Məmmədyarovun ABŞ-dan izahat tələb etməsi nəyə xidmət edir?
Fuad Qəhrəmanlı: «Hakimiyyət yürüdtüyü repressiv siyasətə bəraət qazandırmaqdan ötrü özü üçün uydurma əsas yaradır»
Azərbaycan hakimiyyətinin ABŞ dövlət katibi Con Kerriyə qarşı başlatdığı kampaniya davam etməkdədir. Artıq Kerriyə qarşı yönələn ittihamlara XIN səviyyəsində münasibət bildirilir. Xarici işlər naziri Elmar Məmmədyarov Kerri ilə bağlı mətbuatda gedən məqalələrə münasibət bildirib.
E.Məmmədyarov vurğulayıb ki, baş verən təəccüb və ciddi narahatlıq doğura bilər. Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi etdiyi bir zamanda belə bir yazının meydana gəlməsini təsadüfi saymayan E.Məmmədyarov bildirib ki, bu cür fəaliyyət Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa yönəlib: “ABŞ Administrasiyasından gözləntimiz bu dövlət büdcəsi hesabına maliyyələşən təsisatların antiAzərbaycan kampaniyasına aydınlığın gətirilməsidir. Indiyə qədər olan təəssürat ondan ibarətdir ki, bunu Azərbaycan-ABŞ əlaqələrinin inkişafını istəməyən şəxslər idarə edir və hətta onlar əvvəlki Administrasiyaların dövründə qazanılmış ikitərəfli əlaqələrə daha çox zərbə vururlar”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, E.Məmmədyarovun açıqlaması onu göstərir ki, ABŞ-a qarşı başladılan kampaniya hakimiyyət tərəfindən başladılan və idarə olunan bir prosesdir. Çünki E.Məmmədyarovun açıqlaması aparılan kampaniyaya haqq qazandırmaq məqsədi güdür. F.Qəhrəmanlının sözlərinə görə, amma bu prosesdə Azərbaycan tərəfini haqsız çıxardan məqam odur ki, bu günə qədər irəli sürülmüş iddialarla bağlı ortaya real fakt qoyulmayıb: “Indiyə qədər sübut olunmayıb ki, ABŞ tərəfindən maliyyələşdirilən QHT Azərbaycandakı fəaliyyətində qanun pozuntusuna yol verib. Bu barədə hər hansı fakt yoxdur. Amma bu günə olan nəticə odur ki, QHT təmsilçilərinin, vətəndaş cəmiyyətinin institutlarının rəhbərlərinə qarşı heç bir hüquqi əsası olmayan qondarma ittihamlar irəli sürülüb. Onlar da siyasi sifarişli ittihamlarla həbs olunublar. Bunun da səbəbi odur ki, hakimiyyət vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini ölkədə yaratmaq istədiyi total nəzarət üçün təhlükə hesab edir. QHT-lərin hakimiyyəti qane etməyən fəaliyyəti onların həyata keçirdiyi maarifçilik, demokratik azadlıqları təmin etməsi, insan hüquqlarının qorunması uğrunda mübarizə aparmasıdır. Deməli, söhbət hər hansı qanuna zidd əməldən yox, hakimiyyətin demokratiyaya qarşı, insan haqlarını boğmağa yönəlmiş mövqeyindən gedir. Hakimiyyət QHT-ləri özünə təhlükə hesab etdiyinə görə onlara qarşı repressiya dalğasına başlayıb. Atılan addımlara isə bəraət qazandırmaqdan ötrü özü üçün uydurma əsas yaradır. Guya bu təşkilatlar sabitliyi pozmağa çalışırlar”.
F.Qəhrəmanlı vurğuladı ki, hakimiyyətin Amerikamənşəli qrant almış təşkilatlara qarşı irəli sürdüyü ittihamlarda qanunsuz fəaliyyətlə bağlı heç bir məqam yoxdur. Hətta qərəzli məhkəmələrdə belə bir fakt yoxdursa, o zaman hansı əsasla sözügedən QHT-lər ölkədə sabitliyi pozmaqda, ABŞ-ın dəstəyi ilə ölkədə destruktiv fəaliyyət göstərməkdə ittiham olunur. “Elmar Məmmədyarovun söylədiyi fikirlər heç bir reallığa əsaslanmır. ”Azadlıq" radiosu və başqa QHT-lərin Azərbaycanda fəaliyyəti insan hüquqları ilə bağlı maarifləndirmə işi həyata keçirməkdən ibarət olub. Elmar Məmmədyarovun səsləndirdiyi fikirlərin məqsədi ABŞ-ı şantaj etməkdir. Bununla hakimiyyət ABŞ-ı Azərbaycanda demokratiyanı dəstəkləyən addımlardan çəkindirməyə çalışır", deyə F.Qəhrəmanlı vurğuladı.
Xəyal