Hafiz Məmmədovun ölkədən qaçdığı xəbəri yayıldı; Prezidentin strateqinin qardaşı isə «Bandotdel»ə aparıldı
“Hafka” ləqəbli iş adamı Hafiz Məmmədov Azərbaycandan qaçıb. Bu haqda azpolitika.info saytı xəbər yayıb. Xəbərdə bildirilir ki, Hafiz Məmmədov barəsində Nəsimi rayon məhkəməsi tərəfindən mayın 18-də həbs-qətimkan tədbiri seçilib. Ancaq Hafiz Məmmədovu həbs etmək mümkün olmayıb.
O, bu qərarın verilməsindən 2 gün əvvəl – mayın 16-da ölkədən qaça bilib. Həbs ediləcəyindən əvvəlcədən xəbərdar olan Hafiz Məmmədovun Azərbaycandan necə və hansı ölkəyə qaçdığı məlum deyil.
Sayt yazır ki, Beynəlxalq Bankdan götürülən kreditlərin mənimsənilməsi ilə bağlı başlanmış cinayət işi çərçivəsində “Hafka”nın indiyədək həbsə alınmaması və ya onun istintaqa cəlb olunduğu barədə məlumatların olmaması təəccüb doğururdu. Çünki Beynəlxalq Bankdan çox böyük həcmdə kredit götürüb qaytarmayanlardan biri də məhz Hafiz Məmmədovdur. Banka bir neçə 100 milyon manat borcu olan “Hafka”, aldığı krediti qaytarmadığına görə Beynəlxalq Bank tərəfindən hətta məhkəməyə də verilib.
Hafiz Məmmədov isə barəsində yayılan xəbəri təkzib edib.
“Mənim ölkədən qaçmağım haqda KIV-lərdə yayılan informasiyalar tamamilə yalandır. Hazırda Londondayam, müalicə alıram. Ayağımda problemlər var. Yaxın günlərdə Bakıya dönəcəyəm”,- deyə iş adamı virtualaz.org saytına açıqlamasında deyib.
“Hafka” onun cinayət məsuliyyətinə cəlb olunduğu haqda KIV-lərdə yer alan iddiaları da rədd edib.
“Qayıdandan dərhal sonra sizinlə görüşməyə və bütün suallarınıza cavab verməyə hazıram”,- deyə oliqarx bildirib.
Virtualaz.org saytı həmçinin məlumat yayıb ki, DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsi “Bank Technique”dəki iri maliyyə maxinasiyaları ilə bağlı araşdırma aparır.
Məlumatda deyilir ki, bankın Xəzər filialı “pul yuyulması”nda ittiham olunur. Bildirilir ki, bankın
Müşahidə Şurasının üzvü Rauf Ağayev sorğu-sual ediləndən sonra sərbəst buraxılıb. Məlumata görə, bu məsələ ilə bağlı Prezident Yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun qardaşı, “Bank Tecnique”nin Xəzər filialının rəhbəri Fərid Məmmədov da dindirilib.