Yaşma sakinləri İlham Əliyevə müraciət etdi
“Azadlıq”a şikayət məktubu göndərən Xızı rayon Yaşma kənd sakinləri, torpaqlarının qeyri-qanuni zəbt edilməsindən yazırlar. Xızının icra başçısı Xəzər Aslanova və digər aidiyyatı qurumlara başlarına gətirilən qanunsuzluqlar barədə məlumat vermələrinə baxmayaraq, şikayətlərinə baxan yoxdur.
Şikayət məktubunda Gəncə şəhər qeydiyyatlı Pəri adlı xanımın rayon ərazisində at oynatmasından bəhs edilir. Bu şəxs özünü prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun qohumu kimi qələmə verir.
Kənd sakinləri Pəri xanımın təhdidlərindən öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Dolanışıqları maldarlıqdan asılı olan kənd sakinləri torpaqları zəbt edildiyindən artıq mal-qaranı satmaq məcburiyyətində qalıblar. Əlləri hər yerdən üzülən Yaşma kənd sakinləri ölkə başçısı Ilham Əliyevə və Milli Məclisin sədri Oqtay Əsədova müraciət edirlər. Müraciəti olduğu kimi dərc edirik.
“Cənab Prezident! Ölkəmizdə milyonlarla ”iş yeri"nin açılmasına baxmayaraq biz kənddə işsizlikdən dolana bilmədiyimiz üçün heyvandarlıq və əkinçilik işləri ilə məşğul olub ailə-uşaqlarımızı saxlayırıq. Nəzərinizə çatdıraq ki, axır vaxtlar Pəri adlı Gəncədən gəlmiş bir şəxs torpaqları zəbt eləyərək kənd sakinlərinin başına oyun açır. Heyvanlarımızla bərabər camaatı da ev dustağı edib.
Heyvanlarımız çölə çıxan kimi lap keçmiş zamandakı kimi tutub saxlayır. Kənd camaatına hədə-qorxu gəlir. Bizi kənddə hədələyir, deyir ki, heyvanlarınızı çölə buraxsanız tutub kəsəcəm, satacam. Onda biz nə edək? Hətta yuxarı vəzifəli adamların, prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun adından istifadə edərək bizə hədə-qorxu gəlir.
Biz sakinlər əvvəllər ona baş qoşmurduq. Indi isə onun əlindən cana gəlmişik. 200 illik bir kəndi atıb getmək məcburiyyətində qalmışıq.
Cənab Prezident! Bütün yuxarıda qeyd etdiklərimizi Sizə güvənərək bu müraciəti yazırıq. Yüz illərlə istifadəmizdə olan bu torpaq sahəsinə aidiyyəti olmayan şəxslərin ərazidən çıxarılması ilə əlaqədar müvafiq qurumlara göstəriş verməyinizi xahiş edirik".
Şakir