Bakının “Sovetski” ərazisində birinci mərhələdə sökülməsi nəzərdə tutulan və hasarlanan tikililər arasında iki tarix və mədəniyyət abidəsi var ki, bunlardan biri Hacı Cavad məscidi, o biri isə yaşayış evidir.
Nazirlər Kabineti və aidiyyəti orqanların sözügedən abidələrin taleyi barədə indiyədək ictimaiyyətə məlumat verməməsi təəccüb doğurur.
Çingiz Mustafayev küçəsi 20-də yerləşən Hacı Cavad məscidi haqqında Mədəniyyət və Turizm Nazirliyinin saytında məlumat əldə etsək də, lakin onun yerli və ya ölkə əhəmiyyətli abidə olması haqda qeydə rast gəlmədik. Nazirlər Kabinetinin daşınmaz tarix və mədəniyyət abidələrinin müvafiq siyahısında da bu barədə məlumat yoxdur.
Mədəniyyət və Turizm Nazirliyinin saytında bildirilir ki, düzbucaqlı formaya malik, minarəsi və minbəri olmayan Hacı Cavad məscidinin iç sahəsi 12×18 metr, yerdən tavana qədər hündürlüyü 6 metr, yerdən günbəzədək isə 9 metrdir.
Yerli camaata istinadən o da bildirilir ki, bu məscidi tikdirən Hacı Cavad adlı tacir olub. Məscidin əvvəlki giriş qapısının üstündə həkk olunan 3 daş kitabədən birinə əsasən məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir (XIX əsr).
Abdulla Şaiq küçəsi 171-də yerləşən yaşayış binası da XIX əsrin tikilisidir. Bu barədə Nazirlər Kabinetinin daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında qeyd edilir və tikili yerli əhəmiyyətli abidə kimi göstərilir.
Bir daha bildirək ki, sözügedən abidələrin sökülüb və ya mühafizə olunacağı barədə hələlik rəsmi açıqlama verilməyib.
Yeri gəlmişkən, Abdulla Şaiq küçəsindəki 3 “su fontanı”nın taleyinə də indiyədək aydınlıq gətirilməyib. Bu “fontanlar” 1950-ci illərədək əhalinin içməli su mənbələri olub. “Azadlıq” bu barədə yazıb. Onu da xatırladaq ki, bu ilin oktyabrında Avstriyada müasir incəsənət sərgisinə çıxarılacaq “Sovetski”dən çəkilmiş fotoların sırasında sözügedən “fontanlar” da yer alıb. Bu fotoların nümayişini YARAT Müasir Incəsənət Mərkəzi təşkil edir.
Sosial şöbə