Gültəkin Hacıbəyli: «Hakimiyyət xalqın və dövlətin maraqlarından çıxış edərək tez bir zamanda Assosiasiya Sazişini imzalamalıdır»
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Riqaya səfəri bir sıra aspektlərdən maraq doğurur. Öncə onu qeyd edək ki, Avropa Birliyinin sammiti bir müddət sonra məhz bu ölkədə reallaşacaq. Bu ölkə eyni zamanda hazırda AB-yə rəhbərlik edir. Latviyalı həmkarı Edqar Rinkeviçslə görüşən Məmmədyarov bu ölkənin bir sıra başqa rəsmiləri ilə də bir araya gəlib. XIN-dən verilən məlumata görə, görüşdə Azərbaycanla Latviya arasında siyasi dialoqun və əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Danışıqların əsas predmeti isə əsasən Qarabağ probleminin həlli ilə bağlı olduğu deyilir.
Amma heç bir şübhə yoxdur ki, görüşlərdə Riqa sammitində Azərbaycanda gözləntilər, AB ilə Azərbaycan arasında Assosiasiya Sazişinin imzalanması şansları da müzakirəyə çıxarılıb. Bəs bu təmaslardan gözləntilər nədir? Azərbaycan ondan istənilən addımları ata biləcəkmi?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, AB və Şərq Tərəfdaşlığı ölkələrinin Riqa sammiti region ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. G.Hacıbəylinin sözlərinə görə, məhz Ukraynada müharibənin alovlanmasının, bu hadisələrdən sonra bu dövlətin Assosiasiya Sazişini imzalaması Riqa sammitinə diqqəti artırıb: “Ukraynanın taleyini və gələcəyini məhz Avropa ilə bağlaması 2013-cü ilin Vilnüs sammitindən sonra baş verdi. Yəni Avropanın inkişaf, xüsusilə Şərq Tərəfdaşlığı ölkələri üçün bu sammit müstəsna əhəmiyyət daşıyır. Əminəm ki, Azərbaycanın da siyasi rəhbərliyi bu sammitdə ən yüksək səviyyədə təmsil olunacaq. Planlaşdırıldığına görə, ”Strateji modernləşdirmə" sazişinin imzalanması gözlənilir. Bu isə Assosiasiya Sazişi deyil. Assosiasiya Sazişinin təklif etdiyi inkişaf, inteqrasiya mexanizmlərindən fərqli olaraq bu saziş səthi addımları özündə ehtiva edir. Milli Şuranın Azərbaycan-Avropa Birliyi münasibətlərinə həsr olunmuş tədbiri keçirildi. Təbii ki, biz arzulayarıq ki, Azərbaycan hakimiyyəti xalqın və dövlətin maraqlarından çıxış edərək tez bir zamanda Assosiasiya Sazişini imzalasın. Biz bu sazişin imzalanmasını arzulayırıq və Azərbaycan hakimiyyətindən də məhz bunu gözləyirik".
G.Hacıbəyli onu da vurğuladı ki, reallıqda Riqa sammitində Assosiasiya Sazişinin imzalanması gözlənilmir. Çünki bu sazişin imzalanması üçün ölkə ciddi hazırlıq prosesi keçməlidir. Bu baxımdan G.Hacıbəyli hesab edir ki, “Strateji modernləşdirmə” sazişinin imzalanması müəyyən dərəcədə irəli doğru addım sayılsa da, bu AB ilə Azərbaycan arasında arzuladığımız əməkdaşlıq imkanlarını yaratmır".
Xəyal