Tofiq Yaqublunu yenidən həbsə göndərmək mənəvi dayazlığın göstəricisidir
Bəlkə də ən böyük səhvimiz bu hakimiyyətdən hələ də hansısa müsbət addım gözləməyimizdədir. Bir dövr vardı ki, insanlar “bunlar yeyib doyublar” deməklə təsəlli tapırdılar. Bir dövr oldu ki, “prezidentimiz gəncdir, xarici dil bilir, müasir düşüncəli adamdı” deməklə müsbət addımların atılacağına ümidləndilər. Sonralar “dövlətimiz gəncdir, yeni-yeni özünə gəlir, yavaş-yavaş bütün nöqsanlar düzələcək” deməklə özümüzü inandırdıq. Və nəhayət məlum oldu ki, bu hakimiyyət daha pis olmaq üçün mübarizə aparır, bütün mənəvi dəyərləri tapdaq etmək üçün vuruşur və bunların kitabında millət, dövlət anlayışı cazibədar deyil.
Bugünlərdə baş verənlər isə bir daha göstərdi ki, hakimiyyət bütün ülvi hisslərdən, mənəvi dərinliklərdən, insani keyfiyyətlərdən uzaqdır. Belə ki, siyasi məhbus Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu ağır xəstəlikdən sonra dünyasını dəyişdi və bu xəbər bütün ölkənin gündəminə çevrildi. Yəni, hakimiyyət atanı şərləyərək həbs etdi, xəstə övladını sağ ikən görməkdən məhrum elədi və yalnız dəfn üçün 7 gün azadlığa buraxdı. Ötən gün isə Tofiq Yaqublu yenidən həbsə göndərildi.
Hüzr günlərində də bir çox adamlar belə düşünürdü ki, Tofiq Yaqublunu azadlığa buraxacaqlar və bir daha həbsxanaya qayıtmayacaq. Hətta hakimiyyətyönlü jurnalistlər, bəzi millət vəkilləri də əminliklə deyirdilər ki, Tofiq bəy azad olunacaq. Təbii ki, müəyyən ümidlər var idi. Amma bu hakimiyyətin hansı mənəviyyata sahib olduğunu bildiyimiz üçün, hansısa müsbət addım gözləmirdik.
Məlum oldu ki, hakimiyət üçün insanalrın ağrı-acıları, doğmalarını itirməkləri, dərin sarsıntı keçirmələri önəmli deyil. Bunlar insanın ən pis halında da təriflənmək istəyirlər, həmin insanın dilindən əfv ərizəsi almağa çalışırlar.
Hansıki, bugünə qədər siyasi məhbuslar içində doğmalarını itirənlər çox olub və onlara da müvəqqəti azadlıq verilib. Amma Tofiq Yaqublunun başına gələnlər demək olar ki, bir ilkdir. Yəni, Tofiq Yaqublu 25 yaşlı qızını itirib və bu daha ağırdı.
Xatırlayırsıza, eks prezident Ayaz Mütəllibovun oğlu rəhmətə gedəndə onu Azərbaycana buraxmaq istəmirdilər və həbs təhlükəsi var idi. Uzun danışıqlardan sonra Ayaz Mütəllibovun dilindən fərqli bir “əfv ərizəsi” aldılar, xoş sözlər eşitdilər və nəhayət onun gəlişinə zəmanət verdilər. Hansıki, hakimiyyət təmsilçiləri, telekanallar bu adam barəsində ən ağır ittihamlar səsləndirir, onu vətən xaini adlandırırdılar.
Bəs, Tofiq Yaqublunun günahı nədir? O, Qarabağda döyüşməkdən, xalqına azadlıq tələb etməkdən, haqlı tənqiddən başqa nə edib? Onyu belə bir ağır sınaqdan sonra, yenidən həbsə göndərmək hansı mənəvi çərçivəyə sığır?
Unutmayın, Allah böyükdür və hər kəs gec-tez cəzasını alır. Onu şərləyərək həbs edənlər, onun azadlığına əngəl törədənlər bir anlıq öz övladlarını düşünsünlər. Onlar da eyni itki ilə qarşılaşsalar, hansı vəziyyətə düşərlər? Bu qədər insani hisslərdən məhrum olmaq necə mümkün olur?
Tofiq Yaqublu mütləq azadlığa çıxacaq və hər kəsin qarşısında başı dik gəzəcək. Övlad itkisindən sonra da onu həbsə qaytaranlar isə, bir ömür başı aşağı gəzəcəklər.
Tofiq Yaqublu nümunəsindən sonra bu hakimiyyətdə mənəvi dəyər, insani hiss axtaranlar hələ də varmı? Bu qədər yarımçıq adamlardan, bütövlük gözləmək sadəlövhlük deyilmi?
Akif