Onların maliyyə mənbələri nəzarətə götürülür
Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ilə Türkiyə Maliyyə Nazirliyi Maliyyə Cinayətlərinin Araşdırılması Şurası arasında cinayət yoluyla əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında prezident fərman verib.
Fərmana görə iki ölkə arasında yuxarıda qeyd edilən əməkdaşlığa dair 2015-ci il yanvarın 15-də Ankarada imzalanan Anlaşma Memorandumu təsdiq edilib. Buna uyğun olaraq Azərbaycan Xarici Işlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərməlidir.
Politoloq Elxan Şahinoğlu söyləyir ki, Azərbaycan Türkiyə ilə bu müstəvidə bir müddətdir əməkdaşlıq edir. Ərdoğanın “gülənçi”ləri özünə düşmən hesab etdiyini deyən politoloq, təşkilatın özəkləri olan ölkələrdə də müvafiq fəaliyyətin qurulduğunu bildirir:
“Həmin ölkələrdən biri də Azərbaycandır. Gülənçilərin ən çox möhkəmləndiyi ölkələrdən biri Azərbaycandır ki, burda bir sıra təmizləmələr həyata keçirildi. Belə ki, Gülənçilərin burdakı maliyyə imkanları kifayət qədər çoxdur. Növbəti mərhələdə bu məsələlər ona görə gündəmə gətirildi ki, gülənçilərin maliyyə mənbələri nəzarətə alınsın və həmin adamlar iqtisadi obyektlərdən uzaqlaşdırılsın. Bu mənada Azərbaycanla əməkdaşlıq “gülənçi”lərə qarşı kampaniyanın növbəti mərhələsi sayıla bilər”.