Narazı qalanlar Avropa Məhkəməsinə üz tutdular
“Bizim torpaq sahəmizin hər iki tərəfindən yol çəkiblər, elə bil adada qalmışıq. Su xəttini kəsiblər və heç nə əkə bilmirik. Əvvəllər yonca əkib onu satmaqla dolanırdıq, amma indi susuzluqdan heç nə əkə bilmirik. ”Azəryolservis”in işçiləri qapımıza 50 dəfə gəliblər, yenə də torpağımızı satmamışıq”- bu sözləri Salyan rayonunun Kürkəndi kəndində torpaq sahibi olan Svetlana Qasımova deyir. O bildirir ki, 2009-cu ildən Bakı-Ələt-Astara yolunun çəkilməsinə görə torpaq sahələri yolun mühafizə zolağına düşüb.
Onlara əvvəllər torpağın hər hektarına 18.000 manat təzminat veriləcəyi deyilsə də, daha sonra bu rəqəm 10 dəfə azaldılaraq 1800 manat olub. Ötən il “Azəryolservis” ASC ailə başçısı Əkbər Qasımovu məhkəməyə verərək təqdim olunan kompensasiya qarşılığında onun torpaq sahəsi üzərindəki mülkiyyət hüququna xitam verilməsini istəyib. Əkbər Qasımova ümumilikdə 2354,4 manat təklif edilib, amma o bununla razılaşmayıb. O, 1,09 hektar torpaq sahəsinə bazar qiymətinə uyğun təzminat ödənilməsini tələb edib. Torpaq sahibi hər hektara 18 min manat təzminat istəyir. Salyan rayon Məhkəməsi “Azəryolservis” ASC-nin iddialarını təmin edərək, 2354,4 manat qarşılığında vətəndaşın mülkiyyət hüququna xitam verib. Digər məhkəmə instansiyaları da qərarı qüvvədə saxlayıb.
Salyan rayonunun Arbatan kəndində torpaq sahəsi məhkəmə qərarı olmadan müsadirə edilən Şahin Süleymanov da təklif olunan kompensasiyadan narazıdır. Amma ölkə içindəki bütün məhkəmələr onun iddialarını təmin etməyib. Dövlət Notariat Kontorunun təqdim etdiyi sənəddə 2011-ci ildə Salyan rayonunda torpaq alğı-satqısı 1 hektara görə 800-1000-1200 manat, müstəsna hallarda torpağın keyfiyyəti, yerləşdiyi yerdən asılı olaraq 1500-2000-2200 manat qiymətləndirilib.
Şikayətçilərin vəkili Fariz Namazlı “Azadlıq”a bildirib ki, Şahin Süleymanovun şikayəti Avropa Məhkəməsinə hazırlanır, amma Əkbər Qasımovun işi artıq göndərilib. Vəkil deyib ki, notariusda vergilərə görə alğı-satqı qiymətləri aşağı göstərilir. Onlar məhkəmədə hərracla satılan torpaq qiymətlərini istəyiblər, amma bu siyahı onlara təqdim olunmayıb. “Avropa Məhkəməsi bildirir ki, hökumət kompensasiyanı təyin etməkdə sərbəstdir, amma verilən təzminat ədalətli olmalıdır. Əgər ədalətli deyilsə, demək, vətəndaşın hüququ pozulub. Məhkəmə torpaq sahibinin əldən çıxmış faydasını hesablamaqdan imtina etdi. O torpaqları həmin şəxslər ən azı 2 il ərzində münbitləşdirməklə, suvarma sistemi çəkməklə faydalı ediblər. Amma məhkəmə başa çatmadan torpaqlar müsadirə olundu”.
Torpaq sahibi Svetlana Qasımova deyir ki, 18.000 manat təzminat verildikdən sonra torpaqlarını halal edəcəklər. “Gündə bir polislə üstümüzə gəlirlər. Sahə müvəkkili deyir ki, şöbəyə gəlib izahat yazmalıyıq. Dedim, biz oğurluq etməmişik ki, izahat yazaq. Qapıma gələnlərə deyirəm ki, torpaq aktını yandırıb atmışam, bacarırsınızsa, gedin tapın”.
“Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev “Azadlıq”a bildirib ki, kompensasiyanı onlar yox, müstəqil ekspertlər təyin edib. Su xətlərinin kəsilməsi və şəxslərin təhdid olunmasına gəlincə, mətbuat katibi məsələni araşdıracaqlarını bildirib.
Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zaur Rzayev “Azadlıq”a deyib ki, onlar kompensasiyanın ədalətli təyin olması üçün ayrıca hüquq şirkətini də bu işə cəlb ediblər. “Dünya Bankı layihənin təsirinə məruz qalmış ərazidə torpaqların bazar qiymətlərinin müstəqil araşdırmasını sifariş vermişdi və araşdırmanın nəticələrinə görə, torpaq sahiblərinə təklif olunan kompensasiyanın məbləğinin həmin bölgədə kənd təsərrüfatı təyinatlı torpaqların orta bazar qiymətinə prinsipcə uyğunluğu müəyyənləşdirilmişdi. Əlbəttə ki, kompensasiya məbləğindən narazı olanların məsələni məhkəmə qaydasında həll etmək hüququ var”.
Qeyd edək ki, Ələt-Astara magistral yolu Dünya Bankı və Asiya Inkişaf Bankının krediti ilə çəkilir. Dünya Bankı yolun inşası üçün 200 milyon manatdan çox kredit ayırıb. Azərbaycan hökuməti bu məbləği 20 il müddətinə 2-3 faizlə ödəyəcək. Layihənin sifarişçisi “Azəryolservis” dir. Layihə 120 ev təsərrüfatını əhatə edir. Dövlət yola düşən torpağın hər hektarını 2160 manatdan qiymətləndirib. 1800 manat bazar qiyməti… 360 manat prezidentin sərəncamına əsasən əlavə təzminat. Magistral yol üçün özəl, bələdiyyə və dövlət olmaqla ümumilikdə 196.5325 ha torpaq sahəsi ayrılıb.
Sevinc Vaqifqızı