Azərbaycanın yarısı qədər olan bu ölkə ilə 90 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edir
Təxminən 42 min kvadrat kilometr ərazisi ilə Azərbaycanın yarısı qədər böyüklükdə bir ölkə olan Hollandiyanın 2014-cü ildə həyata keçirdiyi aqrar ixrac 80,7 milyard Avro (90 milyard Dollar) səviyyəsinə çatıb. Hollandiya ABŞ-dan sonra dünyanın ən böyük ikinci kənd təsərrüfatı məhsulları ixracatçısıdır.
Bəs, biomüxtəlifliyin Avropada ən az olduğu ölkə olan Hollandiya qıt mənbə və çətin şərtlərə baxmayaraq kənd təsərrüfatında necəÿ belə bir iqtisadi gücə və həcmə çatıb?
Bu gün Hollandiyada kənd təsərrüfatı sektorundakı müəssisələrin sayı 65 mini ötüb. Hollandiyanın təkcə ən böyük 5 aqrar ixrac məhsulunun ümumi dəyəri 34.8 milyard Avroya çatır. Hollandiya, bəzək bitkiləri və tərəvəz məhsulları ixracında dünya lideri, ət ixracında dünya dördüncüsü, süd və süd məhsullarında dünya üçüncüsü, maye və qatı yağ ixracında isə dünya dördüncüsüdür.
Bu uğur təsadüfən əldə edilməyib. Uğurun əldə edilməsində texnologiya, kooperativləşmə, Araşdırma-Inkişaf etdirmə, marketinq strategiyaları və təbii ki, uzunmüddətli, davamlı aqrar siyasətləri əsas rol oynayıb.
Məhdud mənbələr ilə möcüzə yaradılır
Hollandiyada əhali sıx məskunlaşıb. Bu ölkədə adambaşına düşən torpaq sahəsi olduqca məhduddur.ÿNiderlandın torpaqlarının yarısı dəniz səviyyəsindən ən azı bir metr aşağıda yerləşir. Hollandiyalıların su ilə müharibəsinin uzun bir tarixi var. Ölkənin az qala 60%-i suyla mübarizə nəticəsində qazanılan torpaqlardan ibarətdir. Yəni dəniz səviyyəsindən aşağıda olan ərazilərin doldurulması ilə əldə edilir.
Ölkədə ərazi çox qiymətlidir və hər kəs bunun fərqindədir. Torpaq, su və toxumuna sahib çıxan Niderland,ÿbu səbəbdən ət, süd, çiçək, çiçək soğanı və toxum kimi bir çox kənd təsərrüfatı məhsulu istehsalında dünyanın ilk 3 ölkəsi sırasında yer alır.
Uğurda kooperativləşmə faktoru
Hollandiyanın kənd təsərrüfatındakı uğurunda kooperativlərin və hərrac sisteminin rolu böyükdür. Hərrac sistemi istehsalçıların müəyyən bir keyfiyyət səviyyəsini davam etdirməsini təmin edir. Hər firmanın alıcılara yol göstərən keyfiyyət və inam indeksi var.
Hərracda məhsullarının keyfiyyətinə nəzarət edən istehsalçılar təqdir edilir. Əgər bir çiçəyin yarpağı yoxdursa, ya da hər hansı bir problemi varsa, bunun hərrac üçün doldurulan sənədlərdə bildirilməsi lazımdır. Əks təqdirdə hərracdan istehsalçılara verilən inam indeksi aşağı salınır.
Bəs Hollandiyada hər şey yolunda gedir? Cavab, əlbəttə, yox.
Hollandiyanın inkişaf etmiş maddi-texniki, hərrac və kooperativ sisteminə baxmayaraq fermerlər üçün şərtlər yenə də asan deyil. Dəyişən iqlim şəraiti və buna bağlı qiymətlər hollandiyalı fermerləri də ən çox narahat edən məsələlər arasındadır.
Ixtisaslaşmaya üstünlük verir
Hollandiyanın kənd təsərrüfatı sahəsində öndə getməsinin ən mühüm səbəblərindən biri də ixtisaslaşmadır. Istixanalar və istehsalçılar əksəriyyət hallarda tək bir məhsul üzrə ixtisaslaşırlar. Ixtisaslaşma, hollandiyalı şirkətlərə öz məhsullarında təcrübə qazanmaq, təhsil və təhsilli işçi qüvvəsi, maddi-texniki və texnoloci investisiya mənasında üstünlük verir. Ancaq tək bir məhsul istehsal etməyin riski də böyükdür. Müxtəlif məhsullar istehsal edərək riskləri bölüşdürən istehsalçılar da var.
Niderland kənd təsərrüfatı sektorunda dünyanın model götürdüyü ölkələrindən biri olsa da, Avropa Birliyinin böyük və çətin bazarında kiçik ailə təsərrüfatlarının şansları hər keçən gün bir az da azalır.
Digər ölkələrdə olduğu kimi, Avropa Birliyinin və dövlətlərin kənd təsərrüfatı istehsalçılarına verdiyi subsidiyalar kiçik fermerlərin xərcləri üçün bəzən yetərli olmur. Kifayət qədər sərmayə yatırmayan, professionallaşmayan fermerlər ya birləşmə yolu ilə böyüyürlər, ya da sektoru tərk edirlər.
Hollandiyada da kənd təsərrüfatı ilə məşğul olan əhali azalır, amma buna baxmayaraq əkinə ayrılan sahələrin həcmi eyni qalır. Buna görə işləməyə davam edən təsərrüfatlar kənd təsərrüfatı sahələrini getdikcə böyüdürlər.
Hollandiyada da kiçik müəssisələr rəqabətlə bağlı problemlər yaşayırlar. Bu nöqtədə kənd təsərrüfatı müəssisələrinin yaşaması üçün fermerləri dövlət müxtəlif yollarla dəstəkləyir.
Dövlət və istehsalçılar hər il nə qədər sahədə, nə qədər məhsul əkiləcəyi barədə planlı və proqramlı bir iş görürlər. Ilin əvvəlində dövlətə istehsal edəcəyiniz məhsul üçün nə qədər sahə ayıracağınız barədə məlumat verirsiniz. Buna görə də alacağınız yardımlar hesablanır. Bu yardımları da qaydalara əməl edildiyi müddətdə almaq olur.
Təhsil və texnologiyanın əsası universitetdə qoyulur
Hollandiyanın uğuru doğru dövlət dəstəyi siyasəti ilə istiqamət verilən istehsal, marketinq və logistika şəbəkəsi sisteminin birgə fəaliyyətindən irəli gəlir. Ancaq bu sistemin ən mühüm ayaqlarından biri də təhsil və araşdırma- inkişafetdirmə işlərinin təməlinin atıldığı universitetlərdir.
Hollandiyada universitetlərin kənd təsərrüfatında yönəltdiyi əsas mövzular – ərzaq istehsalı, ərzaq istehlakı artımı, yaşayış sahəsi, qida sağlamlığı və dolanışıqdır. Universitetlərin qida istehsalı məsələsində əsas diqqət yetirdiyi mövzu məhdud imkanlar ilə iki dəfə çox məhsul əldə edərək səmərənin artırılmasıdır. Bu, “24-üncü Əsr” kənd təsərrüfatı da adlanır.
Universitetlərdə tədqiqat məqsədilə yaradılan tarla və istixanalar, yeniliklər haqqında məlumat almaq istəyən bütün istehsalçılar üçün açıqdır.ÿ
Universitetlərdəki araşdırmalar, dövlət-özəl sektor tərəfdaşlığı ilə dəstəklənir.ÿÿ
Ətraf mühitə həssas siyasət aparılır
Məhdud əkin sahələri səbəbindən hollandiyalılar ən az sahədən ən yüksək səmərə təmin etmək üçün elmi araşdırma işlərinə yönəlmiş vəziyyətdədir. Yeni tədqiqatlar istixanalarda enerji və su məhsuldarlığı üzərində aparılır. Çünki fermerlərin istixanalarında qaz, enerji və su istifadəsində təbiət ilə münasibətlərini də göz önünə alması tələb olunur.
Təbiət dostu məhsul istehsal edən istixanalar, ətraf mühit sertifikatları və vergi güzəştləri ilə dəstəklənir.ÿ
Yeni açılanÿistixanalar ətraf mühitə həssas olduğunu göstərən “yaşıl etiket” sertifikatına sahibdirlər.
Bu sertifikatları, istixanalarda kimyəvi məhsullar istifadə etməyərək, enerji istifadəsində həssas olmaq şərtilə əldə etmək olar.
Hollandiya, məhdud torpaqlarının fərqindədir və bu səbəbdən ətraf mühitə həssas, davamlı bir aqrar siyasət aparır. Tək olmaq əvəzinə birlikdə hərəkət etməyi mənimsəyir.
ÿHollandiya artıq təkcə kənd təsərrüfatı məhsullarını deyil, bu sahədə əldə etdiyi təcrübə və texnoloji gücü də ixrac edir.
Qısası, Hollandiyanın kənd təsərrüfatdakı uğuru təsadüf deyil. Belə bir ölkənin əlində Azərbaycanın sahib olduğu torpaq və təbii sərvətlər olsa, kənd təsərrüfatında necə bir qüvvə olacağını təsəvvür edə bilirsinizmi? Əslində niyyətimiz tam olaraq Hollandiya ilə Azərbaycanın kənd təsərrüfatını müqayisə etmək deyil. Məqsəd bu sahənin güclü inkişaf etdirilməsinin, böyük gəlirlər əldə edilməsinin mümükün olduğunu təkrarlamaqdır (marca.az).
Bundan əvvəl təqdim etdiyimiz məqalələrdə də Azərbaycanın bütün potensialının olmasına baxmayaraq kənd təsərrüfatında digər ölkələrdən ciddi şəkildə geri qaldığı aydın görünür. Məsələn, Yaponiyada hazırda kənd təsərrüfatına yararlı cəmi 4,9 milyon hektar torpaq sahəsi dövriyyədədir. Amma bu ölkə 130 milyon nəfərlik əhalisinin ərzaq ehtiyaclarının təxminən 68 faizini (o cümlədən, süd məhsullarının 66%-ni, tərəvəz məhsullarının 79%-ni, düyünün 96%-ni, mal əti istehlakının 43%-ni, donuz əti istehlakının 52%-ni, meyvə istehlakının 40%-ni) daxili istehsal hesabına ödəyir. Bu o deməkdir ki, hazırkı məhsuldarlıq şəraitində Yaponiya 65 milyon nəfər insanı 100 faiz daxili aqrar məhsullarla təmin etmək gücündədir. Hazırda Azərbaycanda da təqribən eyni həcmdə- 4,7 milyon hektar kənd təsərrüfatı torpağı istifadədir. Amma rəsmi məlumatlara görə, Azərbaycan ərzaq ehtiyaclarının cəmi 60 faizini yerli aqrar istehsal hesabına ödəyə bilir. Yəni hazırkı torpaq və istehsal dövriyyəsi sayəsində təxminən 5 milyon nəfəri daxili istehsal hesabına yaşatmaq mümkündür.
Digər ölkələrlə dəhşətli fərq
Taxıl məhsuldarlığında Azərbaycanın kənd təsərrüfatı bərbad vəziyyətdədir. Məsələn, taxılın məhsuldarlığı Danimarka və Çexiyada 50-55, Almaniya və Fransada 60-65, Azərbaycanda isə cəmi 20-25 sentnerdir. Azərbaycanda bir inəyin il ərzində süd verimi cəmi 1000-1100 kq, Latviya, Estoniya və Almaniyada uyğun olaraq 5000-7000 kq intervalında dəyişilir. Bir şərti mal-qara hesabı ilə Azərbaycanda illik ət istehsalı 50-52 kq, Danimarkada 230, Baltik ölkələrində isə 150-160 kq təşkil edir. Azərbaycanda aqrar məhsulların emal şəbəkəsi də olduqca zəif inkişaf edib. Ölkəmizdə cəmi 30 ət emalı müəssisəsi, 12 şərab zavodu fəliyyət göstərdiyi halda, ərazi və əhalicə az qala Azərbaycandan 3 dəfə kiçik olan Moldovada 245 ət emalı müəssisəsi, 50-dək şərab zavodu fəaliyyət göstərir.
Azərbaycan aqrar sektorun durumuna görə nəinki inkişaf etmiş ölkələrlə, hətta bazar münasibətlərinə keçidlə bağlı bizimlə eyni start vəziyyətində olan MDB ölkələrilə müqayisədə xeyli əlverişsiz mövqedədir. Məsələn, taxıl, süd, kartof və yumurta istehsalının adambaşına həcminə görə Azərbaycan 12 MDB ölkəsi arasında 7-ci, ət istehsalının adambaşına həcminə görə 8-ci, tərəvəz məhsullarının adambaşına həcminə görə isə 5-ci yerdə qərarlaşıb.
“Azərbaycanda kənd təsərrüfatı sistemli qaydada inkişaf etdirilməlidir”
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, Hollandiya kənd təsərrüfatı sahəsində çox irəlidədir. V.Məhərrəmov bildirdi ki, bu ölkə Avropanın ən az əhalisi və ərazili dövləti olmasına baxmayaraq kənd təsərrüfatında lider dövlətdir. Ekspertin sözlərinə görə, hollandlar hətta əkin sahələrini dənizin sıxışdırılması hesabına genişləndiriblər: “Hollandiyada əkinçilik sistemli qaydada aparılır. Hollandiyada kənd təsərrüfatı nazirliyi sistemində on min şəxs çalışır. Heç Rusiyada bu insanın beşdə biri qədər yoxdur. Hollandiyada çox yüksək peşəkar kadrlar hazırlanır. Artıq otruşmuş, sistemləşmiş bir kənd təsərrüfatları var. Onlarda elmlə istehsal bir vəhdət təşkil edir. Onlar daim üzərlərində çalışır və yeni texnalogiyalar yarada bilirlər”.
Eyni texnalogiyanın Azərbaycana tətbiq olunmasının bir nəticə verməyəcəyini deyən V.Məhərrəmov vurğuladı ki, təcrübəli kadrların olmaması Azərbaycanın əsas problemidir. Azərbaycanda kənd təsərrüfatı sahəsini idarə edənlərin belə primitiv bilgiyə sahib olduğunu vurğulayan ekspert qeyd etdi ki, naziri, səlahiyyətli şəxsləri reallıqdan xəbərsiz olduğu halda fermerdən nə gözləmək olar: “Azərbaycanda kənd təsərrüfatı sistemli qaydada inkişaf etdirilməlidir. Fermerdən, kadrların hazırlanmasından başlayaraq, eyni zamanda elmin təcrübə ilə vəhdətinə nail olmaq lazımdır. Biz inkişafa əlifbadan başlamalıyıq. Hətta Hollandiya GMO ilə bağlı da müəyyən təcrübə əldə edib. Onlar bir hektarlıq istixana şəraitində 1000 ton pomidor əldə edirlər. Azərbaycanda yeni texnologiyalar hesabına bunun yarısını ala bilirlər. Amma sonrakı mərhələdə geriləmələr başlayır. Bunun da səbəbi kadr potensialının olmamasıdır”.
Ölkədəki siyasi mühitin də kənd təsərrüfatına təsir etdiyini deyən V.Məhərrəmov vurğuladı ki, fermer əmlakına təminat almalıdır. Çünki oliqarx məmurların fəaliyyəti heç bir fermerə zəmanət vermir ki, onların torpaq sahələri əlindən alınmayacaq. “Azərbaycandakı siyasi mühit gücə əsaslanır. Amma ölkədə bütün sahələrin, o cümlədən kən təsərrüfatının inkişafı üçün siyasi sabitlik olmalıdır”, deyə V.Məhərrəmov vurğuladı.
Hikmət