Din və Demokratiya Mərkəzi “İslamın ailə modeli” adlı tədbir keçirib
Din və Demokratiya Mərkəzi Xəzər Univerisitetinin “Dünya Məktəbi”ndə “İslamın ailə modeli” mövzusunda görüş-müzakirə keçirib.
Mərkəzin yaydığı məlumata görə, tədbirdə məqsəd ailələrin müxtəlif risklərdən, o cümlədən islamın mahiyyətinə zidd dini təsirlərdən qorunması, erkən evliliyi vurğulayan dini rəvayətlərin tutarsızlığının izahıdır. Layihənin əlaqələndiricisi Vasif Sadıqlı bildirib ki, ailə və din insanlığın tarixi qədər qədim iki qurumdur və sıx münasibət halındadır. Din ailə həyatına nüfuz edəndə insanlarda xeyirxahlıq, mərhəmət özünə və başqa insanlara inam və sevgi yaradır. Ailə isə vacib ictimai dəyərdir, uşaqların fiziki, psixi, emosional və intellektual inkişafı üçün şəraitin təşəkkül tapdığı mühitdir”. Məruzəçi Azərbaycan ailələri üçün risklərdən danışarkən xarici dini fundamentalist cərəyanların mənfi təsirləri və bunun yaratdığı fəsadlara diqqət çəkib: “Rəsmi statistikaya görə, Azərbaycanda il ərzində təxminən dörd min erkən nikah baş verir, belə nikahlardan üç min beş yüzə yaxın körpə dünyaya gəlir. 2005-2006-cı illərdə erkən nikaha girənlərin yaşı 15-16 həddində idisə, hazırda 13-14 yaşlarında qızları da valideynləri ailə qurmağa vadar edirlər. Hazırda erkən nikah Azərbaycanın bütün regionları üzrə qeydə alınmaqdadır. Son illərdə belə nikahların sayı 11 faiz artıb. Təhsildən yayınma halları əsasən xarici fundamentalist cərəyanların təsiri və bəzi ailələrdə mövcud dini mövhumatçılıq ənənəsilə şərtlənir”. Tanınmış ilahiyyatçı alim Nəriman Qasımoğlu bildirib ki, erkən evliliyi təbliğ edənlər saxta dini rəvayətlərdən başqa belə bir uydurma “dəlil”ə də istinad edirlər ki, guya müqəddəs Kitabımız Qurani-Kərimdə də azyaşlılarla evlənməyə icazə varmış. “Müasir teologiya müstəvisindən baxanda bu arqumentlərinin saxtalığı aydın olur. Müqəddəs Kitabımız erkən evliliyi birmənalı olaraq rədd edir. Quranda nikah yaşının yetkinlik yaş dövrünə aid olduğunu xatırladan ayələr var”. İlahiyyatçı alim müvafiq ayələrin məalını açıqlayaraq fikrini izah edib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir “Ailə mədəniyyəti ənənələrini yabançı dini təmayüllərin mənfi təsirlərindən qorumaq yönümündə maarifçilik tədbirləri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunur.
Din və Demokratiya Mərkəzi 1998-ci ildən fəaliyyət göstərir. Azərbaycan cəmiyyətdə gerçək dini dəyərlərin elmi əsaslarla təbliği, sağlam dini maarifin təşkili, fanatizm meyllərinə qarşı maarifçilik təbliğatının aparılması və s. özünə məqsəd seçən Mərkəz Azərbaycanın ənənəvi dini durumunu müasirliyə və tərəqqiyə xidmət edən yeni ideyalarla zənginləşdirib.