Prokurorluq və MTN birgə açıqlama yaydı
Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Nəsimi Rayon Məhkəməsində istintaq orqanın R.Mirqədirovun həbs müddətinin uzadılması barəsində verdiyi təqdimata baxılıb. Məhkəmə R.Mirqədirovun barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 4 ay uzadılması barədə qərar qəbul edib.
Qeyd edək ki, bundan əvvəl R.Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi jurnalist Rauf Mirqədirovun işi ilə bağlı yeni təfərrüatlar açıqlayıb. Iki dövlət qurumunun yaydığı birgə açıqlamada bildirilir ki, Mirqədirov Rauf Həbibulla oğlunun Ermənistan Respublikasının xüsusi xidmət orqanının əməkdaşlarına qəsdən kömək edərək casusluğu ilə dövlətə xəyanət etməsinə əsaslı şübhələr olduğundan o, 2014-cü il 19 aprel tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulub, 2014-cü il 21 aprel tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
“Region” Tədqiqat Mərkəzi tərəfindən jurnalist fəaliyyəti pərdəsi altında 2002-ci ildən başlayaraq Leyla Yunusovanın təsisçisi və direktoru olduğu, hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya Institutu” adlı qurumla əlaqələr yaradılıb beynəlxalq donor təşkilatlardan alınan qrant vəsaitləri hesabına maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün Rauf Mirqədirovun Ermənistan Respublikasına səfərləri təşkil edilib, Azərbaycan Respublikasının bir sıra digər vətəndaşlarının məxfi əməkdaşlığa cəlb edilmələrinə ciddi səylər göstərilib”- deyə Prokurorluğun açıqlamasında bildirilir.
Rauf Mirqədirovun vəkilləri Prokurorluq və MTN-nin açıqlamasına etiraz ediblər və bununla bağlı geniş bəyanat hazırlayıblar. Bəyanatda deyilir: “Avropa Insan Hüquqları Məhkəməsi dəfələrlə Azərbaycan Respublikasına qarşı şikayətlər üzrə Insan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 6(2) maddəsinin, yəni təqsirsizlik prezumpsiyası hüququnun pozulmasını müəyyən etmişdir. Buna əsas ölkənin hüquq mühafizə orqanlarının məhkəmə hökmü olmadan insanları müxtəlif cinayətlər törətməkdə təqsirli göstərən bəyanatlar verməklə, ictimaiyyəti yanıltma, işə gələcəkdə baxacaq məhkəmələrə isə nəticənin hansı şəkildə olacağına dair ismarıclar vermələri olmuşdur. Adətən Avropa Məhkəməsinin bu kimi qərarları həmin məhkəmənin yurisdiksiyasını qəbul etmiş dövlətlərdə oxşar pozuntuların gələcəkdə baş verməsinin qarşısını alır. Əfsuslar olsun ki, bu, Azərbaycana aid deyil. Buna bariz misal kimi Azərbaycan Respublikası Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinin Rauf Mirqədirovla bağlı dünən axşam yaydığı birgə məlumatı göstərmək olar. Rauf Mirqədirovu birmənalı olaraq ağır cinayət törətmiş şəxs kimi təqdim edən bəyanat müəllifləri əslində özlərini ifşa etmiş, müdafiə tərəfinin, şəxsən R.Mirqədirovun əvvəlcədən söylədiyi versiyanın həqiqiliyini təsbit etmişlər”.
Daha sonra bəyanatda ittihamlar bir-bir təkzib edilir və bu ittihamların qondarma olduğu bir-bir əsaslandırılır: “Beləliklə, adıçəkilən məlumatı hərfi başa düşsək, R.Mirqədirova münasibətdə Ermənistan və Azərbaycan hüquq mühafizə orqanlarının mövqeyi üst-üstə düşür. Əslində isə R.Mirqədirovun həbsi və xüsusilə ağır cinayətdə təqsirləndirilməsi, onun region mediasından bu yolla uzaqlaşdırılması Ermənistan xüsusi xidmətlərinin uğurlu əməliyyatı kimi qiymətləndirilməlidir. Ermənistanın hansı dövlətin strateji müttəfiqi olmasını nəzərə alsaq, bu, R.Mirqədirovun həqiqətən də sanballı politoloq olduğunu göstərir”- deyə bəyanatda bildirilir.
“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı “modern.az”a açıqlamsında bildirib ki, yayılan məlumatlar onun üçün yeni bir şey deyil: “Bütün bunlar mənə məlum idi. Mən istintaqa dəvət olunanda istintaq sirrini yaymamaq üçün dilimdən iltizam yazdırmışdılar. Indi mətbuatda yazılanların hamısını mənə demişdilər. Amma bununla belə, mən Rauf Mirqədirovun günahkar olduğuna inanmıram. Çünki yazılanlar hər hansı sübut deyil”- deyə Elçin Şıxlı bildirib.
Qeyd edək ki, R.Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.
Akif