Ukraynadan sonra Qazaxıstan da vətəndaşın xeyrinə qərar qəbul etdi
Baş verənlər həqiqətən də utancvericidir. Bir vətəndaş kimi bu qədər anti-xalq hakimiyyətin idarəetməsində yaşamaq ağırdır. Çünki, bu hakimiyyət faktiki olaraq vətəndaşı müflisləşdirmək, kölə vəziyyətinə salmaq və ölkə sərvətlərini oğurlamaqla məşğuldu. Vəziyyət o həddə çatıb ki, hakimiyyət xalqa sevginin imitisayisını da etmək istəmir. O qədər hisslərinin əsirinə çevriliblər ki, ancaq haqqı deyənlərə ləkə vurmaq, dünya ilə düşmən olmaq mərhələsinə keçiblər.
Hər dəfə baş verənlər göstərir ki, Azərbaycan hakimiyyəti üçün xalq anlayışı öz mahiyyətini itirib.
Əvvəlcə Ukrayna Ali Radasının xalqın xeyrinə qərarı oldu.ÿ Belə ki, Ukrayna hökuməti xarici valyuta ilə götürülən kreditlərlə bağlı qanun layihəsi qəbul etdi. Qanun layihəsi istehlak kreditləri götürən fiziki şəxslərin üzləşdiyi problemlərin həlli mexanizmini nəzərdə tuturdu. Qanunvericilər belə nəticəyə gəliblər ki, milli valyutanın stabilliyini qoruyub saxlaya bilməməsinə görə məsuliyyət dövlətin üzərindədir. Ona görə də dövlət bu məsuliyyəti nəzərə alaraq, əhaliyə yardım etməlidir. Ukraynada vaxtilə dollar və digər xarici valyuta ilə kredit götürmüş vətəndaşlar banka ödənişi həmin valyutanın devalvasiyadan sonrakı məzənnəsinə yox, kredit götürüldüyü vaxtdakı məzənnəyə uyğun ödəyəcəklər. Bu, öhdəlik məbləğindən asılı olmayaraq, bütün istehlak kreditlərinə aiddir.
Daha sonra Yunanıstan hökuməti Yunanıstanda dövlət banklarına və dövlətə 20 min avroya qədər borcu olanların, “çox kasıb olduqları üçün” bütün borclarını silmək qərarı verdi. Ölkənin “Ethnos” qəzetinin xəbərinə görə “xüsusi şərtləri yerinə yetirdikləri halda” ölkədə dövlət banklarına, Maliyyə Nazirliyinə və sığorta fondlarına 20 min avroya qədər borcu olanların bütün borcları silinəcək. Qeyd edək ki, Yunanıstan hazırda böhran vəziyyətindədir və dünya gücləri bu ölkəni böhranlı vəziyyətdən çıxarmaq üçün maddi yardım edirlər. Amma bütün bunlara baxmayaraq Yunanıstan hökuməti xalqın üzləşdiyi çətin vəziyyəti başa düşür və buna yönəlik addım atır.
Bugünlərdə isə Qazaxıstan hökuməti YAP hakimiyyətini utandıracaq addım atdı. Qazaxıstan prezidenti Nursultan Nazarbayev bankda tenge ilə depozit saxlayan və milli valyutanın devalvasiyasından itirən vətəndaşların kompensasiya edilməsi ilə bağlı göstəriş verib. Bəli, bəyənmədiyimiz Nazarbayev də devalvasiyasının zərərini xalqın üzərinə atmadı.
Bəs, Azərbaycanda nə baş verdi. Ölkə başçısınını “milli valyuta sabit qalacaq” vədi özünü doğrultmadı və bir gecənin içində manat 34 faiz ucuzlaşdı. Nəticədə sadə vətəndaşa bir gecənin içində 2.2 milyard zərər dəydi. Xalq ümidlə hakimiyyətdən adekvat reaksiya gözləsə də, hakimiyyət vətəndaşı pərt etdi. Belə ki, Konstitusiya Məhkəməsi xalqın deyil, məmurların xeyrinə qərar çıxardı. Bəli, Azərbaycanda banklar hakim ailə və məmurlara məxsus olduğu üçün müstəqil olmayan məhkəmə də hakimiyyətin tərəfini tutdu. Beləliklə, xalqa ikinci dəfə zərbə vuruldu. Amma hakimiyyət bununla da kifayətlənmək istəmir və faiz dərəcələrini qaldırır.
Göründüyü kimi, xalq hakimiyyətindən fərqli olaraq, anti-xalq hakimiyyətlərinin “öz yolu” olur. Ukraynada, Yunanıstanda, Qazaxıstanda hakimiyyətlər xalqa dəyər verdiklərini sübut etdilər. Azərbaycan hakimiyyəti isə Avropa Oyunlarına milyardlar, Gül bayramına milyonlar xərclədiyi, əcnəbi müğənnilərə milyonlar hədiyyə etdiyi halda, ölkə vətəndaşına güzəştə getmədi. Əslində YAP hakimiyyəti üçün bu, xarakterik xüsusiyyətdi. Bu hakimiyyətin xalq sevgisi olsaydı, şəhid ailələrinin sığorta pulunu mənimsəməzdi.
Milli maraqlardan danışmaq, saxta vətənpərəvərlik şousu yaratmaq, yalan vədlər vermək olar. Amma əməldə hakimiyyət həmişə xalqı zərbə altında qoyub. Ukrayna, Yunanıstan və Qazaxıstan hökumətləri Əliyev rejiminə bir ibrət dərsi verdi və əsl hakimiyyətin necəliyini göstərdi.
Azərbaycan xalqı ətrafda baş verənlərə dəqiq qiymət verməlidir və özü üçün nəticə çıxarmalıdı. Niyə Ukraynada, Qazaxıstanda, Yunanıstanda xalqa qiymət verildi, Azərbaycanda isə yox? Görünür, hakimiyyətin zərrə qədər xalq sevgisi olanda, hökumət ləyaqətli insanlardan təşkil olunanda nəticə tamam başqa cür olur.
Bir daha aydın olur ki, bu hakimiyyətin niyyəti xalqın bədbəxtliyi üzərində səltənət qurmaqdı. 100 milyardlarla vəsaiti xalqa vermədilər, heç olmasa şəxsi banklarının girovluğunda olan vətəndaşa minimal güzəşt edəydilər. Əgər bunu da etmirlərsə, deməli, bu xalqa nifrət edirlər.
Yuxarıdakı nümunələr də sübut edir ki, korrupsiya ilə nəfəs alan hökumət, xalqı idarə edə bilməz və buna haqqı yoxdur.
Akif