«İman əhlinin, yeniyetmə gənclərin cibinə 3 qram narkotik qoyub onlara 5 il cəza kəsəndə, bu natəmiz əməllərlə məşğul olanların öz cibindən də 3 ton tiryək çıxmalı idi»
Milli Şura sədri Cəmil Həsənli «Facebook» statusunda son günlərin ən qalmaqallı mövzusu olan 3 tonluq narkotikdən yazıb. Həmin statusu təqdim edirik:
“Son günlər hakimiyyətin üzləşdiyi narkotika qalmaqalı bütün ölkəni məst etməkdədir. Millətdən çox hakimiyyətin vəkili olan Zahid Oruc artıq ikinci dəfədir ki, Azərbaycandan keçmiş və Gürcüstanda yaxalanmış 3 ton tiryək haqqında açıqlama verir.
Qəribədir, bütün dünya bu qədər narkotikanın Azərbaycan adlı dövlətin gömrük nəzarətindən, sərhədçilərinin diqqətindən, təhlükəsizlik orqanlarının gözündən necə yayınması haqqında yazır, Zahid Oruc isə yapışıb Iranın yaxasından ki, bəs Iran günahkardır. Onun sözünü bir balaca ciddiyə alsaq, Irandan gələn narkotika Gürcüstanda peyda olursa, bu yük bir dəfə Azərbaycana girməli, təxminən 800 km yol getməli və təkrar Azərbaycan sərhədlərindən, sərhədlə yanaşı bütün müvafiq strukturlardan keçməlidir.
Zahid Oruc həmişə dövlətimizin gücündən, əzəmətindən söz açıb, etibarlı əllərdə olan sərhədlərimizdən quşun quşluğu ilə belə səkə bilməməsini ağız dolusu vəsf edib. Indi necə oldu 3 ton tiryək bir dəfə ölkəyə daxil olur, Fab çəlləklərinə qablaşdırılır və bir dəfə də ölkə sərhədlərindən çıxarılır. Bəlkə, Iran gəlib bizim sərhədləri də qorumalıdır. Axı həmişə söhbət düşəndə deyirdilər ki, sərhəd buraxılış məntəqələrində bəs belə müasir avadanlığımız, iy bilən itlərimiz var. Bəs bu qara köpək niyə zəhmət çəkib bu 3 ton tiryəkin ətirli qoxusundan məst olmadı. Xaş-xaşla böyüyən bəzi uşaqların Gürcüstan Maliyyə Nazirliyinin saytında tapdığı “sevindirici” xəbər düz çıxmadı, başqa biriləri guya hakimiyyətimizin tədbirli olub Gürcüstan daxili işlər orqanları ilə bahəm tiryək marşrutunu lap start məqamından izlədiyindən dəm vurur, Zahid Oruc da kor tutduğunu buraxmadığı kimi yapışıb Iranın yaxasından.
Ona görə qonşu ölkənin səfirliyi bir dəfə tutarlı cavab verdi, buna qane olmayan Oruc müəllim indi daha dərinə gedərək iranlıların gedib Əfqanıstanda guya plantasiyalar saldığı və bununla Azərbaycan insanını tiryəkə qurşandırması barədə yeni kəşfə bərabər bir şey danışır. Görünür, Zahid müəllimin mənzuru məsələni yerli-dibli, kompleks həll etməkdir. Çox uzaq görən deputat olduğundan məsələni də çox uzaqdan başlayır. Bəlkə iranlılar gəlib Bakıda siqaretə də xaş-xaş doldururlar, bəzəkli xonçada bəzi vəzifəli şəxslərimizə kokain iylətdirirlər, bəzi pullu adamlarımızın kef məclisində tiryək hoqqasına köz qoyur, ya “medbratlıq” edib Azərbaycan vətəndaşını iynələyirlər.
Vallah bilmirəm bu Zahid müəllim nəyə arxayındır, Avropa Insan Haqları Məhkəməsi bir dəfə mandatının saxta olduğunu təsdiq etdi və Azərbaycan hökuməti bu saxtakarlığa görə həmin mandatın əsl sahibinə cərimə ödəməli oldu. Indi bu dediklərinə görə Iran bizi silistə çəksə, gərək ona da bir şey ödəyək. Lakin maraqlısı budur ki, heroin yükünün Azərbaycana Irandan daxil olması haqqında hələ rəsmi bir fakt açqlanmayıb. Bu məsələdə Azərbaycan hakimiyyət orqanları tut yemiş bülbül kimi susurlar. Rəsmi fakt ondan ibarətdir ki, heroin yükü Azərbaycandan Gürcüstana keçib və bütün müzakirələr də bunun ətrafında gedir.
Son dövrlərdə qeyri-neft sektorunun inkişafı ətrafında baş sındırırlar. Aydın məsələdir ki, kartof, soğan, xiyar, yemiş-qarpızla neft sektoruna tay olmaq olmaz. Kim bilir, bəlkə bəzi dairələr qeyri-neft sektorunun sürətli inkişafının daha optimal yolunu kəşf etmək istəyib. Hər halda bilmədiyimiz, elə bu məsələdə daha aktiv görsənən deputatımızın da görünür, bilmədiyi çox şeylər var. Amma Zahid müəllim avam və sadəlövh birisi deyildir. Saniən o, gözəl bilir ki, qara bizi basınca gərək biz qaranı basaq və nə qədər mümkündür izi uzaqda axtaraq. Salisən, anlayır ki, Azərbaycanın səlahiyyət sahiblərindən kiminsə himayəsi olmadan 3 tonluq narkotika maşını ölkənin bu başından girib o biri başından çıxa bilməzdi. Hər necə olursa olsun, bulanıq suda silotka belə tuta bilməsə də, kor da bilir balıq şordur.
Zahid Orucun narkotika haqqında nağılları hər nə qədər maraqlı olsa da, axı, bu müqəddəs orucluq ayında haqqın da bir divanı var. Ölkənin iman əhlinin, mömin şəxslərin, islam üləmalarının, yeniyetmə gənclərin cibinə 3 qram narkotika qoyub 5 il onlara cəza kəsəndə, bu natəmiz əməllərlə məşğul olanların öz cibindən də 3 ton tiryək çıxmalı idi və çıxdı da. Bu, elə belə, Allahın varlığına şübhə edənlərə kiçicik bir xatırlatmadır”.