Rusiya, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədə metallurgiya və inşaat sektorlarında ciddi sərmayələri olan azərbaycanlı Zülfüqarlılar ailəsi Türkiyədə restoran biznesinə girişir.
Türkiyə mətbuatı xəbər verir ki, Türkiyədə bir metallurgiya kombinatı və tikinti şirkətləri olan azərbaycanlı qardaşlar indi də restoran sektoruna böyük sərmayə qoyur.
Ailənin üzvü Şahin Zülfüqarlı İstanbul başda olmaqla Türkiyənin bir çox şəhərlərində “555İST” adlı restoranlar şəbəkəsinin açılması üçün fəaliyyətə başladıqlarını deyib.
İstanbulun Göztəpə səmtində ilk restoran artıq istifadəyə verilib. İş adamı digər restoranların da açılması üçün yeni binaların alınmasına başlanıldığını bildirib. Şəbəkə bütovlükdə 50 restorandan ibarət olacaq.
Ş.Zülfüqarlı 5 il ərzində açacaqları bu restoranlar şəbəkəsi vasitəsilə 1000-dən çox insanı işlə təmin edəcəklərini deyib.
İş adamı şəbəkənin qurulması üçün layihəyə 35 milyon tük lirəsi (təxminən 13,5 milyon manat) investisiya qoyulacağını açıqlayıb.
Azərbaycanlı iş adamı 555 rəqəmini uşaqlıqdan sevdiyini və bu səbəbdən də şəbəkənin adını belə qoyduğunu açıqlayıb. O, avtomobillərinin də seriyasının 55 olduğunu bildirib.
Qeyd edək ki, Zülfüqarlı qardaşları bir vaxtlar Azərbaycanda da metallurgiya sektorunda fəal çalışıblar. 2005-ci ildə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsindən sonra isə onların Azərbaycandakı biznes planlarının çoxu yarımçıq qalıb (Virtualaz.org).