Bələdiyyə seçkilərində YAP 66 faiz səs qazanıb
Ölkə başçısının “yanğın müşavirəsi” də “yanğın” yaratdı. Bu müşavirədə səslənən fikirlər də geniş müzakirə mövzusuna çevrildi və hakimiyyətin ifşasına xidmət etdi. Yəni, müşavirədə deyilənlər yeni suallar meydana çıxardı və hökumətin səriştəsizliyini, qeyri-səmimiliyini göstərdi.
Müşavirədə səslənən fikirlərdən biri də bələdiyyələrlə bağlı oldu:
“Yüksək gərginlikli xətlərin altında nə qədər binalar tikilib. Insanlar bəlkə də bunu başa düşmür ki, bu, onların özləri üçün nə qədər böyük təhlükəlidir. Ancaq o icazəni kim verib? Elə bil ki, özbaşına tikiblər. Axı biz hamımız Azərbaycanda yaşayırıq. Əgər yerli icra orqanları, bələdiyyə icazə verməsə, özbaşına kim nə edə bilər? Bələdiyyə bir növ necə deyərlər, icra başçılarının filialına çevrilib. Bələdiyyənin öz səlahiyyəti var. Indi mən o fəaliyyəti görmürəm. Bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə işlər dövlət büdcəsi hesabına görülür. Bələdiyyə bir kənd yolunu tikibmi? Halbuki bu, bilavasitə onun işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin ehtiyat fondunun hesabına biz tikirik. Bələdiyyə, sadəcə olaraq, bir möhür idarəsidir, yəni, qanunsuz əməllərə ştamp qoyur. Bu məsələ də prokurorluq tərəfindən araşdırılmalıdır, buna son qoyulmalıdır” – deyə Ilham Əliyev müşavirədə bildirib.
Deməli, prezidentin bələdiyyələrin fəaliyyətindən də xəbəri var imiş. Prezident bilirmiş ki, bələdiyyələrə möhür idarəsidir, icra hakimiyyətlərinin filialıdır və qanunsuz işlərlə məşğuldu. Amma bu həqiqətləri söyləmək üçün Binəqədidəki yanğını gözləyirmiş. Biz uzun illərdi yazırıq ki, bu ölkədə seçki keçirilmir, saxtakarlıq ən yüksək səviyyədə həyata keçirilir, bələdiyyələrin heç bir səlahiyyəti yoxdur və.s Amma biz bunları deyəndə, ölkə başçısının nəzərində “anti-milli”, “ermənipərəst” oluruq. Şükrlər olsun ki, bizim illərdi yazdıqlarımızı Ilham Əliyev də təsdiqləyir.
Amma məsələnin daha önəmli tərəfi var. Xatırlayırsıza, dekabrın 23-də ölkədə bələdiyyə seçkiləri keçirildi və MSK sədri Məzahir Pənahov seçkinin alman dəqiqliyi ilə keçiriləcəyini vəd verdi. Amma həmişəki kimi bu seçki də hiss olunmadan başa çatdı. Yəni, bir palatka müğənnisinin konserti bələdiyyə seçkilərindən daha səs-küylü oldu.
Məsələ burasındadır ki, bələdiyyə seçkilərində YAP-dan 16760 nəfərin namizədliyi irəli sürülüb. Onlardan 13 404 nəfərini partiya, 3356 nəfəri isə namizədliyini fərdi qaydada irəli sürüb.
Deməli, 15035 bələdiyyə yerinə 13404 nəfər YAP-ın “xeyir-dua”sı ilə qatılıb. Əli Əhmədov bunu 40 faiz kimi təqdim edirdi. Bu isə təxminən 89 faiz deməkdir. Digər 11 faiz də real müxalifətin və ya həqiqi bitərəflərin göstəricisi deyildi. Əgər araşdırma aparsaq, aydın olacaq ki, 23 dekabr seçkilərində YAP və ona “ləbbeyk” deyənlər iştirak edib və “qalib” gəliblər. Yəni, ötən bələdiyyə seçkilərində YAP özünə qalib gəldi və heç bir real rəqib olmadı. Rəsmi nəticə isə bundan ibarətdir ki, bələdiyyə seçkilərində YAP 66 faiz səs toplayıb. Deməli, Ilham Əliyevin şikayətçi olduğu, möhür idarəsi adlandırdığı, fəaliyyətsizlikdə qınadığı adamlar YAP-çılardı.
Beləliklə, məlum olur ki, YAP-ın yetirmələri bütün ölkəni qarış-qarış satır və öz vəzifəsini yerinə yetirmir. Bu isə o deməkdir ki, Ilham Əliyev komandasının yarasız olduğunu, etimadı doğrultmadığını etiraf edir.
Biz də bunu deyirdik də. Deyirdik ki, YAP hakimiyyəti dövlətin və millətin maraqlarına deyil, şəxs maraqlara xidmət edir. Bir halda ki, Ilham Əliyev də bunu bilir, o zaman əməli addım atsın. YAP-çı bələdiyyə sədrlərini vəzifədən azad etsin və normal seçki keçirilsin.
Yeri gəlmişkən bələdiyyə seçkiləri öncəsi millət vəkili Qalib Salahzadə demişdi ki, bələdiyyələrə kimlərin seçiləcəyi əvvəlcədən məlumdur. Görəsən, ölkə başçısı deputatın bu etirafından da xəbərsiz olub?
Reallıq budur ki, ölkədə bələdiyyələr də, icra hakimiyətləri də, nazirliklər də, məkhəkəmlər də filial kimi fəaliyyət göstərir. Bəli, bütün qurumlar Prezident Aparatının filialına çevrilib. Bütün qurumlar xalqın yox, hakimiyyətin maraqlarını müdafiə edir. Həm də ölkə başçısı bütün bunlardan xəbərdardı.
Azad