Yürüdülən siyasət dövləti necə çökdürür?
Dəfələrlə sübut olunub ki, Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət dövlət və millət maraqlarına deyil, şəxsi maraqlara söykənir. Hətta hakimiyyət komandasında təmsil olunan oliqarxlar da bir-birinin “kitab”ını oxumur. Bir struktur o biri strukturla rəqabət aparır, hər strukturun öz maddi qazanc yeri var.
Bugünlərdə aviabiletlərin baha olması ilə bağlı geniş yazı dərc etmişdik. Məsələn, AZAL-ın reysləri ilə Bakı-London 736 AZN, Bakı-Frankfurt 766 AZN, Bakı-Paris 594 AZN, Bakı-Moskva 443 AZN, Bakı-Milan 395 AZN, Bakı-Istanbul 236 AZN təşkil edir.ÿBu reyslərin Tiflis vasitəsilə qiymətləri isə belədir: Tiflis-London 401 AZN, (LOT – şirkətin adı), Tiflis-Frankfurt 280 LOT, Tiflis-Paris 313 MAU, Tiflis-Moskva 253 MAU, Tiflis-Milan 239 Alitalia, Tiflis-Istanbul 152 Pegasus.
Məsələ burasındadır ki, mədənyyət və turizm naziri Əbülfəz Qarayev mətbuata açıqlamasında bildirib ki, aviabiletlərin baha olması turizmin inkişafına mənfi təsir edir: “Azərbaycan hökuməti də aviabiletlərin baha olmasından məmnun deyil və bu biz bu istiqamətdə iş aparırıq. Əlbəttə, bu istiqamətdə problemlər var. Azərbaycan avasiasiyası son illərdə böyük uğurlara imza atıb, müasir aeroport tikilib, lakin buna baxmayaraq aviabiletlərin qiyməti ilə bağlı problem var”- deyə Əbülfəz Qarayev bildirib.
Normal dövlət siyasəti olmadığı üçün, ölkənin maraqları da təmin edilmir. Azərbaycanın gələcəyi kənd təsərrüfatı və turizmdən asılı olacaq. Bu sahələr isə bərbad vəziyyətdədir. Göründüyü kimi, bir sahə inkişafına başqa bir sahə maneə törədir. Amma problemin həlli tapılmır. Çünki, burda maraqlı dairələrin ehtiyacının təmin olunması prioritetdir. Ölkədə bütün sahələr və ölkənin bütün bölgələri məmurlar arasında bölünüb. Hakimiyyət ölkəni gəlir gətirən obyekt kimi idarə edir.
Normal cəmiyyətdə proseslər tənzimlənir və ölkənin ümumi mənafeyinə uyğun siyasət ortaya qoyulur. Bizim ölkəmizdə isə bir nazir mühüm bir sahənin inkişafına başqa bir nazirliyin əngəl olduğunu söyləyir. Sabah bu nazirlərin yeri dəyişsə də vəziyyət dəyişməyəcək. Çünki, sistem özü problemlidi, sistemin öz prinsipləri var.
20 ildir bu tendensiya davam edir. Nəticədə neftin qiymətdən düşməsi kifayət etdi ki, ölkə tamamən çöküşə getsin. Əgər bu illər ərzində oliqarxiya, monopoliya, korrupsiya ləğv olunsaydı, bu gün Azərbaycanın qeyri-neft sektorunda yüksək göstəricilər olardı.
Biz də uzun illərdi yazırıq ki, bu ölkədə turizmin də, digər sahələrin də inkişaf etməməsi hakimiyətin yarıtmaz siyasətinin göstəricisidir. Indi özləri də etiraf edirlər ki, yaranmış mənzərə dövlətin maraqlarını ifadə etmir və nəticəni dəyişmək istəyi də yoxdur.
S.Novruz