“Ramiz Mehdiyevin mənimlə bağlı fikirləri əsassızdı”
«Ona bu məlumatları verən şəxs və ya şəxslər yalan və böhtana görə nə vaxtsa hüquqi müstəvidə mütləq cəzalandırılacaqlar»
“Hərbi Jurnalistlər” Ictimai Birliyincin rəhbəri, polkovnik-leytenant Üzeyir Cəfərov avqustun 29-da Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən bəzi KIV rəhbərlərinin toplantısında onun adının hallandırılmasına münasibət bildirib. Xatırladaq ki, Ramiz Mehdiyev Üzeyir Cəfərovu ordu barədə həqiqətəuyğun olmayan məlumatlar yaymaqda ittiham edib. Hərbi ekspert isə PA rəhbərinin ittihamlarının əsassız olduğunu bildirib:
“Ramiz Mehdiyevin mənimlə bağlı səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur və hesab edirəm ki, ona bu məlumatları verən şəxs və ya şəxslər yalan və böhtan məlumatlar verdiyinə görə indi də olmasa, nə vaxtsa hüquqi müstəvidə mütləq cəzalandırılacaqlar.
Tam məsuliyyətimlə deyə bilərəm ki, mənim tərəfimdən indiyə kimi bir dəfə də olsun hərbi və ya dövlət sirrini təşkil edən məlumatlar yayılmayıb və bunun olması belə mümkün deyil. Guya mən Azərbaycan Silahlı Qüvvələrinin hərbi arsenalının say və texniki göstəricilərini mediada fəal müzakirə edir, KIV-lərdə ordunun ali komanda heyəti barədə şayiələr yayır, dövlətin hərbi sahədə siyasəti haqqında həqiqətə uyğun olmayan, qərəzli məlumatlar dərc etdirirəm. Bunların da heç biri həqiqətə uyğun deyil və çox istərdim ki, bu fikirləri PA-nın rəhbərinə verən şəxslər ortalığa konkret faktlar qoysunlar. Mən hörmətli Ramiz Mehdiyevin müavini vəzifəsində olan general-leytenant Vahid Əliyevi artıq uzun illərdir ki, dövləti maraqlarını şəxsi maraqları ilə səhv saldığına görə tənqid etmişəm və bundan sonra da bacardığım qədər bu istiqamətdə fikirlərimi açıqlayacağam. Əgər söylədiklərimin yalan olmasını sübut etmək istəyirlərsə, buyursunlar, məni məhkəməyə verib cəzalandırmağımı tələb edə bilərlər”.