“Normal nazir belə bir addım atmağı əsla özünə rəva görməz”
“Azərbaycanda bir-birinin ardınca analoqu olmayan hadisələr baş verir”
Dünya şöhrətli azərbaycanlı kinorejissor Rüstəm İbrahimbəyov Moderator.az saytı və “Hürriyət” qəzetinə açıqlamasında Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şura üzvü Eldəniz Quliyevin daxili işlər naziri Ramil Usubov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilməsinə münasibət bildirib. Baş verənləri əsl dəhşət kimi xarakterizə edən R.İbrahimbəyov, Azərbaycanın həqiqətən də analoqu olmayan ölkə olduğunun hər addımbaşı öz təsdiqini tapdığını bildirib:
“Mənə elə gəlir ki, Ramil Usubovun Eldəniz Quliyevi məhkəməyə verməsi Azərbaycanda yaranan vəziyyətin nəticəsidir. Normal nazir əsla belə bir vəziyyətədə belə bir addım atmağı özünə rəva görməz. Hökmən çalışar ki, vətəndaşın fikirlərini, onun tənqidlərini araşdırsın, çalışsın ki, mövcud problemləri ortadan qaldırsın. Bir nazirin bir ziyalını, bir vətəndaşı məhkəməyə verməsi dəhşətdir. Azərbaycanda vəziyyət o qədər ağır və qeyri-normaldır ki, vətəndaşın tənqidi onun məhkəməyə verilməsi üçün əsas sayılır. Halbuki, bu kimi məqmlarda vətəndaşın tənqidini əsas götürərək onun qaldırdığı problemlərin həllinə çalışılmalıdır. Bu gün Azərbaycanda baş verənlər dünyanın heç bir yerində rast gəlinməyən hadisələrdir. Hakimiyyət hər zaman deyir ki, biz analoqu olmayan hökumətik. Doğrudan da, Azərbaycanda bir-birinin ardınca analoqu olmayan hadisələr baş verir”.