«Xəsarət izləri itsin deyə, Murad Ədilovun kürəyinə xüsusi gel sürtürmüşlər»
Sentyabrın 1-də Nərimanov rayon Məhkəməsi həbsdə olan AXCP fəalı Murad Ədilovun işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı şikayətinə baxıb. Bu haqda vəkil Yalçın İmanov məlumat verib. Onun sözlərinə görə, məhkəmənin gedişində hakim prosesin təxirə salınması ilə bağlı qərar qəbul edib:
«Biz Murad Ədilovun işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalmama hüququnun pozulması ilə bağlı şikayət vermişdik. Həm də Murad həbs olunarkən onun yanında olan şəxsin şahid qismində məhkəməyə çağırılması ilə bağlı vəsatət qaldırmışdıq. Bu vəsatət qəbul olunmadı. Məhkəmədə prokurluq əməkdaşı bildirdi ki, Murad Ədilovun döyülmə iddiası ilə edilən şikayətə baxılıb. Hakim də buna dair sənədləri istədi. Sənədlər olmadığından məhkəmə sabahadək təxirə salındı».
Yalçın İmanov deyir ki, Murad Ədilov məhkəmədəki çıxışında saxlanarkən rastlaşdığı işgəncə və təzyiqləri diqqətə çatdırıb: «Murad çıxışında bildirdi ki, narkotik vasitəni saxlanılarkən polislərdən biri onun arxa cibinə atıb. Dedi ki, Sabirabad Rayon Polis İdarəsində işgəncəyə məruz qalıb. Bildirdiyinə görə, İdarənin Cinayət Axtarış Şöbəsinin rəisi Vüsal Şəbəndiyev və rəis müavini, Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin Bakıdan gələn əməkdaşları ilə birlikdə onu şəxsən döyüblər. «Bandotdel»ə gətiriləndən sonra, ondan etirafedici izahat yazmaq tələb olunub. Dedi ki, burada onun kürəyinə xüsusi gel sürtürmüşlər ki, xəsarət izləri itsin. Buna baxmayaraq, onun bədənin işgəncə izləri hələ də qalır».
Sabirabad rayonu Xəlfəli kənd sakini, AXCP üzvü Murad Ədilov avqustun 11-də saxlanılıb. Elə həmin gün evlərində axtarış aparılıb. O, narkotik maddə saxlamaqda ittiham edilir.
Avqustun 13-də Nərimanov rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qərarı çıxarıb.