Prezident olduğu bir il ərzində ən mürəkkəb vəziyyətlərdə, fikir verənlər daim onun xəyallara daldığının şahidi olurdu. Hər dəfə bu səhnəyə rast gələndə ölkəmi hansı fəlakətlərin gözlədiyini onun baxışlarından hissÿedirdim.
O dövrlər onun işlətdiyi bəzi ifadələri lağa qoyanlar da tapılırdı. Ona vurulmayan damğa qalmadı. Ən dəhşətlisi də o idi ki, bunu çox vaxt onun ən çox güvəndiyi silahdaşları edirdi. O dövrlərdə AXC-yə heç bir aidiyyətim olmasa da, Elçibəyin Vətənə, millətinə olan məhəbbətinin, sadəliyinin, təvazökarlığının, saflığının vurğunu olduğumdan və bu barədə Respublika Prokurorluğunda danışdığıma görə mənə “cəbhəçi” damğası vurmuşdular.
1992-ci ilin əvvəllərində onun ətrafında olan, 1993-cü ildən sonra daim axtardığım, ancaq görə bilmədiyim bir nəfər jurnalist Elçibəyin məni görüşə dəvət etdiyini bildirdi. Prokurorluqda işlədiyimdən, həm də təklifi ciddi qəbul etmədiyimdən gizli görüşə getmədim. Elə həmin ilin aprel aylarında Ali Məhkəmədə, səhv etmirəmsə, Masallı rayonunda qız qaçırmış bir nəfərin işində prokuror kimi çıxış edən zaman Elçibəyi məhkəmə zalında oturmuş gördüm. Məhkəmə zalından çıxanda yenə həmin jurnalist məni onunla görüşdürdü. Onun sakitcə “Dağ Məhəmmədə tərəf getməzsə, Məhəmməd dağın yanına gedər” ifadəsi məni utandırdı.
Elçibəy elə oradaca “Aslan bəy, mən Sizi öz yanımda görmək istəyirəm” – dedi.
“Əbülfəz bəy, Siz haqq-ədalət uğrunda vuruşursunuz, mən də prokurorluqda elə həmin işi görürəm. Əgər burada imkanım olmasa, gələrəm” – dedim.
“Nə olar, bu da sənin seçimindir, yenə fikirləş” deyib, ətrafındakılarla məhkəməni tərk etdi. Artıq faktiki olaraq ölkəni idarə edən bir Şəxsin bu qədər sadə olmasını başqaları desələr, heç vaxt inanmazdım.
Sonralar bir neçə dəfə təkbətək görüşlərimiz oldu. Hər dəfə onu dinlədikcə hansı ağır yükü çəkməsi məni heyrətləndirirdi.
20 ildir bu hakimiyyət Elçibəyin işləməsinə imkan vermədiyimiz hakimiyyət dövrünü tənqid edir. Ancaq ağıllı başla təhqiq edəndə, bütün nöqsanlarına baxmayaraq, Azərbaycanı müstəqil dövlət kimi tanıdan əksər halların məhz o dövrdə baş verdiyini görməmək mümkün deyil. Əminəm ki, gələcək nəsillər Əbülfəz Elçibəyin, bizim hələ də lazımınca qiymətləndirmədiyimiz keyfiyyətləri barədə çoxlu kitablar yazacaq.
Mənim üçün Əbülfəz Elçibəy Yer kürəsində ən saf, təmiz, nəfsinə tam qalib gələn yeganə Prezident kimi qalır!
Aslan Ismayılov