Azər Qasımovun yol hərəkət qaydalarını pozmasının videogörüntüsü yayıldı
Prezident Administrasiyasına məxsus avtomobilin şəhərin mərkəzində yol hərəkəti qaydalarını kobud şəkildə pozmasının videogörüntüləri yayılıb. Sosial şəbəkələrdə yayılan video Istiqlaliyyət prospektinə çəkilib. 10 PA 522 dövlət nömrə nişanlı BMW markalı avtomobil qoşa xəttin tələbini pozaraq, qarşı hərəkət zolağına çıxır və hərəkətini bu cür davam etdirmək istəyir.
Musavat.com avtomobilin kimə məxsus olduğunu dəqiqləşdirib. Məlumata görə, maşın prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımovun istifadəsindədir. Qarşı yola çıxan avtomobildən düşən və onun maşınına yol verilməsini tələb edən də Azər Qasımovun özüdür.
Bakı Şəhər Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov Musavat.com-a bildirib ki, məzuniyyətdən yeni qayıdıb və yayılan videodan xəbərsizdir. Bununla belə, Vaqif Əsədov əmin edib ki, kimliyindən asılı olmayaraq, yol hərəkəti qaydalarını pozan sürücülər cəzalandırılır.
“Avtomobildə kimin olmasından asılı olmayaraq, yol hərəkət qaydasını sürücü pozub. Avtomobildəki sərnişin qayda pozan sürücünün məsuliyyətini daşımır”.
Bu sözləri isə Baş Dövlət Yol Polisi Idarəsinin Ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
Kamran Əliyev qeyd edib ki, avtomobili sürücü idarə etdiyi üçün bütün məsuliyyət də onundur: “Avtomobili idarə edən sürücü əgər əks yola çıxmaqla ötmə əməliyyatı aparırsa, Inzibati Xətalar Məcəlləsinin 151.2 maddəsi ilə məsuliyyət daşıyır. Cərimə isə 60 manat və 3 balla qiymətləndirilir. Yox, qarşı hərəkət zolağına əks istiqamətdə nəqliyyat axınının qarşısına çıxmaqla hərəkət edirsə, bu 151.3-1 maddəsi ilə cərimələnir. Bunun miqdarı isə 100 manatdır və 4 balla qiymətləndirilir. Bu qayda pozmanın məsuliyyətini sürücü özü daşıyır. Çünki maşın onun ixtiyarındadır. Avtomobildə olan sərnişin bunun məsuliyyətini daşıya bilməz. Bu sırf yol hərəkəti qaydasının pozuntusudur. Burada avtomobildəki sərnişini cəzalandırmağa, onu cərimələməyə ixtiyarımız yoxdur”.
Kamran Əliyev onu da qeyd edib ki, yayılan videonun montaj olub-olmadığı da dəqiq deyil: “Bu, xüsusi hazırlanmış video da ola bilər. Həmin videonun həqiqətən montaj olub-olmadığı da aydınlaşdırılmalıdır”.