Onlar bankdan oğurlanan 1 milyarda görə etiraz edirlər, bir gecədə 1.7 milyardı batanlar isə susmağa üstünlük verib
Çox təəssüflər olsun ki, əsrin əvvəllərində dünyaya demokratiya nümunəsi göstərmiş, əsrin sonlarında azadlıq mücadiləsinin simvoluna çevrilmiş Azərbaycan, indi pis nümunəyə çevrilib. Dünyanın müxtəlif ölkələrində demokratiya, insan haqları, şəffaflıq, ədalət hökm sürdüyü halda, Azərbaycanda haqsızlıq, oğurluq, korrupsiya, ədalətsizlik meydan sulayır. 20 ildən artıqdır Azərbaycan xalqı zülmün və zalımın qarşısında sükut edib.
Bugünlərdə müşahidə etdiyimiz bir hadisə təəssüfümüzü daha da artıdı. Belə ki, mayın 3-də minlərlə moldovalı 3 bankdan 1 milyard dolların yoxa çıxmasına etiraz yürüşü keçirdi. Moldova rəsmiləri faktla bağlı araşdırmaya başlayıblar. Pul 2014-cü ilin noyabrında, parlament seçkilərindən öncə yoxa çıxıb. Kimliyi açıqlanmayan 2 nəfər saxlanıb, digərlərinin bank hesabı dondurulub. Etirazçılar korrupsiya əleyhinə şüarlar səsləndiriblər, baş prokurorun, Ali Məhkəmənin bir neçə hakiminin və qalmaqalda iştirak etdiyi güman edilən siyasətçilərin istefasına çağırıblar. “Oğrular rədd olsun!”, “Milyardları geri istəyirik!” – etirazçılar bu şüarları səsləndirib və Moldova və AB bayraqları qaldırıblar.
Bəli, Azərbaycanla eyni vaxtda müstəqilliyini əldə etmiş Moldova bugün sürətlə Qərbə inteqrasiya edir, demokratik islahatlara imza atır və Moldova xalqı hüquqlarını heç kimə güzəştə getmir. Onu da qeyd edək ki, Azərbaycanın Qarabağ dərdi olduğu kimi, Moldovanın da Dnestryanı problemi var. Amma Moldova hakimiyyəti Azərbaycan hakimiyyətindən fərqli olaraq Rusiyanın himayəsinə sığınmaq, antiQərb kampaniyası aparmaq siyasəti yürütmədi və dövlətin maraqları naminə çalışdı. Hətta bu ölkə 2 il prezidentsiz qaldı. Amma ölkədə heç bir mənfi tendensiya hiss olunmadı.
Indiki halda isə Moldova xalqı 1 milyardın oğurlanmasına etiraz edir, şəffaflıq üçün meydana axışır. Bəli, xalq ayaqda olanda, hesabatlı bir hakimiyyət formalaşanda dövlətin gələcəyi də təminatlı olur.
Amma Azərbaycandan 48 milyard pul oğurlanıb ofşorlara aparılır, ölkə məmurlar arasında bölüşdürülür, bütün sahələr inhisara alınır, ölkə sərvətləri mənasız layihələrə xərclənir, vicdanlı insanlar şərlənərək həbs edilir və bütün bunlardan sonra vətəndaşlar susmaq qərarı verirlər. 20 ildən artıq bir müddətdə susmağın nəticəsi göz önündədir və vətəndaş yalnız itirməklə üzləşib. Necə olur ki, Moldova xalqa 1 milyardın itməsinə görə ayağa qalxır, Azərbaycan xalqı isə 100 milyardların oğurlanmasına səsini çıxarmır? Biz necə bu qədər kölə, qorxaq, ümidsiz ola bildik? Qürurumuzun tapdanmasına, taleyimizin zəhərə döndərilməsinə niyə biganə qaldıq?
Moldova xalqı da “bunlar yeyib doyublar”, “bundan sonra gələn daha çox oğurlayacaq” kimi düşünüb, baş verənlərə biganə qala bilərdi. Amma bu xalq düşünür ki, bu oğurluğa göz yumsa, nəticə Azərbaycandakı kimi olacaq.
Moldova hakimiyyəti də baş verənlərə təmkinlə yanaşır. Hakimiyyət təmsilçiləri mitinqə çıxanları “vətən xaini” adlandırmır, “bizim Dnestryanı kimi dərdimiz var” təbliğatının arxasında gizlənmir və mitinq iştirakçılarına heç bir təzyiq göstərilmir. Çünki, ölkədə oturuşmuş bir sistem var və xalqla hakimiyyət arasında uçurum yoxdur.
Əslində Moldova xalqının 1 milyardın oğurlanmasına etirazı, Azərbaycan xalqı üçün növbəti ibrət dərsi olmalıdır. Manatın bir gecədə 34 faiz ucuzlaşması ölkə vətəndaşına 1.7 milyard zərər vurdu. 2 gün sonra isə Konstitusiya Məhkəməsi əmanətlərin hansı valyuta ilə qaytarılması haqqında qərar qəbul edəcək. Belə bir məqamda ölkə vətəndaşları öz etirazını ifadə etməli və haqqı uğrunda savaşmalıdır.
Nə qədər ki, bu oğurluqlara, ədalətsizliklərə, yalanlara adi statistika kimi yanaşacağıq, aqibətimiz daha da pisləşəcək.
Reallıq onun göstərir ki, xalq ayaqda olanda dövlətin gələcəyi etibarlı olur. Və xalqın ayaqda olması dövlətin sabitliyinə ən böyük zəmanətdir. Mövcud hakimiyyət illərdir bu təbliğatı aparır ki, etiraz etmək dağıntı, yanğın, ölüm deməkdir. Amma Moldova kimi ölkələrin nümunəsi göstərir ki, xalqların dinc etirazı ən mühüm şərtdir və uğura aparan amildir.
Akif