənəvi terrorla, fiziki işgəncələrlə üz-üzədir. Onunla eyni kameraya salınan əvvəllər də məhkum edilmiş bir qadının vasitəsilə Leyla xanıma fiziki-mənəvi əzab verirlir. Bu barədə mətbuatda dəfələrlə həyacan təbili çalınsa da, ona münasibət dəyişmir. İlk dəfə həbs olunan bir şəxsi əvvəllər də məhkum edilmiş şəsx, yaxud şəxslərlə eyni klameraya salmaq qanunla da qadağandır. Lakin çox güman ki, ortada ölkə rəhbərliyinin birbaşa göstərişi olduğundan Leyla xanıma münasibətdə nə bu qanunsuzluq aradan qaldırılır, nə də anti-insani davranışa son qoyulur. Əksinə son məlumatdan aydın olur ki, ona qarşı fiziki-mənəvi terrorla artıq təcridxana işçilərinin özləri də məşğuldur.
AXCP Leyla Yunusun həyatına yaranan təhlükədən hədsiz narahat olduğunu bildirir və hakimiyyətdən hüquq müdafiəçisinə qarşı cinayət əməllərini dərhal dayandırmağı tələb edir. AXCP bəyan edir ki, indiki halda Leyla Yunusla bağlı istənilən xoşagəlməz hadisəyə görə siyasi hakimiyyət və birbaşa ölkə başçısı İlham Əliyev məsuliyyət daşıyacaq.
AXCP təcridxana rəhbərliyini də xəbərdar edir ki, heç bir göstəriş, hətta İlham Əliyevin göstərişi də onları orada saxlanılan şəxslərin, o cümlədən Leyla Yunusun hüquqlarının qorunması, təhlükəsizliklərinin təmin olunması məsuliyyətindən azad etmir. AXCP təcridxana rəhbərliyini Leyla Yunusa münasibətdə cinayətə yol verdikləri və buna görə günün birində mütləq cavab verəcəkləri barədə düşünməyə çağırır.
Bu arada başqa bir siyasi məhbus, Azərbaycan İslan Partiyasının sədri Mövsüm Səmədov karsa salınıb və o, hüquqlarının pozulmasına etiraz olaraq aclıq edib. Bu, Mövsüm Səmədovun həbsxanada incidilməsinə dair ilk məlumat deyil. AXCP bununla bağlı da dərin narahatlığını bildirir və Mövsüm Səmədova normal münasibət göstərilməsini tələb edir. AXCP bəyan edir ki, siyasi hakimiyyət cəzaçəkmə yerlərini öz opponentləri üçün əlavə olaraq qisas alma düşərgəsinə çevirməməlidir. Bu, konkret cinayət olmaqla yanaşı insanlıqdan kənar bir əməldir və nəticəsi bunun göstərişini verənlər, eləcə də ümumən siyasi hakimiyyət üçün yaxşı olmayacaq.
AXCP eyni zamanda Naxçıvanda bu yaxınlarda amansızlıqla döyülərək ölümcül vəziyyətə salınmış hüquq müdafiəçisi İlqar Nəsibova qarşı planlardan narahatdır. Bəlli olduğu kimi, İlqar Nəsibovu döyənlərdən birini saxlayaraq, barəsində sağlamlığa az ağır xəsarət vurma maddəsilə cinayət işi qaldırıblar. Lakin bugünlərdə İlqar Nəsibovun özünə də eyni maddə ilə cinayət işi açılıb. AXCP hüquq-mühafizə orqanlarının bu absurd hərəkətinə hiddətini bildirir və baş verənləri siyasi hakimiyyətin sifarişi kimi qiymətləndirir. AXCP bəyan edir ki, bu, İlqar Nəsibova qarşı amansız zorakılığın arxasında siyasi rəhbərliyin durduğunu təsdiqləyən əməldir. AXCP tələb edir ki, İlqar Nəsibova qarşı cinayət işi dərhal ləğv edilsin, onun ölümcül hala salınmasında əli olanların hamısına layiqli cəza verilsin.
AXCP son olaraq hakimiyyətdən opponentləri ilə insanlıq və qanunlar çərçivəsində davranmağı, bütün siyasi məhbusları, ilk növbədə isə həbsxana şəraitində həyatı ciddi təhlükədə olan Leyla Yunusu dərhal və qeyd-şərtsiz azadlığa buraxmağı, ölkədə sağlam və qorxusuz ictimai-siyasi mühit formalaşdırmağı tələb edir.