Cəbhəçi gəncin üzünə duran “asayiş keşikçiləri” pis vəziyyətə düşdülər
Şərlənərək həbs olunan AXCP Gənclər Komitəsinin üzvü, bloqçu Daşqın Məlikovun işi üzrə Sumqayıt şəhər məhkəməsində iki gündür (20-21 iyun) proses davam edir. 20 iyunda keçirilən iclasda öncə Daşqın Məlikov ifadə verib. O, həbs olunduğu gün baş verənlərdən, həbs olunmasının səbəblərindən danışıb.
Sumqayıt polisinin “Daşqın Məlikov əməliyyatı”
Daşqın deyib ki, martın 25-i saat 4 radələrində evdən çıxıb, məqsədi bir işi həll edib sonra dostlarıyla görüşmək olub: “Yay aylarında gənclərin vaxtını asudə keçirmələri üçün bir QHT yaratmaq istəyirdik. Təşəbbüskar mən idim. “Facebook” səhifəmdə dostlarımla harada, saat neçədə görüşəcəyimizi yazmışdım. Evdən çıxdım, avtobusa mindim. Avtobusdan düşüb yolu keçmək istəyəndə iki mülki geyimli şəxs mənə yaxınlaşdı. Dedilər ki, polisik, bir məsələni aydınlaşdımaq üçün idarəyə gəlməlisən. Onlardan özlərini təqdim etməklərini istədim. Yalnız biri polis vəsiqəsini göstərdi. Məni adi bir minik avtomobilinə mindirib idarəyə gətirdlər. Yuxarı mərtəbəyə çıxardılar. Heç bir dəqiqə keçməmiş iki hal şahidi gətirdilər. Dedilər ki, üstünə baxış keçirəcəyik. Etiraz etdim, lakin fikir vermədilər. Üstümdə plaş var idi. Çıxardıb stola qoydular. Polislərin ikisi məni söhbətə tutmuşdular. Birdən arxama çönüb baxanda gördüm ki, hal şahidlərindən biri əlini plaşımın cibindən çıxardı. Hay-küy saldım. Dedim ki, cibimə nəsə atdı. Üstümə baxış keçirməyə davam etdilər. Şalvarımıın cibində nə var idi hamısını çıxardıb qoydum stolun üstünə. Portmanatımı istədilər. Polis onu götürüb arxaya çöndü və bir neçə saniyə ərzində mənə tərəf dönüb dedi ki, narkotik maddə tapdılar. Dedim ki, vəkilimi istəyirəm. Telefonumu da əlimdən aldılar və Əsabəli Mustafayevlə əlaqə saxlamağıma şərait yaratmadlar. İzahat yazmağımı istədilər, etiraz etdim.
2 saat mənə psixoloji təzyiq göstərdilər ki, izahat yazım. Nəhayət, yazdım. Çünki, mənə deyirdilər ki, yazmasan evinə gedib ailənə problem çıxaracağıq. Polislərdən Faiq adlı şəxs dedi ki, əgər bu narkotik ittihamını qəbul etməsən bir silah gətirib çiynindən asarıq və deyərik ki, bu sənindir. Ona görə də bunu qəbul etməlisən. Bütün bu işlərdən sonra bir vəkil gəldi. Dedilər ki, dövlət tərəfindən sənə ayrılmış vəkildir. O məndən sadəcə soruşdu ki, izahatları sən yazmısan? Dedim, hə. Hansısa bir sənədi imzalayıb getdi. Sonra isə məni istintaq təcridxanasına göndədilər”.
İfadəsinin davamında Daşqın deyib ki, martın 19-u iki sahə müvəkkili onların evinə gəlib. Daşqından partiya vəsiqəsinin və hərbi biletinin surətini istəyiblər. Polis hərəkətini belə izah edib ki, tələbləri Daşqının hərbi xidməti ilə bağlı məsələdir. 2 gün sonra yenidən həmin iki polis gələrək Daşqını soruşublar. Anası Daşqının yatdığını bildirdiyi üçün gediblər.
Həbsinin motivlərinə gəlincə, fəal bildirib ki, onu siyasi mənsubiyyətinə və sosial şəbəkələrdə hakimiyyətə tənqidi yazılar yazdığı üçün həbs ediblər.
Hal şahidlərinin acınacaqlı halı
Daşqın ifadəsini bitirdikdən sonra onun üstündə axtarış aparılarkən şahidlik edənlər, Asif Cəfərov və Migel Əliyev dindirilib. Onların ifadələrində təzadlar yaranıb və vəkil deyib ki, bu təzadlara növbəti məhkəmə proselərində toxunacaq. Hər iki şahid ifadəsində bildirib ki, Daşqının portmanatının qapalı cibindən tiryək tapılıb və o etiraf edib ki, bu tiryəki Bakı avtovağzalında yerdən tapıb. Guya Daşqın polislərə deyib ki, tiryəki istifadə etməyib, lakin, saxlanılmasa, istifadə edəcəkmiş. Bu an Daşqının anası yerindən etiraz edərək deyib ki, bilsəydim portmanatı gətirərdim. Onun heç qapalı cibi yoxdur.
Daha sonra əməliyyat müvəkkili Sabir Həsənov ifadə verib. O deyib ki, Daşqın saxlanmamışdan bir neçə gün öncə onlara belə bir şəxs narkotikin əldə olunmasına vasitəçiliklə məşğul olması barədə məlumat daxil olub. Bundan sonra əməliyyat qrupu yaradılıb və Məlikov saxlanılıb.
Daha sonra vəkil vəsatət qaldıraraq növbəti prosesdə Daşqın Məlikovun evinə gedən sahə müvəkkilinin məhkəməyə çağırılıb, ifadəsinin alınmsını tələb edib, hakim vəsatəti təmin edib.
Daşqını tutan polislərin dili tutulub
İyunun 21-də keçirilən prosesdə daha üç şahid dindirilib və bununla da məhkəmə istintaqı başa çatıb. İyunun 27-də keçiriləcək növbəti prosesdə tərəflərin çıxışı olacaq.
Prosesdə şahid qismində ilk olaraq Ramil adlı polis əməkdaşı ifadə verib. O, Daşqının tutulmasında və üzərində axtarış aparılmasında iştirak edib. Polisin ifadəsində xeyli ziddiyyətlər ortaya çıxıb. O bu vəziyyətini “axşam tədbirdə olub yuxusuz qalması ilə” əlaqələndirib. Təsadüfü deyil ki, növbəti “şahid” – İftixar adlı polis əməkdaşı da oxşar bəhanə gətirib. O, izahata başlayan kimi deyib ki, çox şey yadında qalmayıb, suallar verilərsə danışa bilər. Dəfələrlə vəkilin sualları qarşısında çıxılmaz duruma düşərkən, o, hadisə çoxdan olub yaddaşım zəifləyib, xatırlaya bilmirəm, bəhanələrini səsləndirib.
Hər iki polisin Daşqını tutmaları barədə dedikləri bundan əvvəl elə Sumqaytda eyni ittihamla saxlanan Cabbar Savalanlı ilə bağlı deyilənlərlə eyni olub. O zaman da polislər izahat verərək deyirdilər ki, Cabbarı yaşadığı ərazidə yaxalayıblar, orda üzərində axtarış aparmaq istədikdə Cabbar deyib ki, burda bunu etməyin, ətrafda məni tanıyanlar var.
Daşqın barədə də deyiblər ki, guya o tutulduğu yerdə üstündə axtarış aparılmamasını xahiş edib və buna görə onu polis idarəsinə gətiriblər.
Polislərin hal şahidi və Daşqına vəkil təklif tutulması ilə bağlı dedikləri də bir-biri ilə uyuşmayıb. Birinci ifadə verən polis deyib ki, Daşqını tutanda hal şahidinin birini o yoldan dəvət edib. İdarəyə gətirdikdə isə Daşqına vəkil təklifini etsələr də Daşqın buna heç bir cavab verməyib, çünki o özünü itiribmiş.
İkinci polis şahidi – İftixar Rüstəmov isə deyib ki, hal şahidlərinin ikisini də o hadisə yerinə əvvəlcədən dəvət edib. Vəkil barədə isə o deyib ki, Daşqın izahat verib qurtarandan sonra vəkil tələb edib.
Daşqının saxlandıqdan sonra polis iadərsinə aparılması ilə də bağlı maraqlı məqamlar üzə çıxıb. Vəkilin suallarına cavab verərkən polislər deyib ki, onlar Daşqına üzərində axtarış aparacaqlarını və bunun narkotiklə bağlı olduğunu deyiblər. Bundan sonra isə Daşqının xahişini nəzərə alaraq axtarışı saxlayaraq onu maşında oturdaraq idarəyə gətiriblər və burda o hərəkəti ediblər.
Vəkilin “Siz Daşqını qandallamışdınızmı?” sualına polislər “yox” cavabını veriblər.
Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilən sahə müəvəkkili Teymur Babayev də dindirilib. Daşqının sözlərindən və vəkilin suallarından aydın olub ki, Məlikovların evinə gələn polis əməkdaşı bu adam olmayıb. Şahid deyib ki, ola bilsin kimsə yuxarı rəhbərlikdən belə bir işi görüb. Amma o sual açıq qalıb ki, nə üçün Teymurun (sahə müvəkkili) adından istifadə olunub. Yeri gəlmişkən, öz savadı ilə öyünmək istəyən bu şahid elə başlancığında bir neçə maddəni səhv deyib və məhkəmə zalında özünü qeyri-etik apardığına görə hakim tərəfindən ona xəbərdar olunub.
Natiq