Tanınmış hüquq müdafiəçisi İntiqam Əliyevin işində adı və özü keçən iki hədiyyə xəncərdən soraq yoxdur. Ekspertizaya göndərilən xəncərlərin soyuq silah olub-olmamasına “aydınlıq” gətirilməyib. Deməli, cənab Əliyevin ittihamlarına sənədsiz soyuq silah saxlamaqla bağlı maddənin əlavə olunacağı barədə gümanlar da aradan qalxmayıb.
Intiqam bəyin evindən götürülən xəncərdən bizim evdə olmasa da, tanışların, dostların, hətta qohumların evində də var. Vardı. Intiqam müəllimin başına gətirilənlərdən sonra onlar bu hədiyyə xəncərləri divarlarından çıxarıb daha gözəgörünməz yerə qoyublar. Dünyanın gərdişini, hakimiyyətin işini bilmək olmaz.
Intiqam Əliyevin evində axtarış zamanı suvenir xəncərin götürülməsi Azərbaycanda hüquq mühafizə və hüquq müdafiə sisteminin gülünc gününün göstəricisidir. Şəhərin bütün hədiyyə mağazalarında satılan, qəhrəmanlıq, mərdlik, kişilik rəmzi olaraq bu xarakterdə adamlara hədiyyə edilən xəncərin ittiham predmeti ola biləcəyi kimsənin ağlına gəlməzdi. Adamlar var ki, evlərində, ofislərində bu xəncərlərin kolleksiyasını saxlayırlar. Onlara “hess zad” eləyə bilmirlər.
Belə xəncərlərı əldə etmək çox asandır. Sədərək ticarət mərkəzindəki “Hədiyyələr aləmi” mağazalarında onların 100 cür ölçüdə olanı var. hamısı da xaricdən gətirilib. Intiqam Əliyevin “xəncəri”nə ilişmək, dünya bazarında ağalıq edən Çin hökumətinin iqtisadiyyatına kölgə salmaq deməkdir. Jurnalistlərin respublika hüquq sisteminin fəaliyyətinə ilişmək imkanı əldə etməsi deməkdir. Xəncərin mərdlik rəmzindən qorxaqlıq predmetinə çevrilməsi deməkdir.
Xəncərdən fərqli olaraq tapança birbaşa odlu silah sayılır. Haqqında həbs edilmək göstərişi verilmiş hər kimsənin evindən tapança çıxsa, qara gününü qablaşdıra bilər. Hakimiyyətlə problemi olmayanlar üçünsə tapança hədiyyə olaraq qalır. Məsələn, Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisində Ilham Əliyevə bağışlanan tapança kimi. Sərgi Azərbaycanda ilk dəfədir təşkil olunur. Bunacan müxtəlif ölkələrdə belə sərgilər keçirilib, Azərbaycan orda hərbi sənayesi ilə öyünüb. Hər dəfə özünü Qarabağ savaşının ağsaqqalı hesab edən ANS telekanalı bu sərgilərdən vətənpərvər verilişlər hazırlayıb. Nazir Yavər Camalovdan müsahibələr alınıb, Azərbaycanın hərbi qüdrəti barədə təntənəli fikirlər səslənib. Səslənən fikirlər havadaca qalıb. Bu dəfə sərgi Azərbaycanda olduğundan telekanalların əlinə “təbliğat, təşviqat və təşkilat vasitəsi” olmaq fürsəti düşüb. Deyildiyinə görə, sərgidə “Quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları, aviasiya və aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı vasitələr, informasiya texnologiyaları, rabitə sistemləri, ordunun inzibati və texniki təminatı, kosmik texnologiyalar istiqamətləri üzrə məhsullar nümayiş olunur”.
Qarabağ savaşla alınmayacaqsa, bütün bunlar sərgilərdə öyünmək, hərbi paradlarda kimlərinsə gözünü qorxutmaq üçünmü istehsal olunur? Silahımız rusun silahından itidirsə, gedək Qarabağı alaq, tapançalarımızı əməli işdə sınaqdan keçirək, onlar da hədiyyəyə çevrilməsin. Sonra da, cənab Ilham Əliyevə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal edilən ən son model tapança hədiyyə edilə bilər, cənab Intiqam Əliyevə Çin istehsalı olan xəncər (bu xəncər neçə gömrük-sərhəd xidmətindən keçib) bağışlana bilməz? Maraqlıdır, Intiqam Əliyevin evindən oyuncaq tapança çıxsaydı necə olardı? Hətta Həzrəti Əlinin qılıncı da çıxa bilərdi.
Azadə