Danimarkada 1 saat əmək fəaliyyətinə görə işçiyə orta hesabla 40,3 avro pul ödənilir
Samir Əliyev: «Azərbaycanda orta aylıq əmək haqqı rəsmi 444 manat olsa da, realda bu göstərici 200 manatdır»
Avropada ən yüksək maaşlar Danimarkadadır. Bu barədə məlumat Avropa Statistika Xidmətinin 2014-cü il üzrə açıqladığı hesabatda öz əksini tapıb. Hesabatda göstərilib ki, Danimarkada 1 saat əmək fəaliyyətinə görə işçiyə orta hesabla 40,3 avro pul ödənilir.
Avropa Birliyində hər saatına görə ödənilən ən aşağı maaş göstəricisi isə Bolqarıstanda (3,8 avro) qeydə alınıb. Bolqarıstanın göstəricisi Ümumavropa göstəricisindən (hər saata görə 24,6 avro) 6,5 dəfə aşağıdır.ÿ
Ən yüksək maaş verən Avropa ölkələrinin ilk “beşliyi”nə Belçika (39,1 avro), Isveç (37,4), Lüksemburq (35,9) və Fransa (34,6) daxildir.ÿ
Fiziki və intellektual əməyə ən az qiymət verən ölkələrə isə Bolqarıstanla yanaşı, Rumıniya (4,6 avro), Litva (6,5), Latviya (6,6) və Macarıstan (7,3) daxildir.
Maraqlıdır ki, bu mənzərə hakimiyyətin bir müddətdir apardığı siyasəti də alt-üst edir. Avropa ölkələrinin ciddi iqtisadi böhranla üz-üzə olduğunu bəyan edən hakimiyyət onu təbliğ etməyə çalışır ki, AB dövlətlərində vətəndaşların aldığı əmək haqqı olduqca aşağıdır.
Amma faktlar tam başqa mənzərəni yaradır. Ən minimal rəqəmlərlə kiçik bir hesablama aparaq. Qeyd etdiyimiz kimi AB ölkələrində ən yüksək əmək haqqı Danimarkadadır. Danimarkada 1 saat əmək fəaliyyətinə görə işçiyə orta hesabla 40,3 avro pul verilir. Ən aşağı göstərici isə Bolqarıstandadır 3.8 avro. Hazırda bir avronun 1.1317 manat olduğunu nəzərə alsaq, o zaman Bolqarıstanda orta aylıq əmək haqqının bir saat üçün təxminən 4 manat təşkil etdiyini demək olar. Bu isə o deməkdir ki, Bolqarıstanda orta aylıq əmək haqqı təxminən 768 avrodur. AB ölkələrində 8 saatlıq iş gününün olduğunu nəzərə alsaq, bu, günə 32 avro, ayda isə təxminən 24 iş günü olduğunu nəzərə alsaq, 768 avro edir. Azərbaycanda isə orta aylıq əmək haqqı 44 manatdır. Özü də onu da qeyd edək ki, bizim hesablamamız AB-da ən aşağı əmək haqqı olan Bolqarıstanın göstəriciləri əsasında aparılıb.
Danimarka ilə müqayisə daha böyük uçurumu ortaya qoyur. Bu ölkədə bir saatlıq iş 40 avrodur. Eyni hesablamanın nəticəsi göstərir ki, bu ölkədə aylıq əmək haqqı 7680 avrodur. Bütün bu hesablamalar hakimiyyətin Avropada iqtisadi durumun acınacaqlı olması ilə bağlı təbliğatı alt-üst edir. Azərbaycanda isə işçilərin saatlıq məvacibi təxminən 2.3 manatdır. Onu da qeyd edək ki, Azərbaycanda professor maaşı 240 manatdır.
Iqtisadçı Samir Əliyev bildirdi ki, Azərbaycanda minimal əmək haqqı 105, orta aylıq əmək haqqı isə 444 manatdır. S.Əliyevin sözlərinə görə, araşdırma aparılarsa, məlum olacaq ki, orta aylıq əmək haqqı reallıqda daha aşağıdır: “Median gəlirlər deyilən bir anlayış var. Bu gəlirlər əhalinin ən böyük hissəsinin gəlirlərini göstərir. Bizdə işləyənlərin 70-80 faizinin maaşı 200-300 manatdan yüksək deyil. Neft sektorunda, informasiya texnologiyaları sahəsində çalışanların maaşı yüksəkdir. Ona görə orta aylıq əmək haqqı 44 manata çatır. Müəllimlər, həkimlər ordusu var ki, onların əmək haqları kifayət qədər aşağıdır”.
Neftin qiymətinin enməsinin fonunda əmək haqlarının da azalmasının müşahidə olunduğunu deyən S.Əliyev bildirdi ki, Azərbaycanda maaşlar qiymətlərə adekvat deyil: “Gürcüstanda əmək haqqı Azərbaycandan azdır. Amma Gürcüstanda qiymətlər daha ucuzdur. Əgər neftin yüksək qiymətində Azərbaycanda maaşlar 444 manatdan yuxarı qalxmadısa, bundan sonra əmək haqqı qalxmayacaq. Əksinə, daha da aşağı düşəcək”.
Xəyal