Aydın Mirzəzadə baş nazirin sabiq müavinini ittiham etdi
“Abbas Abbasov hansısa biznes sahəsində işləsə, yaxud da vətəni Azərbaycanla bağlı layihələrdə iştirak etsə, daha yaxşı olardı. O zaman bu təqdirəlayiq hesab olunardı”.
Bu fikirləri SIA-ya Yeni Azərbaycan Partiyası (YAP) Icra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Azərros”un qurultayında Abbas Abbasova qarşı səsləndirilən ittihamlara münasibətini açıqlayarkən deyib.
Deputat qeyd edib ki, onun qısa müddət ərzində Rusiyada fəaliyyət göstərən diaspora təşkilatının liderinə çevrilməsi və sonradan həmin təşkilatın adının müəyyən qalmaqallarda hallanması diqqətdən yayınmadı: “Təşkilatda baş verən qalmaqallar təkcə Azərbaycan mətbuatında deyil, həmçinin Rusiya mətbuatında da geniş yer aldı. Bu da özünə bir imic formalaşdıran təşkilatı böhrana sürüklədi. Axırıncı bir il ərzində təşkilatda üç rəhbər dəyişikliyi olub. Bu isə bir daha onu göstərdi ki, Abbas Abbasovun fəaliyyəti həmin təşkilat tərəfindən qəbul edilmir. Təşkilat bu insanın bir alətinə çevrilmək istəmir və fəaliyyətini bir nəfərin istəyinə uyğun olaraq qurulmasına etiraz edir”.
Aydın Mirzəzadə həmçinin Abbas Abbasov haqqında müəyyən fikirlər səsləndirən insanların uzun müddət onunla işlədiyini diqqətə alaraq vurğulayıb ki, həmin şəxslər bu insanın kimlərlə əlaqələrinin olduğunu daha yaxşı bilirlər: “Bu baxımdan səsləndirilən ittihamlar tanıdıqları adama verilən bir qiymət kimi dəyərləndirilməlidir”.