Nemət Əliyev: «Güman ki, investisiyalar cəlb etmək istiqamətindəki fəaliyyəti gücləndirmək nəzərdə tutulur»
Prezident Ilham Əliyev Asiya Inkişaf Bankı Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış mərasimində ölkə iqtisadiyyatının şaxələndirilməsinin bundan sonra da diqqət mərkəzində olacağını söyləyib.
Dövlət başçısı qeyd edib ki, hökumət Azərbaycanın xarici borcunu maksimum aşağı səviyyədə saxlamağa çalışacaq və ölkədə makroiqtisadi vəziyyət də ciddi müşahidə altında olacaq. Dövlət başçısı əlavə edib ki, manatın məzənnəsi nəzarət altında olacaq və Azərbaycan maliyyə resursları yığmağa çalışacaq.
Iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, manatın səviyyəsini dayanıqlı və etibarlı, səmərəli əsaslar üzərinə gətirmək hesabına saxlamaq lazımdır. Ekspert ölkənin gələcəyi üçün qeyri-neft sektorunu inkişaf etdirmək, valyuta axınını təmin edə bilən qeyri-neft məhsullarının istehsalını daxildə təşkil etməklə etibarlı əsasları qrurmağın mümkünlüyünü dilə gətirir:
“Bir halda ki, həmin əsaslar yoxdur, manatın sabitliyini qoruyub saxlamaq devalvasiyalarla müşahidə olunan formaya oxşayır. Konkret olaraq ölkəyə əlavə vəsaitlərin cəlb olunmasıyla bağlı fəaliyyətin davam etdirilməsi deyəndə böyük ehtimalla iqtisadiyyata olan investisiyalar nəzərdə tutulur. Manatın kəskin devalvasiyası əhalinin, ölkədə fəaliyyət göstərən bankların və xarici investorların iqtisadiyyatımıza kapital yatırımı istiqamətindəki fəaliyyətini əməlli-başlı tormozlayıb. Hökumət də bugünə qədər həmin istiqamətdəki fəaliyyətini xam neftin satışından əldə olunan vəsait hesabına həyata keçirib. Neftin qiyməti aşağı düşüb və dövlətin büdcəsində ciddi problemlər yaranıb. Həmin dövr üçün hökumətin özünün də investisiya yönümlü fəaliyyətini təmin etmək çox çətindir. Güman ki, maliyyə resursları yığmaq deyəndə investisiyalar cəlb etmək sahəsindəki fəaliyyəti gücləndirmək nəzərdə tutulur”.
N.Əliyev hesab edir ki, heç olmasa bu gün düzgün siyasət yeridilməli və çətinliklərlə üz-üzə qaldığımız dövrdə prioritetlər düzgün müəyyənləşdirilməlidir. Bu mənada, ölkənin aqrar sektoru, emal sənayesi inkişaf etdirilməli və hökumət bu sahələrin inkişafını stimullaşdırmalıdır.
Nigar