Vəkil Süleyman Qasımov: «Tələb etmişik ki, iş uzadılmasın və məhkəməyə göndərilsin»
Tanınmış hüquqşünas Qurban Məmmədovun vəkili Süleyman Qasımov dünən Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında onunla görüşüb. Bu barədə “Azadlıq”a açıqlama verən vəkil bildirib ki, Qurban Məmmədovun qanunsuz həbsi hər ötən gün daha aydın görünür: “Qurban Məmmədova qarşı irəli sürülən ittiham üzrə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkilməsi nəzərdə tutulub.
Ancaq onu həbsxana şəraitində saxlayırlar. Digər tərəfdən, hadisə zamanı həmin şəxsin iki maşının arasında qalıb xəsarət aldığı bildirilirdi. Bununla bağlı da istintaq gedir və ekspertiza aparılır. Biz tələb etdik ki, bu prosedur uzadılmasın və iş məhkəməyə təqdim olunsun”.
Vəkil onu da qeyd edib ki, bu işdəki qanunsuzluqlarla bağlı Ombudsmana müraciət hazırlanıb. Bundan başqa, Qurban Məmmədovun barəsində həbs qərarıyla bağlı yaxın vaxtlarda Avropa Məhkəməsinə də şikayət göndəriləcək.
Xatırladaq ki, Qurban Məmmədovun barəsində həbs-qətimkanÿ tədbirinin seçilməsi qərarını Nəsimi rayon məhkəməsi verib. Bu qərardan apelyasiya şikayəti verilsə də, nəticəsi olmayıb. Qətimkan tədbirilə bağlı məsələdə Apelyasiya Məhkəməsi şikayət vermək üçün son instansiyadır. Yəni, bu məsələ ilə əlaqədar Ali Məhkəməyə müraciət qanunda nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, artıq birbaşa Avropa Məhkəməsinə şikayət göndərmək olar. Çünki Avropa Məhkəməsinə şikayət etmək üçün əvvəlcə gərək yerli məhkəmə instansiyalarını keçəsən.
Xatırladaq ki, Qurban Məmmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə ittiham irəli sürülüb. O, avtomobili idarə edərkən ehtiyatsızlıqdan vətəndaşa xəsarət yetirməkdə günahlandırılır.
İlham