Din və Demokratiya Mərkəzi “Quran islamında elm və cihad anlayışları” adlı konfrans keçirib
Din və Demokratiya Mərkəzi 2013-cü il iyulun 6-da “Quran islamında elm və cihad anlayışları” adlı konfrans təşkil edib. Tədbirdə alimlərin, QHT rəhbərlərinin, ictimaiyyət nümayəndələri və ictimai rəyə təsir imkanı olan KİV təmsilçilərinin iştirakı ilə gənclərin intellektual və mənəvi inkişafını mənfi təsirlərdən qorumaq üçün səylərinin əlaqələndirilməsi məsələsi müzakirə edilib. Layihənin rəhbəri Vasif Sadıqlı “Quran islamında elm anlayışı” mövzusunda məruzə edib. O bildirib ki, dinimizə görə, elmlənmək bir ibadətdir. İslamda elm və biliyə yeni yanaşmanı ortaya qoyan mənəvi və intellektual atmosfer nəticəsində uzun əsrlər islam dünyasında güclü elmi tərəqqi olub. Amma ölkəmizdə bəzi gənclərimiz arasında çağdaş tərəqqi meyarlarına cavab verməyən, islamın tarixi-zahiri əlamətlərilə kifayətlənən, din dəyərlərinin gerçək məzmunu və elmi mündəricəsinə zidd düşən dini cərəyan və təriqətlər, bunların doğurduğu adət-ənənələr yayıla bilib. Mənfi təmayüllərdən biri qızların erkən nikaha girməsi hallarının artması ilə bağlıdır. O qeyd edib ki, rəsmi statistika görə, Azərbaycanda il ərzində təxminən dörd min erkən nikah baş tutur, belə nikahlardan üç min beş yüzə yaxın körpə dünyaya gəlir. 2005-2006-cı illlərdə erkən nikaha girənlərin yaşı 15-16 həddində idisə, hazırda 13-14 yaşlarında qızları da valideynləri ailə qurmağa vadar edirlər. Son illərdə belə nikahların sayı 11 faiz artıb. “Təhsildən yayınma halları əsasən bəzi ailələrdə mövcud dini mövhumatçılıq ənənəsi və qonşu ölkələrdən idxal edilən yanlış dini təsəvvürlərlə şərtlənir. Yəni əsas səbəb cəmiyyətdə dinimizin əsl mahiyyəti haqda adekvat təsəvvürün olmamasıdır”, deyə Sadıqlı qeyd edib. Onun sözlərinə görə, erkən nikahlar həm də gənclərin elm, incəsənət və s. sahələrdə özünü realizə imkanından məhrum edilməsi, obrazlı şəkildə deyilsə, istedadların qətlə yetirilməsidir. Daha sonra DDM üzvü Pəri Qasımzadə çıxış edib. Fanatizmin dini (fundamentalizm), siyasi, ideoloji, etnik, milli, irqi təzahürlərindən danışan natiq gənclərimizin fundamentlist qruplara cəlb edilməsi təhlükəsindən narahatlığını ifadə edib. “Hər hansı bir gəncin fundametalistlərin təsiri altına düşməsi hamımızın itkisidir, bunun üçün kollektiv məsuliyyət daşıyırıq” deyə Qasımzadə qeyd edib.
Konfransda çıxış edən AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı Mirzə Ənsərli isə İslam dininin inkişafı tarixi, türk xalqlarının orta əsrlərdə dünya elminə töhfələrindən danışıb.
Xəzər Universitetinin bölmə müdiri Əlövsət Əmirbəyli din haqqında yayılan yanlış təsəvvürlərin olduğunu deyərək İslamda demokratiyaya geniş yer verildiyini vurğulayıb.
Tanınmış alim Toğrul Cuvarlı tarixə ekskurs edərək İslam ölkələrində elmin inkişafından söz açıb. O həmçinin qeyd edib ki, İslam bütövlükdə cəmiyyət tərəfindən qorunmalıdır. Eyni zamanda sivil dünya dini dəyərlərin qorunmasında maraqlı olmalıdır. QHT Əməkdaşlıq Alyansının icraçı katibi Xanoğlan Əhmədov gənclərin inkişafına mənfi təsirlərin aradan qaldırılmasında vətəndaş cəmiyyəti institutların üzərinə düşən vəzifələrdən danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyimiz “Gənclərin intellektual və mənəvi inkişafını mənfi təsirlərdən qorumaq yönümündə maarifçilik tədbirləri” layihəsi çərçivəsində gerçəkləşdirilib.
Fizzə