«Rusiya Duması üzvünün verdiyi bu bəyanatların əsası və dəyəri yoxdur»
Vəfa Quluzadə: «Əsası olmayan yerdə «narıncı inqilab» etmək mümkün deyil»
“Amerika Birləşmiş Ştatlarının Azərbaycanın suverenliyinə və müstəqilliyinə göstərdiyi uzunmüddətli dəstək yalnız sözlərdən ibarət deyil. Bizim həyata keçirdiyimiz fəaliyyətlər onu göstərir ki, biz Azərbaycanla tərəfdaşlıq edərək Azərbaycanın ən sabit və tərəqqili gələcəyini təmin etmək istəyirik”.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir.
ABŞ səfirliyi Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin sədri Aleksey Puşkovun böyük rezonans doğurmuş açıqlamasını şərh edərkən bu bəyanatla çıxış edib.
Qeyd edək ki, A.Puşkov ABŞ-ın Azərbaycandakı səfriliyinin fəaliyyətinin suallar doğurduğunu demişdi.
“Mənə elə gəlir ki, Amerikanın Bakıdakı səfirliyinin fəaliyyəti, o cümlədən onların fəaliyyətinin siyasi aspektləri bir sıra suallar doğurur. Axı Amerikanın xarici siyasətində ”narıncı inqilab" tematikasını heç kim ləğv etməyib. Və mən hesab edirəm ki, ABŞ-ın bir sıra ölkələrdə “narıncı inqilab”ları israrla dəstəkləməsi Azərbaycan rəhbərliyi tərəfindən ABŞ-la münasibətlərdə nəzərə alınır. Yəni bir tərəfdən, burada faydalı aspektlər ola bilər. Digər tərəfdən, ABŞ-la münasibətlər dövlət üçün çox təhlükəli olar" – deyə Dövlət Dumasının komitə sədri söyləmişdi.
ABŞ səfirliyindən isə bildirdilər ki, Rusiya Duması üzvünün verdiyi bu bəyanatların əsası və dəyəri yoxdur.ÿ
“Yeri gəlmişkən, dövlət katibinin müavini Entoni Blinken martın 31-də Vaşinqtonda qeyd etmişdi ki, Rusiyanın öz ətrafında həyata keçirdiyi fəaliyyət beynəlxalq quruluşun əsasına təhlükə yaradır” – deyə səfirlikdən bildirdilər.
Artıq bununla neçənci dəfədir ki, Rusiya Azərbaycan hakimiyətini ABŞ-dan gələ biləcək “narıncı inqilab”la qorxudur. Bundan əvvəl isə Rusiya mətbuatında bu mövzuda müxtəlif məqalələr dərc olunub.
Politoloq Vəfa Quluzadə bildirdi ki, istər Rusiyanın yüksək vəzifəli məmurlarının Azərbaycana, istərsə də rəsmilərimizin Rusiyaya səfərləri zamanı bu cür mövzular müzakirə olunub. Rusiyanın vaxtaşırı olaraq ABŞ-ı Azərbaycanda “narıncı inqilab” hazırlamaqda ittiham etdiyini deyən V.Quluzadə bildirdi ki, Rusiya Azərbaycanın ABŞ ilə yaxınlaşmasından narahatdır və Kreml əlindən gələni edir ki, bu münasibətlər dərinləşməsin: “Rusiya ciddi böhran içərisindədir. Azərbaycanın Rusiyaya marağı yoxdur. Hazırda Rusiya ilə AB arasında qarşıdurma gedir. Müharibə Rusiyanın zəif olduğu iqtisadi sahədə davam edir. Ona görə Rusiyanın bu durumu üzündən Azərbaycan bütün diqqətini Qərbə yönəldəcək. Rusiya da bunu istəmir. Ona görə də bu cür hədələrlə öz istəklərini büruzə verirlər”.
ABŞ-ın postsovet məkanında “narıncı inqilab”lar törətməsinə gəlincə isə V.Quluzadə bildirdi ki, heç zaman əsası olmayan yerdə “narıncı inqilab” etmək mümkün deyil: “Azərbaycanda stabilliyin pozulmasında ilk növbədə qonşumuz Rusiya istifadə edəcək. Hələ 90-cı illərdə belə söhbət gedirdi ki, Rusiya Azərbaycana şimaldan daxil olacaq. Həmin vaxt sərhədlərimizdə qoşun da toplanırdı. Eyni zamanda paralel olaraq Azərbaycanda stabilliyin pozulması üçün müxtəlif təxribatlar oldu. Izlər də Kremlə aparırdı. Ona görə Rusiya öz niyyətlərini ABŞ-ın üzərinə yıxmaq istəyir”.
V.Quluzadə hesab edir ki, bu tip bəyanatlar ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməyə xidmət edir. “Azərbaycanın ABŞ və Avropa ilə münasibətlərinin soyumasında Rusiyanın böyük rolu olub. Rusiya yaxın qonşudur. Bir sıra Azərbaycan məmurlarının Rusiya ilə əlaqələri mövcuddur. Rusiya Azərbaycanda bir neçə KIV-ə tam nəzarət edir. Ona görə Azərbaycanın Qərblə münasibətlərinin pozulmasında Rusiyanın rolu böyükdür. Kreml daim Azərbaycanı təsir dairəsində saxlamağa çalışır”, deyə V.Quluzadə vurğuladı.
Xəyal