Baş nazirin sabiq birinci müavininin oğlu Aydın Abbasovun Gəncədəki obyektləri əlindən alınıb
Baş nazirin sabiq birinci müavini Abbas Abbasov və onun deputat oğlu Aydın Abbasova Azərbaycan iqtidarı daha bir zərbə vurub. “Yeni Müsavat”ın yaydığı məlumata görə, Aydın Abbasovun Gəncə şəhərindəki obyektləri əlindən alınıb və biznesi tamamilə sıfırlanıb. Bildirilir ki, deputatın biznes imperiyasına elektrik avadanlıqlarının, tikinti materiallarının istehsalı, onların topdan və pərakəndə satış mərkəzləri, tikinti obyektləri, eləcə də atasının Türkiyədəki şirkətlərinin filialları daxil olub. Eyni zamanda deputat Gəncədə fəaliyyət göstərən bir sıra iş adamlarına “krışalıq” edib.
Məlumatda qeyd olunur ki, Aydın Abbasovun Gəncədəki biznesi hazırda Sumqayıtın icra başçısı olan Eldar Əzizovun bu şəhərə rəhbərlik etdiyi dövrdə çiçəklənib. Çünki bir zamanlar Eldar Əzizovla Abbas Abbasovun münasibətləri yaxşı olub. Abbas Abbasov zamanında Eldar Əzizova vəzifə pillələrində irəliləməsində dəstək verib. Həmçinin onun Gəncə Şəhər Icra Hakimiyyətinin başçısı təyin olunmasında xidmətləri olub. Elmar Vəliyevin bu postda Eldar Əzizovu əvəzləməsindən sonra onun Gəncədəki biznes imperiyası ilk zərbələrini alıb.
Hələ 2011-ci ildə Elmar Vəliyev Aydın Abbasova məxsus olduğu bildirilən və qiyməti 1,5 milyon manat məbləğində dəyərləndirilən özəl mülkü uçurtmuşdu. Həmin mülk əvvəllər Mədəniyyət və Turizm Nazirliyinin balansında olan mədəniyyət klubu kimi fəaliyyət göstərib. Gəncədə “Yaşıl teatr” kimi tanınan bu klub neçə illərdir yararsız vəziyyətə düşüb və bir müddət öncə Abbasovlar tərəfindən özəlləşdirilmişdi.
O zamandan Abbasovlarla aralarında ciddi problemləri yaranan Elmar Vəliyev “Milyarder Ittifaqı”ndan sonra mərkəzi hakimiyyət tərəfindən Abbas Abbasova qarşı təzyiqlərin başlamasından istifadə etməyə çalışıb. Tədricən Abbas Abbasovun Gəncədəki dayaqlarını zəiflədən Elmar Vəliyev Bakıdan aldığı dəstək sayəsində onun ölkənin ikinci böyük şəhərdəki biznes imperiyasını çökdürməklə Abbasovlara böyük zərbə vurub.
Aydın Abbasov yayılan məlumatlara münasibət bildirib. O, teleqraf.com-a açıqlamasında deyib: “Müxalifət qəzeti barəmizdə nə yazmalıdır ki? Bizi tərifləyəsi deyil ki?” “Sizin Gəncədə biznesiniz varmı” sualına deputatın cavabı belə olub: “Mən cəfəngiyat məlumatları şərh etmirəm”. Abbas Abbasovun oğlu məhkəməyə müraciət etmək istəmədiyini də bildirib: “Yeni Müsavat” müxalifət mətbuatı da olsa, milli mətbuatımızın bir nümunəsidir. Qəzeti, jurnalisti məhkəməyə vermək istəmirəm. Mənə elə gəlir ki, onlar tirajlarını artırmaq, daha çox oxunmaq üçün Abbas Abbasovdan və məndən yazırlar”. Qeyd edək ki, Abbas Abbasov mətbuata verdiyi müsahibələrində hakimiyyət tərəfindən təzyiqlərə məruz qaldığını, onun biznesinə əl qoyulduğunu təsdiq edən açıqlamalar verib.