Etibar Əliyev: «Onlar rəhbərlik etdikləri ali məktəblərlə bağlı hər hansı mənfi qərarın qəbul olunmasına maneçilik törədə bilirdilər»
Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının tərkibi haqqında” 2007-ci il 12 mart tarixli qərarında dəyişiklik edib. APA-nın məlumatına görə, Təhsil Nazirliyinin Kollegiyasının sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib.
Kollegiyanın sədri təhsil naziri Mikayıl Cabbarov, Kollegiyanın üzvləri təhsil nazirinin müavinləri Ceyhun Bayramov, Firudin Qurbanov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Təhsil Nazirliyi Aparatının rəhbəri Mətin Eynullayevdir.
Nazirlər Kabinetinin qərarında Təhsil Nazirliyinin Kollegiyasının üzvlərindən 2-nin adı yer almayıb. Gələcəkdə Təhsil Nazirliyinin təklifi ilə iki nəfərin də adı Kollegiyanın üzvləri sırasına daxil edilə bilər.
Bundan əvvəl Təhsil Nazirliyinin Kollegiyasının tərkibi 13 nəfərdən ibarət olub. Bura təhsil naziri, təhsil nazirinin 4 müavini, Təhsil Nazirliyi Aparatının rəhbəri, Təhsil Nazirliyinin strateci təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri, Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsinin müdiri, o cümlədən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları, Azərbaycan Təhsil Problemləri Institutunun direktoru daxil olub.
Təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, rektorların kollegiyadan çıxarılması müsbət addımdır: “Kollegiya təhsilin bütün pillələrində bu və ya digər formada ortaya çıxan problemlərin həlli ilə bağlı kollegial qərar qəbul edən qurumdur. Lakin rektorların bəzisi kollegiya iclaslarına qatılmırdı. Digər tərəfdən onlar rəhbərlik etdikləri ali məktəblərlə bağlı hər hansı mənfi qərarın qəbul olunmasına maneçilik törədə bilirdilər”
Ekspert ehtimal edir ki, gələcəkdə ali məktəblərin yoxlanılması və akkreditasiyasının həyata keçirilməsində kollegiyanın bu tərkibi nüfuzlu sayılan rektorların təsiri altına düşməyəcək. “Rektorların kollegiyadan çıxarılması və bütövlükdə təhsil nazirliyinin rəhbər işçilərinin təmsil olunması müəyyən ayrı-seçkiliyin aradan qaldırılmasına xidmət edəcək. Çünki azərbaycanda ali məktəblərinin yalnız dördünün rektoru köhnə kollegiyanın üzvü idilər”, – deyə Etibar Əliyev bildirib.