Azərbaycanın həsəd aparacağı abadlıq, yaxud türkmən xalqına zülmün karikaturası
Bəzən eyni mövzuya təkrar-təkrar qayıtmaqda fayda var. Mayın 19-da Bakıda baş verən faciəli yanğından sonra bir neçə nəfər mənə iki il öncə yazdığım bir məqaləni xatırlatdı. Həmin yazı Türkmənistanda aparılan abadlıq işləri ilə Azərbaycanda görülən işlərin müqayisəsindən bəhs edirdi. Bu o zaman idi ki, Azərbaycan hakimiyyəti kiçik parkları, tez-tez sökülüb təzədən tikilən fontanları, binaların bəlalı üzlənməsini xalqa minnət və misilsiz uğur kimi təqdim edirdi. Bu o zaman idi ki, binaların ölüm mənbəyi olan penoplast materialla üzlənməsini misli olmayan işlər kimi şərh edir, ölkənin talan edilməsini bunun arxasında gizlətməyə çalışırdılar…
Mən isə yalnız Türkmənistanı – dünyanın gülüş obyekti olan bir rejimin idarə etdiyi bədbəxt ölkəni misal göstərmiş, hətta orada görülən abadlıq işlərinin Azərbaycandakından qat-qat artıq olduğunu faktlarla sübut etmişdim həmin yazıda. Ən başlıcası odur ki, bizim hakimiyyət xalqın malını yanğın mənbəyi olan zərərli penoplast üzlüklərə sərf edib binaları üzlədiyi halda, Türkmənbaşı rejimi heç olmasa şəhər tikililərini ağ mərmərlə üzləməklə bütün dünyaya səs salmış, Ginnesin “Rekordlar” kitabına yol açmışdır…
Olduqca baha qiymətə görülən, korrupsiyaya xidmət edən, heç bir şəffaflıq və ictimai nəzarəti olmayan abadlıq işlərini YAP hakimiyyətinin inkişaf kimi qələmə verməsi isə böyük hiylədir. Sanki dünyanın heç yerində bu cür işlər yoxdur və guya bizdə aparılan abadlığa bütün dünya heyran qalıb. Əvvəla, yalnız şəhərlərin mərkəzi yerlərini, əsas yolların kənarlarını abadlaşdırmaq, yeni binalar tikmək inkişaf sayıla bilməz. Çünki inkişaf təkcə abadlığa bağlı məsələ deyil.
Ikincisi, bizdəki yeni tikililər yəni o qədərmi çox, o qədərmi qeyri-adidir?! Başqa ölkələrdə tikmirlərmi, başqa ölkələrdə parklar, asfalt yollar salınmırmı?! Haqqında söhbət etdiyimiz yazı buna cavab idi. Indi baxın görün Türkmənistanda nə işlər görülüb. Şəxsən mən türkmən xalqını zülmə düçar edib, həmin işləri görməyə görə türkmənbaşı hökumətini təqdir etmirəm. Ağlı başında olan heç kim təqdir etmir bunu. Amma görün və bilin ki, Azərbaycan xalqının başını daha dütdülü, daha keyfiyyətsiz abadlıqlarla aldadıblar…
543 bina ağ mərmərlə üzlənib
Türkmənlərin paytaxtını görməyənlər də onu fotolardan, videosüjetlərdən az da olsa tanıyır. Yapçılar bu şəhəri yada salıb, gərək bir də Azərbaycandakı abadlıqları bənzərsiz uğur adlandırmağa utanalar. Bizdə binalar əsasən penoplast örtüklə üzlənirsə, Aşqabad dünyanın “ağ mərmər sarayı” adını qazanıb.
Düzdür, türkmənbaşıların mərmər sevgisi dünyanın vecinə deyil, yeri gələndə, buna gülürlər də, amma bu, bir reallıqdır. Aşqabad dünyanın ən çox mərmər üzlüyü olan binalarına və mərmər üzlü ən hündür binalarına görə dünya rekordu qazanıb. Türkmənistanda vur-çatlasındır. Elə bil Azərbaycan “Eurovision”da qalib gəlib. Şit və mənasız sevinclər, bədbəxtliyin mərmər örtüklə gizlədilməsi ruhən Azərbaycanı çox xatırladır. Amma buradakı yeni tikintilər Azərbaycandakılardan da üstündür…
Hazırda 543 yeni tikilən göydələn boydan-boya ağ mərmərlə üzlənib. Bunu görəndə şəhərə gələnlərin ağzı açılır qalır və normal düşüncəli insan bu dəbdəbənin mənasını heç cür anlamır…
“Oğuz xan” kompleksi
Hacıbala Abutalıbovun Bakıda fontanlardan necə həvəslə danışdığını görmüsünüzmü? Görəsən bu adam Aşqabaddakı “Oğuz xan” kompleksi qursaydı neyləyərdi? Bu, sinxron çalışan 28 nəhəng fontanın quraşdırıldığı abidələr kompleksidir. Dünyada ən böyük fontan kompleksi sayılır və çox dəbdəbəlidir.
Rekord bayraq dirəyi ideyası oradan gəldi
Azərbaycanda dünyada ən yüksək bayraq dirəyi ilə öyünmədən çox keçməyib. Lakin artıq sevinməli bir şey qalmayıb, Tacikistan daha yüksəyə qalxmaqla bu rekordu özünə götürüb. Onu da deyim ki, rekord yarışı Türkmənistandan başlamışdı. Türkmənistan 133 metrlik bayraq dirəyi ilə dünya rekordu qırmışdı.
Əslində, bizim hakimiyyət ideyanı Türkmənistandan götürərək Bayraq meydanı tikib…
Yapçıların həsəd aparacağı teleqüllə və bənzərsiz “Aləm”
“Türkmənistan” telqülləsi dünya rekordu qırmayıb, amma bütün dünyada ən gözəl tikililərdən sayılır. 211 metr hündürlüyü olan qüllə Oğuz xanın simvollarını özündə daşıyır…
“Aləm” mədəni-əyləncə kompleksi isə dünya rekordu qırıb. O, bağlı tipli ən böyük çarxla məşhurdur. Gözəlliyi də göz oxşayır. Əsl AzTV-lik obyektdir, hər gün iki dəfə tərifləyərdilər…
Türkmənistanın əməkdar arxitektoru
Aşqabaddakı abadlıqdan, gözəl binalardan, meydanlardan, yollardan, heykəllərdən ağızdolusu danışmaq olar. Bəzi fotolara baxmaq normal təsəvvür yaradır. Eyni zamanda ölkənin müxtəlif bölgələrində abadlıq gedir, hətta yeni qəsəbələr salınır. Bütün bunlar adi parkları, səkilərin yenilənməsini, tez-tez xarab olan fontanları, asfalt yolları Azərbaycan xalqına minnət kimi və böyük uğur kimi təqdim edilən hakimiyyətə gerçək bir ironiyadır. Həm də onunla ki, türkmən abadlıqlarının arxasında da bütöv bir xalqın əzabı, bədbəxtliyi dayanıb.
Yeri gəlmişkən deyim ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov bu yaxınlarda “Türkmənistanın əməkdar memarı” adına layiq görülüb.
Şahvələd Çobanoğlu