Mayın 5-də araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsindən 5 ay ötür. Xədicə İsmayıla qarşı şikayət ərizəsi yazan Tural Mustafayev ərizəni geri götürdüyünü və şikayəti təzyiq altında məcburi yazdığını deyib. Mayın 1-də internetdə Tural Mustafayevin videomüraciəti yayılıb. Həmin videoda Tural Mustafeyev Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən Xədicə İsmayıla qarşı şikayət ərizəsi yazmağa məcbur edildiyini bildirir:
“MTN mənim kirayədə qaldığım evə kamera yerləşdirmişdi və onlar məni şantaj edirdilər. Şikayət ərizəsi yazmayacağım təqdirdə gizli görüntülərin yayılacağını söylədilər. Bundan sonra mən şikayət ərizəsi yazmağa məcbur qaldım”.
Xədicə İsmayılın vəkili Yalçın İmanov bildirir ki, Tural Mustafayev dindirilmək üçün sabah – mayın 5-də prokurorluğun istintaq idarəsinə çağırlıb.