«Seçici»lərə özləri ilə əlavə paltar, parik götürmək tapşırılıb
Məqsəd isə bir dəfə səs vermiş seçicinin bir neçə dəfə səs verməsini təmin etməkdir
Seçkilərə start verilən gündən seçki pozuntuları, müxalifət namizədinə qarşı açıq qərəz hər an müşahidə olunur. Müşahidələrimiz onu deməyə əsas verir ki, ölkə boyu total seçki saxtakarlığına start verilib. Hərbi xidmət müddətini başa vurmuş əsgərlərin təxris edilməməsi, müəllimlərin, həkimlərin işlədikləri müəssisələrdə səs verməsinin təmin edilməsi bunun bariz sübutudur. Ancaq saxtakarlıq bununla da yekunlaşmır.
Həbsxanalarda olan dustaqlar, ölkədən kənarda olan 2 milyondan çox vətəndaş da seçki saxtakarlığına şərait yaradır. Bundan əlavə, redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, hakimiyyət seçki prosesinə hazırlıq istiqamətində onbaşılar, yüzbaşılar təyin edib. Seçki günü əvvəlcədən müəyyən olunmuş “seçici”lərə özləri ilə əlavə paltar, parik götürmək tapşırılıb. Məqsəd isə bir dəfə səs vermiş seçicinin, müxtəlif formalarda bir neçə dəfə səs verməsini təmin etməkdir.
Tərtər rayonunda isə analoqu olmayan seçki saxtakarlığı aşkar edilib. “Yeni Müsavat” qəzetinin yazdığına görə, Tərtərdə seçki siyahısına mövcud olmayan 9 kəndin adı daxil edilib. Hansı ki, həmin siyahıda adları yazılmış sakinlər digər kəndlərdə qeydiyyatdadılar. Yəni bu siyahılarda adı olan adamlar 2 dəfə səs verəcək.
Əldə etdiyimiz məlumatlara görə, Sumqayıt şəhərində əksəriyyət namizədlərin seçki qərargahının üzvlərinin qapalı görüşü keçirilib. Qərara alınıb ki, hər məntəqədə xüsusi qadınlar yerləşdirilsin və bu qadınlar seçki günü AXCP və Müsavatın müşahidəçilərinin vaxtından əvvəl məntəqəni tərk etməsini təmin etsin. Yəni yalandan səs-küy salmaqla, şər-böhtan atmaqla, Cəmil Həsənlinin nümayəndələrini seçkidən uzaqlaşdırmaq planı müzakirə olunub.
Bundan əlavə, Balakən, Masallı, Mingəçevir və digər rayonlarda büdcə təşkilatında çalışan insanların məcburi şəkildə YAP-ın tədbirlərinə qatılması göstərişi verilib.
Salyan rayon sakininin qəzetimizə verdiyi məlumata görə, Salyan-Neftçala ərazisindəki bütün məntəqələrə tapşırıq verilib ki, seçki günü heç bir müşahidəçiyə protokol verilməsin. Büdcə təşkilatlarında çalışanlara Ilham Əliyevin adının işarələndiyi bülletenlər verilib və məntəqədən aldıqları ağ bülletenlərin təhvil verilməsi tapşırılıb.
Bu kimi faktlar yüzlərlədi. Hakimiyyət bütün resursları ilə seçkini saxtalaşdırmağı qarşısına məqsəd qoyub.
Ilham Hüseyn